AYƏ 56:
﴿ قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ قُل لاَّ أَتَّبِعُ أَهْوَاءكُمْ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَاْ مِنَ الْمُهْتَدِينَ ﴾
TƏRCÜMƏ:
«De: “Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur.” De: “Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram.”»
TƏFSİR:
Yersiz təmayüllərin, istəklərin cavabında aşkar şəkildə inkar cavabı vermək lazımdır.
Peyğəmbərin (s) seçdiyi mövqelər məhz ilahi vəhyə əsaslanır.
Şirkə nifrət etmək İslam əqidəsinin ayrılmaz bir hissəsidir. Şirkin kökü də həvayi-nəfsə pərəstiş etməkdir. Buna görə də İslam mübəlliği camaatın həvayi-nəfsini razı salmaq fikrində olmamalı, Allahın razılığını nəzərdə tutmalıdır.
AYƏ 57:
﴿ قُلْ إِنِّي عَلَى بَيِّنَةٍ مِّن رَّبِّي وَكَذَّبْتُم بِهِ مَا عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ إِنِ الْحُكْمُ إِلاَّ لِلّهِ يَقُصُّ الْحَقَّ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ ﴾
TƏRCÜMƏ:
«De: “Mən öz Rəbbim tərəfindən (Quran və vəhy kimi) aşkar bir dəlilə əsaslanıram və siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir və (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin və (onları bir-birindən) ayıranların ən yaxşısıdır.”»
TƏFSİR:
«Bəyyinə» kəlməsi «bəynunət» kökündə olub haqla batili bir-birindən aşkar və kamil şəkildə ayıran dəlilə deyilir.
Kafirlər deyirdilər ki, əgər doğru deyirsənsə, onda nə üçün Allahın qəzəbi bizə nazil olmur? Bu eynilə «Ənfal» surəsinin 32-ci ayəsində deyilən mətləbə bənzəyir. Onlar deyirdilər ki, əgər bu iddia düzgündürsə onda Allah bizə daş yağdırsın!
Peyğəmbərlərin möcüzə və dəlillərində nə başa düşüləsi ağır olan bir mətləb var idi, nə də müəmmalı bir şey. Camaat onların hamısını başa düşürdü. Əgər inadkar olmasaydılar cani-dildən qəbul edərdilər. Buna görə də peyğəmbərlər özlərini «bəyyinə sahibi» kimi təqdim edirdilər.
Allahdan əzabın təcili şəkildə, yubanmadan göndərməsini istəmək başqa qövmlərdə də olmuşdur. Həzrət Saleh (ə) , Hud (ə), Nuh (ə) kimi peyğəmbərlərə də deyirdilər ki, «əgər düz deyirsənsə, vədəsi verilən əzabı gətir!»20
Peyğəmbərlərin dəvət və çağırışları kor-koranə təqlid və xəyali qüvvələr əsasında deyil, aşkar “bəyyinə” əsasındadır. Peyğəmbərlər ilahi “bəyyinəyə” malik olmalıdırlar. Nəinki camaatın gündəlik tələbatları əsasında əməl etməlidirlər.
Kafirlər hansı əsasa görə Peyğəmbərin “bəyyinə”sini təkzib edərək onların həvayi-nəfsinə tabe olmasını təvəqqe edirlər? Bunlar inadkarlıq, kobudluq və həyasızlıqdan başqa bir şey ola bilərmi? Peyğəmbər həmişə məntiq və qəti dəlillər ilə yanaşı olan bir elçidir. Varlıq aləmi də Allahın əlindədir. (Belə isə, Peyğəmbərdən varlıqlarda dəyişiklik etməsini istəməyin.)
AYƏ 58:
﴿ قُل لَّوْ أَنَّ عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ وَاللّهُ أَعْلَمُ بِالظَّالِمِينَ ﴾
TƏRCÜMƏ:
«De: “Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı və mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı iş mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada və necə həlak etməli olduğunu bilir).”»
TƏFSİR:
Cəzalar Allahın əlindədir. Lakin O, Özünün yetərli hikmət və daimi sünnəsinə uyğun olaraq zalımlara möhlət verir. Camaatın bu işdə tələsməsi Allahın hikmətini dəyişdirə bilməz. Buna görə də ilahi əzabın təxirə düşməsi ilə kafirlər öz küfrlərini yaddan çıxarmamalıdır. Allah-təala zalımların halına daha agahdır və onların məsləhətinin nədə olduğunu − ilahi əzabın indimi, yoxsa sonradan nazil etməyi lazım olduğunu daha yaxşı bilir.
Dostları ilə paylaş: |