Altıncı fəsil
İnqilabdan sonra dövlət idarələrində, universitet və xəstəxanalarda dini şura və heyətlər təşkil edilməyə başladı. Bizim xəstəxanada da doktor İlyasi və başqa həmkarlarımızın təklifi ilə şura yaradıldı. Başda özüm olmaqla Qadiri xanım, Bülbülü xanım, doktor Həsəni, Əbdülbaqi və Qədiri heyətin üzvləri seçildik. Doktor Əfşarla xəstəxanada ibadət üçün namazxana və şura üçün bir otaq ayrılması barədə iclasımız oldu. Yemək salonunun yanında bizə bir otaq verdilər və onu sahmana saldıq. Qədirinin tacir tanışlarının yardımı ilə şura və namazxanaya hətta palaz, möhür və ayaqqabı şkafı kimi lazım olan avadanlığı aldıq. Namazxana hazır olduqdan sonra günorta namaza hazır olduğu səsgücləndiricidən elan edildi. O gündən sonra – rabitə bürosunda işləyən Qədiri bir ruhanini dəvət edərək – günorta namazını camaatla birgə qılırdıq. Şuranın təşkilində Qədiri, Əbdülbaqi, doktor İlyasi və doktor Həsəninin mühüm rolu oldu; əməliyyat otağının bəzi işçiləri ilə neçə xadim də şuraya seçilərək yavaş-yavaş üzvlərin sayı artdı. Seçki əsasında doktor İlyasi şuranın rəhbəri, mənimlə neçə nəfər də müavinləri olduq. Hər həftə şuranın otağında bir saat iclasımız olurdu və xəstəxananın problemləri, üzvlərin vəzifələri və sairdən danışırdıq.
İmam Xomeyninin fərmanı ilə ölkə miqyasında abadlıq işləri və məhrum məntəqələrdə lazımı şəraitin təmini məqsədilə "quruculuq cihadı komitəsi" təsis olundu. Universitetlərdə də buna bənzər tələbə cihadı və tibbi yardım heyətləri təşkil edilməyə başladı. Şuranın iclaslarında doktor İlyasi və doktor Həsəninin vasitəsilə quruculuq cihadının işləri ilə tanış olurduq. Özüm də tibbi yardım cihadına yazıldım. İdarə bizi maşın və dərman ləvazimatı ilə təmin edir, biz də hər cümə günü Tehran ətrafı məntəqələrdə könüllü fəaliyyət göstərirdik. Mən, doktor İlyasi və doktor Həsəni bu qrupun daimi üzvləri idik. Başqa həmkarlarımız da həftədə bir dəfə bu təşəbbüsdə iştirak edirdilər. Getdiyimiz qəsəbə və kəndin böyük bir evi və ya məktəbində yerləşib, haqqımızda məlumat verərək hər hansı problem və ya xəstəliklə bağlı bizə müraciət etmələrini bildirirdik. Xalq da bizi yaxşı qarşılayırdı. Özüm gedib, gözümlə görməyənədək Tehranın ətraf kəndlərində bu qədər yoxsulluğun hökm sürdüyünə inana bilməzdim. Hər halda paytaxt ətrafı kəndlərin səviyyəsi nisbətən yaxşı olmalı idi. Lakin burada bəzi kəndlərin vəziyyəti Karxana və Tuyserkandakı kəndlərdən daha pis idi. Camaatı belə fəlakət içində görərkən şah rejimindəki səltənətin təntənəli 2500 illik dünya miqyaslı yubileyi və nümayişi yadıma düşürdü. Hansı ki, Şahın 1971-ci ildə "Təxti-Cəmşid"də hədsiz dəbdəbə ilə İranın həxamənişilər sülaləsinin zamanından qacarlar dövrünədək hərbi formalarının xarici qonaqlara nümayişini xatırlayıb, içimdən alovlanırdım. Bəlkə də bu şənliklərə xərclənən büdcənin miqdarını hesablamaq olmazdı. Halbuki hansı kəndə gedirdiksə, əhali münasib yola, işığa, içməli suya, məktəbə, həkim evinə və adi hamama belə möhtac idi. Bir dəfə səfərimiz elə bir kəndə düşdü ki, yolun yarısını yüklərimizi iki uzunqulağın belinə yükləyib, piyada getməli olduq. Ümumi hamamı olan kəndlərdə də səhiyyə problemləri var idi və əksəri keçəllik, sarılıq, ağ ciyər və s. keçici xəstəliklərə mübtəla idi. Natəmizliyin əlindən işləməyə şərait yox idi. Hər halda bir təhər xəstələri müayinə edir, iynə vurur, yaralarını dezinfeksiya edib, sarıyırdıq. Bəzən də özlərinə lazım olan qədər sarğı, yod və s. ləvazimat verib, istifadə qaydalarını öyrədirdik. Bu işlərin heç birində maddi maraq yox idi və hamısı pulsuz edilirdi. Bəzən xəstənin ağır vəziyyətinə görə evinə müraciət edir, əməliyyata ehtiyacı olduqda, məktub yazıb xəstəxanaya göndərir və pulsuz müalicə edirdik.
Beləliklə, quruculuq cihadının işləri genişlənərək kəndlərə yol çəkmək, məktəb, hamam tikmək və s. xidmət mərkəzlərinin inşasına başlamışdı. Biz özümüz, adətən, axşam çağınadək xəstələrlə məşğul olar, sonra kəndin vəziyyəti ilə yaxından tanış olub, çatışmazlıqlarını yazılı surətdə cihadın mühəndis qrupuna təqdim edərdik. Bəzən bu işlər o qədər uzun çəkirdi ki, gecə saat 11-12-də evə çatırdıq. Həftədə bir dəfə də şəhərin cənubunda inqilabdan sonra quruculuq cihadı tərəfindən yeni təsis olunan klinikaya baş vurur, orada da müəyyən fəaliyyətlərimiz olurdu. Klinikanın baniləri bu müalicə müəssisəsinin pulsuz xidmət göstərməyini istəyirdilər.
1979-cu ilin yaz fəslinin axırlarında balaca bacım Xədicə də ailə qurdu və təkcə mənimlə anam birgə yaşamalı olduq.
Dostları ilə paylaş: |