Bu da həmin xütbənin bir hissədir
(Bəni-Üməyyənin xalqa hakim kəsiləcəyini, onun hakimiyyətinin tezliklə məhv olacağını xəbər verir.)
(Bəni-Üməyyə xalqa hakim kəsilib şəhərləri ələ keçirəcək, Allaha ibadət edən kişiləri öldürüb arvadlarını əsir, mallarını qarət edəcək. Onların zülmünə, sitəminə qarşı qiyam edənlər məğlub olub öldürüləcəklər.) Güman edən (zahiri görən dünyapərəst) dünyanın (dəvə bəndə bağlandığı kimi) Bəni-Üməyyənin əlinə keçdiyini, xeyrini onlara verdiyini, onları saf və təmiz suyuna saldığını, (xülasə, dünya onlara məxsusdur və başqaları ondan bəhrələnmir) qamçı və qılınclarının (onların törətdiyi qətl, qarət və cürbəcür çətinliklərin) bu ümmətin başının üstündən çəkilməyəcəyini zənn edəcək. Halbuki bunu güman edən səhv düşünmüşdür. Bəni-Üməyyənin hökuməti, dünya həyatından bəhrələnmələri azacıq dadılıb sonra (hələ içilməmiş) hamısı çölə atılan (ağızdakı) su kimidir. (Tezliklə onların zülm və sitəm əli kəsiləcək, başqaları onlara hakim olacaq, dövlətləri məhv olacaq.)
87-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatı dində ixtilafa, batil inanclara, fikirlərə etimadı tənqid etdiyi və peyğəmbərə, İmama itaət etməmələrinə görə qınadığı) xütbələrindəndir.
Böyük Allaha həmd və şükrdən, Xatəmül-ənbiyaya salamdan sonra (bilin, dünyanın adəti budur ki): Pak və münəzzəh Allah heç vaxt zəmanənin asilərini möhlət vermədən və xoş güzəran keçirmədən həlak etmədi, heç bir ümmətin (peyğəmbər ümmətinin) sümüyünün əyriliyini (yaşayışlarında) çətinlik və əziyyət olmadan düzəltmədi. (Belə isə siz də zülmkarların zülmünə dözün və Allahın onların zülmkar əlini qısaldacağı günü gözləyin.) Üz tutduğunuz (qarşılaşdığınız) çətinliklərdə, böyük işlərdə və arxada qoyduğunuz (qurtulduğunuz) çətinliklərdə ibrət vardır.1 (Lakin) hər qəlb sahibi ağıllı deyil (ki, həqiqətləri anlasın), hər qulağı olan (haqqı) eşitməz, hər baxan göz görməz (ki, ruzigarın hadisələrindən ibrət alsın).2 Dini dəlilləri bir-birinə zidd olan bu müxtəlif firqələrin səhv işlərinə və xətalarına (onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar), heç bir peyğəmbərin yolunu davam etdirməmələrinə, heç bir canişinin əməlinə tabe olmamalarına (əgər tabe olsaydılar, dinlərində ixtilaf olmazdı, ilahi əzabdan xilas olardılar), qeybə (Allaha və Qiyamət gününə) inanmamalarına, pislikdən (haram və şübhəli şeylərdən) çəkinməmələrinə necə heyrətlənməyim?!3 Şübhələrə (onlar üçün naməlum olanlara öz nadürüst rəylərinə əsasən) əməl edib nəfsi istəklərinə tabe olurlar. Onlar arasında yaxşı və bəyənilmiş özlərinin yaxşı bildikləridir, onların nəzərində pis və bəyənilməyən isə özlərinin pis hesab etdikləridir. Çətinliklərdə sığınacaqları, pənah yerləri özləridir.4 Örtülü işlərdə (ilahi elmlərdə) öz (nadürüst) rəylərini (hətta ağıla zidd olsa belə,) əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən və möhkəm dəlillərdən yapışmış İmamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır).
88-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin besətindən, cahiliyyət dövründən danışdığı və camaata moizə etdiyi) xütbələrindəndir.
Allah-təala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri peyğəmbərliyə seçdi.1 Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi.2 Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu.3 Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı.4 Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular və bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad və puçluq, yeməyi isə murdar ət idi.5 Şüarı qorxu və xof, yolları qılınc yolu idi.6 İbrət götürün, ey Allah bəndələri! Öz atalarınızın, qardaşlarınızın (indi) girov və giriftarı olduqları (qiyamət günündə) nadürüst inanclarını və çirkin əməllərini yada salın! (Ondan xilas olmaq üçün heç bir çarələri yoxdur.) Öz canıma and olsun ki, sizin zəmanənizdən onların dövranına qədər uzun vaxt ötməmişdir, sizinlə onların arasından illər, əsrlər keçməmişdir. Siz bu gün onların bellərində olduğunuz vaxtdan (o qədər də) uzaqda deyilsiniz.1 Allaha and olsun! Həzrət Peyğəmbər ata-babalarınıza mənim bu gün sizlərə xatırlatdıqlarımdan başqa bir şey eşitdirmədi. (Buna görə də Allaha, Peyğəmbərə qarşı çıxmaq üçün «bizlərə təbliğ etməyə bir kimsə yox idi» deyə bilməzsiniz.) Bu gün sizin qulaqlarınız dünən onların qulaqlarının olduğundan zəif deyil.2 O zaman onların gözləri iti deyildi və bu dövrdə sizlərə verilən ürək və gözlər kimi ürəklər verilmişdi.3 Allaha and olsun! Siz onlardan sonra onların bilmədikləri bir şeyi görüb bilmədiniz, onların məhrum olduğu, bəhrələnmədikləri bir şeyə sahib olmadınız.4 Və (bu itaətsizlik nəticəsində) bəlaya (Müaviyə və Bəni-Üməyyənin fitnə-fəsadına) ürcah oldunuz. (Bu bəla dikbaş bir dəvə kimidir ki,) cilovu cövlan edən, yüyəni boşdur (belə bir dəvəyə minən təhlükəyə yaxın olar). Günahkarların yığdıqları şey (sərvət və məqam) sizi aldatmasın. (Təsəvvür etməyin ki, həmişə belə olacaq.) Çünki o, müəyyən bir vaxta qədər düşən kölgə kimidir (həmişəlik qalmayacaq və tezilklə yox olacaq).
89-cu xütbə
İmam Əli əleyhis-salamın (Haqq-təalanın bir sıra sifətlərini zikr etdiyi, xalqa axirət səfərinə azuqə toplamağa dair nəsihət verdiyi) xütbələrindəndir.
Həmd olsun Allaha ki, gözlə görülmədən (ağılla, nişanələri vasitəsilə) tanınmışdır. (Çünki vücudu mümkün olanı gözlə görmək olar. Heç bir hədlə məhdudlaşmayan vücudu vacib olanı isə görmək olmaz.) Düşüncə və fikir işlətmədən (aləmləri) yaradandır.1 O, elə bir Allahdır ki, göylər bürclərə, mənzillərə və böyük qapıları olan hicablara (cazibə və itələmə qüvvəsinin köməyi ilə bir-birinə cəzb edilməyən atmosferdəki asılı kürələr) malik olmadığı vaxt O həmişə olmuşdur, vardır və bərqərardır. Qaranlıq gecə, sakit dəniz, enli yolları olan dağ (iki dağ arasındakı böyük dərələr), əyri-üyrülükləri olan (hər tərəfə çıxışı olan) geniş yol, döşənmiş yer üzü, güc-qüdrət sahibi məxluqun olmadığı vaxtda da (O) var idi. Odur misli və oxşarı olmayan məxluqatı yaradan (heçdən və yoxluqdan varlıq yaradan) və ixtira edən, (məhv olduqdan sonra) onların varisi, bərqərar və var olan. Odur məxluqatın mə’budu və onların ruzi verəni. Günəş və ay onun rizası ilə (iradəsinə və hikmətinə uyğun) hərəkət edir və (O) hər bir təzəni köhnəldir, hər uzağı yaxınlaşdırır. (Onların dövr etməsi ilə hər şeyin ömrü sona yetər, məhv və yox olar). Məxluqun ruzisini bölüb, nişanələrini, işlərini və nəfəslərinin sayını, gözlərinin xəyanətini (gizlincə, rəmzlə və ya işarə ilə baxmaqlarını), onların sinəsində gizlənənləri (fikirlərini, düşüncələrini), analarının bətnində yerləşdikləri və zahir olduqları (dünyaya gəldikləri) yeri, onların işlərini (əvvəldən axıra qədər onların bütün cüzi və külli halətlərini) lap sonuna qədər bilir. Odur rəhmətinin genişliyilə yanaşı düşmənlərə əzabı ağır olan və rəhməti dostlarını bürüyən Allah. (Heç bir iş onu başqa bir işdən saxlamır.) Ona qarşı çıxana qəhr edər. Onun əleyhinə olanı həlak edər, Ondan uzaqlaşanı xar edər, Onunla düşmənlik edənə qalib gələr. Ona təvəkkül edən hər kimsəni qane edər (hər kəs öz işini Ona tapşırsa, onun dünya və axirət işlərini yerinə yetirər), Ondan (bir şey) istəyənə əta edər, Ona borc verənə (Onun yolunda öz malından keçənə) Öz borcunu ödəyər.1 Ona şükr edənləri mükafatlandırar. Ey Allah bəndələri, (Axirətdə əməl tərəzisində) çəkilməmişdən qabaq özünüzü (dünyada ədalət tərəzisində) çəkin (doğru yola qədəm qoyaraq Allaha və Peyğəmbərə itaət edin). Sizinlə hesab-kitab çürüdülməmiş (çarəsiz qalmamış) özünüzdən hesab sorun (öz çirkin əməllərinizdən peşman olub tövbə edin). Boğazlarınızın yolu daralmamış və tutulmamış (ölüm yetişməmiş) nəfəs alın (nə qədər ki, sağsınız, fürsəti əldən verməyin) və sizi zorla, kobudluqla (axirətə) aparmamış müti olun. Bilin ki, özünə kömək olmayan kimsəyə öz tərəfindən öyüd verən, (günahdan) çəkindirən olmasa (Allah ona kömək etməz, ağlını «Əmmarə» nəfsinə qalib gəlmək üçün gücləndirməz), başqasından ona qadağa qoyan və nəsihətçi çıxmaz.2
II hissə
Feyzul-İslamın II hissəyə yazdığı müqəddimə
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
أَلْحَمْدُ لِلّهِ الَّذِي كَلَّتِ الْأَلْسُنُ عَنْ غايَةِ صِفَتِهِ وَ الْعُقُولُ عَنْ كُنْهِ مَعْرِفَتِهِ وَ تَواضَعَتِ الْجَبابِرَةُ لِهَيْبَتِهِ وَ عَنَتِ الْوُجُوهُ لِخَشْيَتِهِ وَ انْقادَ كُلُّ عَظيمٍ لِعَظَمَتِهِ وَ صَلاتُهُ وَ سَلامُهُ عَلى سَيِّدِنا أَشْرَفِ الْمُرْسَلِينَ وَ خاتِمِ النَّبِيِّنَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الْهادِينَ شُهَداءِ اللهِ عَلى خَلْقِهِ. اللّهُمَّ والِ مَنْ والاهُمْ وَ عادِ مَنْ عاداهُمْ وَ انْصُرْ مَنْ نَصَرَهُمْ وَاخْذُلْ مَنْ خَذَلَهُمْ وَالْعَنْ مَنْ ظَلَمَهُمْ يا سَمِيعَ الدُّعاءِ
«Nəhcül-Bəlağə» müqəddəs İslam dininin və şərafətli Cə’fəri məzhəbinin bütün həqiqətlərini ehtiva edən, bəşəriyyəti əbədi səadət və ağalığa yönəldən bir kitabdır. Bu, hədər yerə deyilmiş söz deyil və iki əsasa (əql və elmə) söykənir. Alimlər və insaf sahibləri onu mütaliə edib dərindən düşündükdən sonra bunu təsdiqləyəcəklər.
Bəndəniz bir neçə il bu yolda addımlayaraq şərafətli Seyyid Rəzinin (rizvanullah əleyh) mövla Əmirəl-mömininin (əleyhis-salam) sözlərindən toplayıb tərtib etdiyi, düzgün hərəkələnmiş səhih nüsxəsini hamının faydalana biləcəyi tərcümə və şərhlə birgə əziz dindaşlarıma, soydaşlarıma hədiyyə etmək istəmişdir. İndi bu ilahi uğur mənə də qismət olmuşdur. (Lüğətə, şərhlərə, əlyazma və çap nüsxələrinə müraciət etmək, alimlər və fəzilət sahiblərilə müzakirə aparmaqla) kitabı heç bir səhvsiz, heç bir müdaxiləsiz (çünki İmam əleyhis-salamın sözünün müqabilində heç kimin müdaxilə və söz demək haqqı yoxdur) və düzgün hərəkələnmiş şəkildə hazırladım. Bu kitabı Onun razı olduğu bir tərzdə tamamlamaq üçün Allah-təaladan uğur diləyirəm.
Dostları ilə paylaş: |