Bölmə 10. Məqsədli təyinatların fondları və vəsaitləri 24 №-li «Məqsədli təyinatların fondları və vəsaitləri» hesabı
24 №-li «Məqsədli təyinatların fondları və vəsaitləri» hesabı üzrə aşağıdakı subhesablar açıla bilər:
240 «Maddi-maraq fondu»;
241 «Əməyin ödənişlərinin vahid fondu»;
244 «Aztəminatlı ailələrin uşaqlarına verilən müavinətlərin ödənişi üçün vəsaitlər»;
245 «Dekabr ayının ikinci yarısı üçün əmək haqqını qabaqcadan ödəmək üçün bankdan alınmış vəsaitlər»;
246 «İstehsal və sosial inkişaf fondu»;
248 «Bank kreditləri»;
249 «Material və ona bərabər götürülən məsrəflər».
240 №-li «Maddi-maraq fondu» subhesabında aşağıdakılar əks etdirilir:
xüsusi tapşırıqların yerinə yetirilməsi üzrə mükafatların ödənilməsi və işçilərə maddi yardımların verilməsi üçün idarələrə daxil olan vəsaitlər;
smeta üzrə xərclənməmiş vəsait qalıqlarının idarənin tapşırıqlar üzrə məbləğlərin cari hesabında saxlanmasına icazə verildiyi hallarda həmin məbləğlər hesabına maddi maraq fonduna ayrılan məbləğlər;
elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üzrə yaradılmış maddi-maraq fondunun vəsaitləri.
Bu fonda daxil olan vəsaitlər 240 №-li subhesabın kreditində və müvafiq subhesabların debetində əks etdirilir. Ödənilmiş mükafatların da göstərilən birbaşa köməyin məbləği 240 №-li subhesabın debetində və 110 və ya 120 №-li subhesabların kreditlərində əks etdirilir.
Mədəni-marif idarələrinin (saraylar, mədəniyyət evləri, klublar, muzeylər və başqaları) işçilər üçün yaradılmış maddi maraq fondunun vəsaitləri. Mükafat fonduna hesablanmış məbləğlər qüvvədə olan qaydaya əsasən 400 №-li subhesabın debetində və 240 №-li subhesabın kreditində əks etdirilir. Mükafatlar ödənilərkən 240 №-li subhesabın debetinə və 111 və ya 120 №-li subhesabların kreditinə mühasibat yazılışı verilir;
qüvvədə olan qanunvericiliyə müvafiq olaraq digər fondların yaradılması üçün daxil olmuş vəsaitlər.
Vəsaitlər daxil olduqca 240 №-li subhesabın kreditinə və müvafiq subhesabların debetinə mühasibat yazılışı verilir.
Göstərilən fondun yaranması üçün daxil olmuş və bank idarələrində cari hesablara köçürülmüş məbləğlər 240 №-li subhesabın kreditində və 110 №-li subhesabın debetində əks etdirilir. Fondların yaradılması üçün cari büdcə hesablarından köçürülmüş məbləğlər 200 №-li subhesabın debetində və 09, 10 №-li subhesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
Yeni təsərrüfat mexanizminə keçmiş və maliyyə vəsaitlərinin vahid fondunun bölüşdürülməsinin birinci üsulunu tətbiq edən idarə və təşkilatlarda maddi həvəsləndirmə fondunun yaranmasına daxil olmuş vəsaitlər 270 №-li subhesabın debetində və 240 №-li subhesabın kreditində əks etdirilir.
Mədəni-maarif işlərinin yerinə yetirilməsinə görə mədəni-maarif idarələrində (mədəniyyət evləri, saraylar, klublar və muzeylər) daxil olan vəsaitlərdən işçilərə veriləcək mükafatlar üçün fond yaradıla bilər. Bu fonda ayırmalar hesablandıqda 400 №-li subhesabın debetində 240 №-li subhesabın kreditində əks etdirilir. Mükafatlar ödəndikdə isə 240 №-li subhesabın debetində, 111 №-li, yaxud 120 №-li subhesabın kreditində əks etdirilir.
Sair mənbələrdən digər fondlar da yaradıldıqda daxil olan məbləğlər 240 №-li subhesabın kreditində və müvafiq subhesabların debetində əks etdirilir.
Yeni təsərrüfatçılıq sisteminə keçmiş və maliyyə vəsaitlərinin vahid fondunun bölüşdürülməsinin birinci metodundan istifadə edən idarələrdə maddi maraq fonduna daxil olan məbləğlər 270 №-li subhesabın debetində və 240 №-li subhesabın kreditində əks etdirilir.
Yeni təsərrüfatçılıq sisteminə keçmiş və maliyyə vəsaitlərinin vahid fondunun bölüşdürülməsinin birinci metodundan istifadə edən idarələrdə ilin sonunda əmək ödənişlərinin vahid fonduna edilən qənaət məbləği maddi maraq fonduna yönəldildikdə 241 №-li subhesabın debetində və 240 №-li subhesabın kreditində əks etdirilir.
240 №-li subhesabın analitik uçotu çoxqrafalı kartlarda aparılır.
241 №-li «Əmək ödənişlərinin vahid fondu» subhesabında əmək ödənişləri üzrə vəsaitlər uçota alınır. 241 №-li subhesab yeni təsərrüfatçılıq şəraitində işləyən və özünü maliyyələşdirən idarələr tərəfindən tətbiq edilir.
Müəyyən edilmiş normativlər əsasında maliyyə vəsaitlərinin ümumi məbləğindən əmək ödənişlərinin vahid fondu yaradılarkən 270 №-li subhesabın debetində və 241 №-li subhesabın kreditində, yaxud yuxarı təşkilat və başqa idarə, müəssisə və təşkilatlar tərəfindən bu fonda məqsədli maliyyələşmələr şəklində pul vəsaiti köçürüldükdə isə 113 №-li subhesabın debetində və 241 №-li subhesabın kreditində mühasibat yazılışı aparılır.
214 №-li subhesabdakı faktiki xərclərdən əmək ödənişləri üzrə xərclər ilin sonunda 241 №-li subhesabın debetinə silinir.
Yeni təsərrüfatçılıq şəraitinə keçmiş və maliyyə vəsaitlərinin bölgüsünü təsərrüfatçılığın birinci üsulu ilə aparan idarələrdə əmək ödənişlərinin vahid fonduna edilən qənaət məbləğləri ilin sonunda maddi maraq fonduna yönəldildikdə 241 №-li subhesabın debetinə və 240 №-li subhesabın kreditinə yazılır.
Əmək ödənişlərinin vahid fondunun analitik uçotu çoxqrafalı kartlarda həyata keçirilir.
244 №-li «Aztəminatlı ailələrin uşaqlarına verilən müavinətlərin ödənişi üçün vəsaitlər» subhesabında əhalinin sosial müdafiəsi orqanlarında həddi-büluğa çatmayan uşaqlara müvəqqəti müavinət ödənişləri uçota alınır.
245 №-li «Dekabr ayının ikinci yarısının əmək haqqını qabaqcadan ödəmək üçün bankdan alınan vəsaitlər» subhesabında növbəti ilin təxsisatları hesabına dekabr ayının ikinci yarısına görə əmək haqqını qabaqcadan ödəmək üçün bankdan alınmış vəsaitlər əks etdirilir.
Dekabr ayının ikinci yarısına görə əmək haqqını qabaqcadan ödəmək üçün bank idarələrindən alınmış vəsaitlər 245 №-li subhesabın kreditində, 120 və ya 160 №-li subhesabın debetində (əgər idarədə ştat cədvəli üzrə kassir vəzifəsi nəzərdə tutulmayıbsa) əks etdirilir. Yeni ilin əvvəlində əmək haqqını qabaqcadan ödəmək üçün alınmış vəsaitlər 245 №-li subhesabın debetində, 09 və ya 10 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
246 №-li «İstehsal və sosial inkişaf fondu» subhesabında qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsinə yönəldilən məqsədli və təyinatlı vəsaitlər uçota alınır.
Elmi-tədqiqat idarələrində bu subhesabda təsərrüfat müqavilələri üzrə yerinə yetirilən elmi-tədqiqat işlərindən gələn gəlirlərin xərclərdən artıq olan məbləğləri, kəşflərə verilən lisenziyaların satışından, eləcə də artıq və təsərrüfatdan çıxmış avadanlığın satışından daxil olan vəsaitlərin hərəkəti uçota alınır.
Ali və orta ixtisas məktəblərində onların maddi-texniki bazasının genişləndirilməsinə və möhkəmləndirilməsinə müəyyən olunmuş qaydada daxil olan vəsaitlərin hərəkəti də 246 №-li subhesabda uçota alınır. İstehsal və sosial inkişaf fonduna daxil olan məbləğlər müvafiq subhesabların debetində və 246 №-li subhesabın kreditində kəs etdirilir.
Elmi-tədqiqat idarələrinin istehsal və sosial inkişaf fondu hesabına yeni tikintilərə, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilən məsrəflər 212 №-li subhesabda uçota alınır. İlin sonunda başa çatdırılmış və istifadəyə verilmiş tikinti obyektləri üzrə məsrəflər 246 №-li subhesabın debetində əks etdirilir.
Fondun istifadə edilməmiş qalığı növbəti ilə keçirilir. Yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarə və təşkilatlarda müəyyən olunmuş normativlər üzrə istehsal və sosial inkişaf fondu təşkil edildikdə 270 №-li subhesabın debetində və 246 №-li subhesabın kreditində əks etdirilir.
İstehsal və sosial inkişaf fondu vəsaitləri hesabına həyata keçirilən faktiki xərclər ilin sonunda 246 №-li subhesabın debeti və 214 №-li subhesabın krediti üzrə əks etdirilərək fondun azaldılmasına silinir.
İlin sonunda material və ona bərabər götürülən məsrəflər üzrə vəsaitlərin qənaət məbləğləri 249 №-li subhesabın debeti və 246 №-li subhesabın krediti üzrə əks etdirilərək istehsal və sosial inkişaf fonduna köçürülür.
246 №-li subhesabın analitik uçotu çoxqrafalı kartlarda vəsaitlərin daxil olması (təşkili) mənbələri üzrə və onların istifadə istiqamətləri üzrə aparılır.
248 №-li «Bank kreditləri» subhesabında müvafiq qanunvericiliyə uyğun olaraq maddi-texniki bazanın təşkili, genişləndirilməsi və başqa məqsədlər üçün bank idarələrindən alınmış uzunmüddətli və qısamüddətli kredit məbləğləri uçota alınır.
Alınmış uzunmüddətli və qısamüddətli bank kreditlərinin məbləği 248 №-li subhesabın kreditində, 111 və ya 113 №-li subhesabların debetində əks etdirilir.
Uzunmüddətli və qısamüddətli bank kreditlərinin hesabına maddi-texniki bazanın təşkili və genişləndirilməsi üzrə məsrəflər 111, 113 №-li subhesabların krediti, müvafiq olaraq 120, 130, 178 №-li subhesabların debeti üzrə əks etdirilir. Kreditlər mədaxil-məxaric sənədləri ilə nəzərdə tutulmuş məqsədlərə istifadə edilir.
Uzunmüddətli və qısamüddətli bank kreditləri bağlanarkən 248 №-li subhesabın debetinə, 111, 113 №-li subhesabların kreditinə mühasibat yazılışı verilir.
248 №-li subhesabın analitik uçotu kreditlərin növü üzrə və onları verən banklar üzrə çoxsütunlu kartalarda aparılır.
249 №-li «Material və ona bərabər götürülən məsrəflər» subhesabında büdcə təsnifatının maddələrindən bütün növ əmək ödənişləri və təqaüdlər çıxılmaqla qalan xərclər uçota alınır.
Kreditlərə görə ödənilmiş faiz məbləğləri və iqtisadi sanksiya şəklində ödənilmiş məbləğlər də material və ona bərabər götürülən məsrəflərin tərkibinə daxil edilir.
Yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarə və təşkilatlarda 249 №-li subhesabdan istifadə edilir.
İlin sonunda material və ona bərabər götürülmüş məsrəflər hesabına həyata keçirilən faktiki xərclər 249 №-li subhesabın debetində, 214 №-li subhesabın kreditində əks etdirilərək silinir.
Material və ona bərabər edilmiş məsrəflər üzrə (bütün növ əmək ödənişləri və təqaüdlər çıxılmaqla) vəsaitlərin qənaəti ilin sonunda istehsal və sosial inkişaf fonduna köçürülərək 249 №-li subhesabın debetinə, 246 №-li subhesabın kreditinə mühasibat yazılışı edilir.