Ciovanni verqa (İtaliya) (Tərcümə edəni: Akif ƏLİ) d I Ş İ canava r

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 231.32 Kb.
səhifə3/3
tarix21.10.2017
ölçüsü231.32 Kb.
1   2   3

3-cü şəkil

P i n a və əvvəlkilər

P i n a (utana-utana, gülümsəyərək və sanki gəldiyinə görə üzr istəyərək). Salamlar hamıya. Bayramınız mübarək... Gəldim ki sizə xoş arzularımı bildirim bayram münasibətilə... Çoxdandı sizi görmürəm...

N e l i . Tikanlı çələng barədə deyim ona?

N a n n i (əsəbi) Əşi, adama sözü neçə dəfə deyərlər?

N e l i . Ona görə soruşuram ki, budur qonağınız gəlib, bayrağı daşımağa vaxtınız olacaq?

N e n n i . Əşi, hə ey, hə, hə, bir də hə!

N e l i . Yaxşı, yaxşı, qızışma! (əlini yellədib çıxır.)

P i n a (sıxıla-sıxıla bir kənarda dayanıb). Xəstələnmişdim... Möhkəm yağış idi... Sətəlcəm oldum... Yuxarıda, şükr allaha, hər şey yaxşıdır. Əkin yerləri cücərir artıq.

N a n n i . Üzümlükdə vəziyyət necədir?

P i n a (xoş münasibəti görüb özünü ələ alır). Əladır, çox yaxşıdır. Zoğ atıb – uzun-uzun, yaxşı çubuqlar çıxıb. Bax bu uzunluqda! Mən də fikirləşirdim ki: torpaq bunların heç yadına düşmür deyəsən, gedim bir xoş xəbər aparım. (Nanninin həyəcanlandığını görüb yenə özünü itirir.) Yəni demək istəyirdim ki, gəlin köməyə, mən tək bacarmıram. O qədər alaq otu var ki! Hamısı təmizlənməli, yandırılmalıdır. Bir əllərimə baxın...

N a n n i (əhvalı pozulur). Özünüz gələnəcən, bir adamdan xəbər göndərəydiniuz.

P i n a (incimiş). Mənim gəlməyim ürəyinizcə olmadı deyəsən?

N a n n i . Yox, yəni orda, yuxarıda ev, qapı-baca yiyəsiz qaldı da.

P i n a . Mən qonşulardan xahiş elədim evə də baxsınlar, üzümlüyə də. Amma buna heç ehtiyac yoxdur. İndi hamı kəndə tökülüşüb, bayram şənliyinə. (Ətrafa göz gəızdirir.) Deyəsən siz də ora hazırlaşırdınız...

N a n n i . Bir halda ki siz gəldiniz...

P i n a . (utancaq). Əgər ürəyinizcə olmadısa, qayıdım gedim...

N a n n i . (öz-özünə deyinir). Ürəyimcə olmadısa, ürəyimcə olmadısa...

P i n a . (sanki deməyə söz tapmır). Açığı, sizi görmək istədim... dedim görüm necə yaşayırsınız. Amma deyəsən mən sizin heç yadınıza düşməmişəm. (İncimiş.) Orda ölüb qalsam da bir adam xəbər tutmaz məndən.

N a n n i . Yaxşı daha. Bir halda ki gəlmisiz... qızınıza deyərik ki... həkimə gəlmisiniz.

P i n a . (acı-acı). Mənim qızıma? Onun çox da vecinədi!

N a n n i . Yox, bu belə deyil, susun.

P i n a . (qılçalarını büküb evin artırmasında oturur, üzünü yana tutub ehmalca göz yaşlarını silir.) Mən it yerinə qalmışam... Sahibsiz tənha it...

N a n n i . Bəsdirin, az şikayət edin. Mən istəmirəm gəlib sizi bu halda görsünlər! Əgər sizi bu sifətdə görəcəklərsə, onda heç gəlməsəydiniz yaxşıydı!

P i n a (yaşlı gözlərini ona sarı qaldırır). Niyə? Axı mən sizə neyləmişəm?

N a n n i (həyəcanını büruzə verməmək üçün özünü məşğul kimi göstərib qadına tərəf baxmamağa çalışır). Heç nə...

P i n a . Mən sizə heç nə eləməmişəm... Və sizdən də heç nə istəmirəm...

N a n n i (çox həyəcanlıdır, bir anlıq diqqətlə baxdıqdan sonra qətiyyətlə qadına yaxınlaşır ). Yox! Qulaq asın! Mən bu gün kilsəyə tövbəyə getmişdim... Günahlarımı üstümdən təmizləməyə...

P i n a (itaətkarcasına fağır-fağır başını aşağı salıb əllərini yana açır). Lap yaxşı... Düz eləmisiniz... İndi nədən qorxursunuz7

N a n n i . Mən sizin qızınıza görə narahatam. Əgər o gəlib sizi burda görsə...

P i n a . Dünya dağılacaq o gəlib məni burda görsə? Məgər mən kəndə heç olmasa bayramdan-bayrama da gələ bilmərəm?

N a n n i . Bu nə bəladı? Bu nə bəladı? Siz axı səbəbini yaxşı bilirsiniz... O da gəlişinizin məqsədini gözəl bilir...

Pina sakitcə üzünü yana çevirib skamyanın üstünə atdığı

çiyin şalını götürür. Kütlənin hay-küyü eşidilir.
(qəflətən ondan yapışır.) Yox, getməyin, qalın. Qonşular sizin gəlişinizi gördü... getməyiniz lap pis olar... (Qapıya tərəf qaçıb onu taybatay açır və küçədən keçən kütləyə səslənir.) Kardillo! Gəlin bura, baxın... Necədir?

K a r d i l l o . Necədir? (Pinanı görüb heyrətlənir.) A, Pina! Bağışlayın, bağışlayın... (Çıxmaq istəyir.)

N a n n i . Gicsən? Hara? Mən özüm çağırmışam səni!..

K a r d i l l o (şübhəli-şübhəli gah ona, gah Pinaya baxır). Gic?! Qoy olum gic! Bu gün gicbəsər olmaq yaxşıdır! Özü də belə bir gündə... bu günkü gündə!



K ü ç ə d ə n s ə s l ə r e ş i d i l i r . - Mələklər!

  • Odur, mələklər gəlir!

  • Madonnaya eşq olsun!

K a r d i l l o (əsəbi). Heç olmasa o qapıları bağlayın! (Çıxmaq istəyəndə qapıda Qrasiya ilə rastlaşır.)

Q r a s i y a . Nanni kirvə, bəs siz niyə getmirsiniz? (Pinanı görüb heyrətlənir; səsinin tonunu dəyişir). Aa, sizsiniz?! (Soyuq tərzdə.) Salam, Pina.

P i n a (utancaq və ürkək halda). Salam.

Q r a s i y a (çəkinə-çəkinə Nanniyə müraciətlə). Məni sizin arxanızca göndərdi sizin arvadınız... Amma qoy gedim deyim ki bir az gözləsin. (Getmək istəyir.)

N a n n i . Yox, bura baxın, eşidirsiz...

Q r a s i y a . Üzr istəyirəm, mən getməliyəm (Tələsik çıxır.)

K a r d i l l o . Siz İsus Xristosa qarşı nankorluq etmiş ən böyük günahkar haqqında eşitmisiniz? Və bilirsinizmi o, Allahın qarşısında dayananda Kitabda bu barədə nə yazılıb?.. Nə isə, bəsdir! Yaxşısı budur daha danışmayım!.. Özü də bu gün müqəddəs cümə günüdür! Belə yazılıb: “Hələ bu bəs deyilmiş kimi mənim oğlumun bədəninə mıx da çalmısınız? Dedi ona Yaradan...” Xuda sizi hifz eləsin, mən getdim! (Qapını zərblə çırpıb çıxır.)

N a n n i (özündə deyil). Bax gördünüzmü? Hamı belə düşünür!

Pina tərpənməz qalaraq nə deyəcəyini bilmir.

Söz də tapmırsınız deməyə.

P i n a (gözlərindən yaş axır). Mən nə deyim axı?!

N a n n i (çox həyəcanlıdır, yumruqlarını düyünləib asta səslə danışır). İstəyirsiniz mən sizə deyim? Mən xəstə olanda... ölüm ayağında olanda... Mənə Allahın bir qurtum suyunu verən də yox idi. (Qəflətən açılır.) Mən ölümü öz gözlərimlə gördüm, o dünyaya getdim qayıtdım, başa düşürsünüz!

P i n a (bütün bədəni əsir, geri-geri addımlayır). Deyin... Mən indi nə etməliyəm?

N a n n i (həyəcanla səhnədə var-gəl edir). Niyə bura gəlmisiniz? Niyə?

P i n a (gözü yaşlıdır). Necə niyə? Mən axı sizə nə etmişəm?

N a n n i . Siz mənə nə etmisiz? Nə etmisiz? Siz məni yoldan çıxarırsınız!

P i n a (ümidsiz halda donub qalır, göz yaşlarından boğula-boğula anlaşılmaz danışır). Bura baxın bir... Bəs siz mənə neyləmisiniz? Bilirsiniz? Yox, bilmirsiniz, çünki mən susuram. Siz ancaq mənim deyib-gülməyimi görmüsünüz, amma qəlbimdən axan qara qanları görməmisiniz, çünki görə bilməmisiniz!

N a n n i . Xeyr, görmüşəm, görürəm. Elə məni məhv edən də odur ki, hər şeyi görürəm! Sizin qızınız da bunu görür. Baxın nəyə oxşayır: bir dəri - bir sümük qalıb. O görür, danışmır, susur və əzab çəkir. Mən hər gecə yatandan sonra onun necə sızladığını eşidirəm.... Siz buna nailsiniz! Sizə görədir bütün bu əzablar! O mənə baxıb əzab çəkərək susmaqdansa, ürəyimə bir bıçaq saplasaydı rahat olardım!

P i n a (qaşqabaqlı halda nəzərlərini yana dikir). Bəs bilmirsən heç mənə necə baxır! O sənin uşağına döşündən süd verir! Mənim gözlərimin önündə! (Sanki səsi batır). Mən sizin zifaf gecəsində öz əllərimlə sizə yorğan-döşək saldım...

4-cü şəkil

M a r a və həminkilər.

M a r a (həyəcanlı halda tələm-tələsik gəlir). Aha, demək düz deyiblər! Siz burdasınız?

P i n a . Hə, gəlmişəm sizinlə görüşəm, baxam necə yaşayırsınız...

M a r a (əyilib anasının əlindən öpür, gözləri yaşarır). Necə yaşayacağıq ki... gördüyünüz kimi... lap yaxşı. ( gözü yaşlı halda Nanniyə tərəf) Demək bununçün siz gəlib mələk kimi bəzəndirdiyimiz oğlunuza baxmadınız mərasim öncəsi?..

P i n a . Demək bunun günahı məndədir... Mən gəldim deyə, eləmi?

N a n n i . Yox, yox, yaxşı eləyib gəlmisiniz.

M a r a . Hə, siz bu evin sahibisiniz, yaxşı eləyib gəlmisiniz.

Qısa pauza. Hamısı pərt halda susur.

P i n a . Üzümlüyü belləmək lazımdır. Bunu deməyə gəlmişəm.

N a n n i . Yaxşı, bazar ertəsi gedərik.

M a r a . Demək siz onu aparmağa gəlmisiniz?

P i n a . Mənim tək gücüm çatmaz. Bilirsən nə boyda ot qalxıb. Yağışlar başlayana kimi təmizləməsək, alaq otları məhsulu zay edəcək.

M a r a (qəflətən dözməyərək bağırır). Bu evdə onsuz da yağış da var, tufan da, ana!

P i n a . Mənə görəmi?

N a n n i . Yox e, siz nə danışırsınız...

P i n a . Mən nə mümkündür edirəm. Mən sizin torpaqda bütün zəhmətə qatlaşıram... yağışda da, çiskində də... Mən sizin havayı çörəyinizi yemirəm.

Mara heç nə demir, önlüyün ətəyi ilə gözünü silə-silə ağlayır.

N a n n i (hirsli). Hə, yaxşı, bəsdir...

M a r a . Mən sizə heç nə demirəm... Ağlayıram da özümçün.

P i n a (acı-acı). Hə, bəzən sözlər də artıq olur.

N a n n i (Maraya). İstəyirsən sən də gedək üzüm bağına, bizə kömək edərsən.

M a r a . Mən orda neyləyəcəm ki? Mən orda sizə lazım deyiləm!.. Əlimdən bir iş gəlmir... (qarnına işarə edir) bu vəziyyətdə! Allah mənə cəza verib!

P i n a . Eh, sən buna Allahın cəzası kimi baxırsan?

M a r a (dözmür). Siz niyə hər şeyi mənim üstümə atırsınız? Onda elə birdəfəlik Allahı günahlandırın da! Ya da ən yaxşısı özünüzü günahlandırın ki, məni ərə vermək arzusuna düşdünüz!

P i n a . Aha, bu da sənin mənə çoxsağolun! Yaxşı qiymət verirsən mənə!

M a r a (çox həyəcanlıdır, yaşlı gözlərindən alov çıxır). Bəs nə əmr edərdiniz mənə? Yoxsa istərdiniz ki müqəddəs İsanın dəfn olunduğu günü qeyd etdiyimiz bu cümə mərasimində qol qaldırım oynayım?!

N a n n i . Bəsdirin, dalaşmayın (Pinanın qolundan tutur.) Yaxşısı budur gəlin gedək nəvənizə baxın.

M a r a (daha dözə bilmir). Mənim oğlumda işiniz olmasın! Mənim yazıq balam!..

P i n a . Yoxsa qorxursan oğlunu yeyərəm?

M a r a . Siz onu niyə yeməlisiniz ki? Məgər o sizin qanınızdan gəlmir? Məgər indi də yazıq xristianlar bir-birini yeməyə başlayıb?

N a n n i (Maraya acıqlanır). Kəsəcəksən səsini, ya yox? Aman Allah...

M a r a (başınlı aşağı əyib acı-acı deyir). Vurun! Məni vurmaq istəyirsiniz – vurun... Əgər hesab edirsiniz ki mən buna layiqəm – vurun...

P i n a . Bəzən söz zərbəsi daha güclü olur. Bax sənin gücün bundadır. Sənin sözlərin xəncərdən betərdir!

N a n n i (özünü güclə saxlayıb xaç çevirir). Lənət şeytana! Rədd ol, adamı yoldan çıxaran pislik!

M a r a . Siz mənə deyirsiniz? Mən rədd olum? Mən sizi tərk edim?!

N a n n i . Yox, mən gedərəm! Rədd olaram! Lənətə gəlmiş! Bu evdə haçan ana ilə qız bir yerə düşür, dərhal aləm cəhənnəmə dönür! (dəli kimi qaçıb gedir.)



5-ci şəkil

M a r a və P i n a .

Ana ilə qızı özlərini itirmiş, bənizləri ağappaq ağarmış

halda bir neçə dəqiqə dinməzcə bir-birlərinə baxırlar.
P i n a . Hə, indi razı qaldın? Çoxmu məmnunsan?

Mara diqqətlə onun gözlərinə baxaraq susur.

Belə çıxır ki, guya mən bu gün sizin evə dilənməyə gəlmişəm! Səndən və ərindən dilənçi payı umuram?



Mara əvvəlki kimi qaşqabaqlı halda başını aşağı salıb susur.

Özü də sən məndən hər şeyimi alandan sonra?! Nəyim varsa dartıb əlimdən alandan sonra!.. Bütün varımı-yoxumu, hər şeyimi!

M a r a (əli ilə üzünü tutub arxasını ona çevirir, kəskin halda). Ana! Heç olmasa bu müqəddəs gündə məni sakit burax!

P i n a . Mənim səninlə işim yoxdur. İstəyirsən səni sakit buraxım və çəkilib gedim? İstəyirsən mənim ayağım bir də sənin evinə dəyməsin, özümün bağışladığım bu evə?

M a r a . Siz bu evi mənə ona görə vermisiniz ki, mən burda ocaq üstündə yavaş-yavaş yanıb kül olum! Ömürlük, əbədi əzaba düçar etmisiniz məni burda!

P i n a . Mən sənə hər şey vermişəm! Sən mənim bütün varımı-yoxumu alıb aparmısan!

M a r a (üzünü ona tərəf çevirir, səsi titrəyir, gözləri qızdırmalı kimi yanır). Susun! Nolar susun!

P i n a . Onda sən danış! Boşalt ürəyini!

M a r a (ümidsiz halda saçını yola-yola səhnədə o tərəf-bu tərəfə qaçır). Ay Allah, sən mənə kömək ol, aman Tanrım, məni bu əzablardan, bu dəhşətli bəladan qurtar!

P i n a . Öz cəzandır... Sus, heç olmasa danışma! Müqəddəslərdə işin olmasın! Mən onlara o qədər dua etmişəm ki! Amma orda, yuxarıda eşidən olmayıb!

M a r a (dözmür). Hə, indi də müqəddəslər taqsırkar çıxdı?! Səni görüm lənətə gələsən!

P i n a . Bax, gördün ağzının zəhərli seliyini necə dağıtdın? Mən çoxdan fikir vermişəm... Sənin hər sözün bir zəhər tuluğudur!

M a r a . Onu siz etmisiniz, siz məni zəhərləmisiniz, siz bax burama zəhər töküb məni məhv eləmisiniz!

P i n a (dəli kimi onun üstünə atılır; kal səslə deyir). Onda mənim bu sarsaq başımı sən özün öz əllərinlə əz! Axı əsil məkrli əfi ilan mənəm, mən! Əz, sonra da get kilsəyə... günahlarının bağışlanmasını istə.

M a r a . Məlun! Lənətə gəlmiş! Sən bax busan!

P i n a . Sus!

M a r a . Oğrusan! Oğru!

P i n a . Sus dedim!

M a r a . Oğrusan! Sən gəlmisən mənim rahatlığımı, dincliyimi oğurlamağa! Qəddar zalım yırtıcı!

P i n a. (əsil yaralı vəhşi heyvan kimi bağırır). Ah, belə?! Belə!!!



6-cı şəkil

Qrasiya və Liya küçədən Pina ilə Maranın qışqırtısına qaçıb gəlirlər.

Q r a s i y a . Nolub, nolub? Ev uçdu?

M a r a . Bəli, evim uçdu, məhv oldum! Allahın lənəti vurdu bizi!

L i y a . Mara, sakit olun, özünüzü ələ alın! Camaat gülər sizə!

P i n a . Bunlar ər-arvad ikisi də indi mənə təpik atırlar, gözümçıxdıya salıblar!

Q r a s i y a . Siz qabaqcadan həll edə bilmirdiniz mübahisənizi? Gərək elə indi mərasim başlayanda siz də başlayaydınız?

P i n a . Bunlar məni qovur! Mənim hər şeyimi əlimdən alıb, məni quru yurdda qoyandan sonra, indi qovurlar! Guya mən onların havayı çörəyini yeyirəm elə bil, müftəxoram!

M a r a . Yox, siz müftəxor deyilsiniz, yox... Siz mənim qanımı içirsiniz, qanımı!

L i y a . Siz heç olmasa susun. Bu axı sizin ananızdır? Qurtarın davanı!

Q r a s i y a . Bəsdir! Qurtarın bu biabırçılığı!

B r u n o (gəlir). Səsiniz küçəni bürüyüb, hətta kilsə xorunun səsini də batırır! Burda nə tamaşa göstərirsiniz? Bir az da davam etsəniz, hamı mərasimi qoyub bura qaçacaq.

P i n a . Hə, tez yüyürün! Karabiner də çağırın məni tutsunlar!

M a r a . Sənin ağzını yuman gərəkdir! Əl-qolunu bağlayıb meydanda hamıya göstərmək lazımdlır!

L i y a . Siz nələr danışırsınız, Mara? Bu sizin ananızdır!

M a r a . Ürəyim partlayacaq indi, bütün içim qaynayır!

Q r a s i y a . Gəlin gedək, Pina, siz axı ağıllısınız. Bu müqəddəs gündə günaha batmaq lazım deyil...

P i n a . Mən niyə gedirəm? Mən öz evimdəyəm!

M a r a . Qal ! Mən gedərəm! Həmişəlik! Birdəfəlik gedərəm! Bu lənətlənmiş ev sizə qalsın!

P i n a (hədələyir). Get, get! Mənim baş-beynimi xarab eləmə! Hövsələdən çıxartma məni...

B r u n o (onların arasına girir). Siz nə edirsiniz?



7-ci şəkil
Dava-dalaş səsinə N a n n i küçədən qaçıb gəlir, onun arxasınca

K a r d i l l o, F i l o m e n a , M a l e r b a , N e l i də gəlirlər. Əvvəlkilər.
N a n n i (hirsindən P i n a n ı və M a r a n ı vurmağa başlayır). Al! Al, bu sənə! Sənə də! Alın! Nə səs-səsə vermisiniz? Bütün kənd bizdən danışır!

N e l i . Vəssalam, əlvida bayraq!

M a l e r b a (həmişəki kimi, bir qədər lağla hamını sakitləşdirib barışdırmaq istəyir). Əşi mərasim keçdi e! Odur keçdi getdi camaat!

B r u n o . Nanni, bəsdir!

K a r d i l l o . Ay balam siz elə bil heç xrisitian-zad deyilsiniz, vəhşisiniz.

F i l o m e n a . Qulaq asın bir! Sizin dava-dalaşın səsi bütün kəndə yayıldı axı? Bu biabırçılığı qurtarın!

N a n n i . Deyirəm də, mən kənddə dillər əzbəri olmuşam. Dincəldiniz?

Q r a s i y a (Pinanın qanını üzündən silməyə kömək edir). Baxım... Sil... Burda da qaldı qan... Buranı da sil...

P i n a . Eybi yox... eybi yox, qoy olsun...

M a l e r b a . Əşi, o eşşək sığalıdır, fikir vermə. Demək eşşəyin sığalından xoşhallanır da arvad...

N a n n i (hirslə Malerbanı itələyir). Cəhənnəm ol! İndi birini də sənə ilişdirərəm!

Q r a s i y a (Pinanı kənara çəkir). Gəlin gedək, gedək. (Liya və Filomena ilə birlikdə çıxırlar).

K a r d i l l o (Bruno ilə birgə çıxırlar). Vəhşidirlər bunlar, ə! Vəhşi tayfadan pisdir bunlar, Allah sən saxla!

M a r a (ağlaya-ağlaya Nanniyə tərəf baxır, getmək istəyir). Gör məni nə günə salmısınız! Allah cəzanızı versin, özünüz bilin, siz bilərsiniz, o bilər!

N a n n i . Kəs! Heç olmasa sən məni danlama!

M a r a . Buna bax bir! Onun gözünün qarşısında döydünüz məni. İndi anam çox məmnun qalar!

N a n n i . Səni də, sənin ananı da... qəhr olsun! Yığdınız boğaza!

M a r a . Lənətə gəlmiş! İkiniz də lənətlənmiş məxluqsunuz!

N a n n i . Bəsdir, mənə olan sevginin naminə! Əlbəttə, əgər həqiqətən məni sevirsənsə!

M a r a . Ona görə ayağınızın altına salıb tapdalayırsınız? Bilirsiniz ki, sizi sevirəm, mənimlə belə rəftar edirsiniz! İstəyirsiniz əlacım kəsilsin, yıxılım ölüm.

N a n n i (yalvarışla). Qulaq as, Mara, eşit bir nə deyirəm...

M a r a . Yırtıcı! Əliniz necə qalxdı? Axı mən qarnımda sizin uşağınızı gəzdirirəm! Axı siz bir zamanlar uşaq gəlib əlinizi öpmək istəyəndə onun üzünə necə baxacaqsınız?

N a n n i . Qulaq as! Bəsdir məni sökdün! Az təpiklə! Sənin hər sözün axı xəncər kimi ürəyimə saplanır, bilirsən! Mən sənin o lənətə gəlmiş ananın gözü qarşısında səndən üzr istəyəcəm!

M a r a . İnanmıram sizə! Mən daha sizə inanmıram! Axı necə inana bilərəm?! Axı sizin əməlinizi öz gözlərimlə gördüm! Sizin sifətiniz heç bilirsiniz necə idi! Sizin də, o lənətə gəlmiş arvadın da! Mənim anamın! Siz yoxsa elə güman edirsiniz mən koram? Mən bilmirəm niyə kilsəyə gedib tövbə etmisiniz? Yaxşı bilirəm nəyə görə...

N a n n i . (özünü itirir, əli ilə onun ağzını yummaq istəyir) . Bəsdir, bəsdir!

8-ci şəkil

Y a n u k i r v ə və əvvəlkilər.

Y a n u . Vəhşilikdir! Vəhşidən betərdilər bunlar!

N a n n i (qəzəbli və pərtdir). Mənlik bir şey yoxdur! Təqsir onlardadır! Onlara görə belə oldu! Məni hər dəliliyə məcbur edirlər!

M a r a (hönkürür). Yanu kirvə, hər şey bitdi! Qurtardı! Mən daha bu evdə qala bilmərəm!

Y a n u . Yox, qulaq asın mənə! Heç olmasa siz ağıllı olun.

M a r a . Daha burda yaşaya bilmərəm! Uşağı da götürüb gedəcəm... Ah yazıq yetim balam!

N a n n i (əlacsız). Qoy hara gedir getsin, Yanu kirvə. Belə daha yaxşı olar, qoy getsin!

M a r a (ağlaya-ağlaya qapıya doğru gedir, ordan Nanniyə tərəf dönür). Bax bilin ki siz öz uşağınızı yetim etdiniz, onu taleyin ümidinə buraxdınız! (Çıxır).

Y a n u . (Nanniyə). Sən lap quldursan ki! Dar ağacı sənin üçün ağlayır!

N a n n i . Bunu düz dediniz, asmaq lazımdır məni.

Y a n u . Əvvəla buna görə! Sonra da: istəmisən o birisini də yoxlayasan, ona görə də.

N a n n i . Xeyr! Yalandır! Hamısı dedi-qodudur. Dillərini kəsmək lazımdır!

Y a n u . Yox bir, yəni bütün kənd qeybətcil oldu? Gördün, sənin öz arvadın da eyni şeyi dedi!

N a n n i . Mənim arvadım dəlidir! Onu tutub zəncirləmək lazımdır! Onun beyninə Allah bilir nələr dolub!

Y a n u . Hə, beyninə o dolub ki, əri – vəhşidir. Bəli, sən vəhşi heyvansan!

N a n n i . Haqlısınız – mən heyvanam!

Y a n u . Əlbəttə haqlıyam! Heyvanlar üçün də bir alət var – çomaq.

N a n n i (özündən çıxır). Sənin çomağından canımı qurtara bilərəm. Amma o lənətə gəlmiş qadından heç cür canımı qurtara bilmirəm! Mən heç üzüm bağıma da getmirəm ki, onunla rastlaşmayım!...

Y a n u . Axı sənin beynində ilan-qurbağa yoxdursa, nədən qorxursan?

N a n n i (öz-özünə deyinir). Nədən qorxursan... nədən qorxursan...

Y a n u (ciddi). Gördün ki?!

N a n n i (bərk həyəcanlanır). Axı siz bilirsiniz o necə qadındır, bilirsiniz ona nə ləğəb qoyublar! Nə bəla olduğunu yaxşı bilirsiniz! Axı o qadın istədiyi vaxt və istədiyi cür sizi məhv edə bilər!

Y a n u . Bax, görürsən? Bax elə indinin özündə də! Gör sən onun haqqında necə danışırsan!

N a n n i . Lənət şeytana! Axı mən necə danışıram? Mən nə etməliyəm?

Y a n u . Sən onunla qəti danışmalısan. Birdəfəlik deməlisən ki səndən əl çəksin, rahat buraxsın səni.

N a n n i . Mən nə edə bilərəm? Bura onun evidir və o öz evinin də ağasıdır... Adam evinə gəlirsə, qapını üzünə necə bağlaya bilərəm?

Y a n u . Qaytar onun evini özünə. Burda ya sən qalmalısan, ya o. Ya o getməlidir, ya sən.

N a n n i . Hara gedim mən?

Y a n u . Nə bilim, uzağa, kəndin içinə.

N a n n i . Kəndin? Demək asandır. Eh, Yanu kirvə, siz heç nə bilmirsiniz! Dalımca gəlib orda da ətrafıma fırlanacaq, onda? Dağı, dərəni gəzəcək... Burdakından da pis olacaq! Yan-yörəmdə gəzib baş-beynimi aparacaq ki, guya alaq otlarını vurmaq üçün mütləq bağa getməliyik... O qadın əsil dişi canavar kimidir... (özündən çıxır.) Uzaqdan əlimi uzadıb onu kötəkliyəsi deyiləm ki!

Y a n u . Onda bilirsən nə lazımdır sənə? Nəyin var sat, arvad-uşağını da götür, get.

N a n n i . Mən heç nəyi sata bilmərəm. Bu gördüklərin hamısı arvadın cer-cehizidir. (bərk həyəcanlı halda.) Mən ağzımda sizə deyirəm ki əlim-qolum bağlanıb, inanmırsınız! Bir əlac var – bu zəncirləri qırıb atmaq ki canım qurtulsun.

9-cu şəkil

P i n a və əvvəlkilər.

N a n n i . Gördünüz? Siz özünüz gördünüz ki, Yanu kirvə.

Y a n u . Sakit, sakit.

N a n n i . Yaxşı özününüz gördünüz. Bax yenə gəldi! O məni cinayətkar edib sürgünə göndərməyincə sakitləşməyəcək!

Y a n u . Xahiş edirəm şivən salma, sürgün söhbətini də qoy kənara. Həmişə hər vəziyyətdən çıxış yolu var. Kirvəciyim Pina xanım, siz belə bir atalar sözü eşitmisiniz: “Ərlə-arvadın torpağı bir yerdən götürülər”. Bunlarla işiniz olmasın daa...

P i n a . Anlamadım, onlarla kimin nə işi? Mən onlara neyləyirəm ki?

Y a n u . Neyləyirsiniz... Heç nə eləmirsiniz... Əlinizdən bir yaxşılıq da gəlmir axı... Siz bu evə ayaq basan kimi – ev cəhənnəmə dönür.

P i n a (qızdırmalı adamlar kimi gözlərini silir). Onlar məni qovur evdən. Mən kasıblayan kimi mənə şıllaq atdılar.

Y a n u . Siz də yaşamalasınız axı? Və bu çox haqlı istəkdir. Hər şeyi yoluna qoymaq olar... ancaq bir şərtlə ki, gərək ayrı yaşayasınız, yəni siz bir yerdə, onlar başqa yerdə... Əzizim mənim gözəl xanım. Məgər dünyada başqa kişi yoxdur? Var axı!

P i n a . Siz necə də ədalətli adamsınız, Yanu kirvə. Mən həqiqətən buna layiqəm.

Y a n u . Əlbəttə layiqsiniz... Elin sözü düz olar... Camaat eşitdiyini danışır. Bəlkə də siz haçansa törətdiyiniz bir günah əmələ görə cəzalanırsınız... bəlkə də bunlar hamısı dedi-qodudur, şaiyədir, qiybətdir, yalandır... Amma o acı dilləri yummaq lazımdır. Sizin kürəkəniniz tövbə edib, günahlarından təmizlənib, onu rahat buraxın, təzədən günaha batırmayın onu.

Pauza. Nanni və Pina başlarını aşağı salıb susublar.

(Nanniyə). Eşitdin? İndi gedim o birisi tərəflə də məsələni həll edim və sənin arvadını evə gətirim. Siz də əminəm ki hər şeyi başa düşdünüz, Pina. Allahın ətəyindən yapışıb gedin öz işlərinizin dalınca və çalışın, əgər bacarsanız əlbəttə, siz də günahlarınızdan təmizlənin. (Gedir.)


10-cu və Sonuncu şəkil

N a n n i və P i n a

P i n a (bikef halda sanki öz-özünə danışır). Mənim kimi anaya bəraət yoxdur.

N a n n i . Gedin, çıxın gedin nəhayət.

P i n a (əsəbiləşir, acıyır). Başqa mahnı bilmirsiniz deyəsən.

N a n n i (getdikcə daha çox həyəcanlanır). Mən bunu dəfələrlə sizə demişəm, amma çifayda!

P i n a . Əgər görürsünüzsə faydası yoxdur, niyə hey təkrarlayırsınız?

N a n n i (əsəbi). Çünki bu işi qurtarmaq istəyirəm. Birdəfəlik! Bu cəhənnəm əzabından qurtulmaq istəyirəm!

P i n a (sarkazmla). Siz ki tövbə edib günahlarınızdan qurtulmusunuz. Daha nədən qorxursunuz?

N a n n i . Sizdən qorxuram. Sizin sifətinizdə şeytan tükü var. Siz məni tilsimləmisiniz. İndi də yenə yoldan çıxartmağa gəlmisiniz məni!

P i n a (ciddi və ötkəm görkəmlə, Nanniyə baxmadan quyudan su çəkməklə məşğuldur). Mən bayrama gəlmişəm. Mən də xristianam.

N a n n i (əsəbiliklə onun qolundan yapışır). Siz, siz?

P i n a (qolunu dartır). Qoyun üzümü yuyum. Bayram paltarımı cırmayın!

N a n n i . Mən sizə bayramı göstərərəm! Mən indi göstərərm sizə bayram necə olur!

P i n a . Cəsarətiniz çatmaz! Kaş ki çataydı!

N a n n i . Lənət şeytana, şeytana lənət...

P i n a (diqqətlə onun üzünə baxıb çarəsiz və qəmli halda deyir). Sən ancaq adamların ağlını başından almağa qadirsən! Amma adamı bir zərbə ilə əzablardan xilas etməyə sənin cəsarətin çatmaz.

N a n n i . Lənətlənmisən sən! Başdan ayağa lənətlisən!

P i n a . Elə bilirsən mən özüm bunu bilmirəm? Mənim kimi ananı diri-diri yandırmaq lazımdır! Doğrayıb itlərə atmaq lazımdır! Əslində sən məni cəhənnəmə sürükləmisən! Yapış indi saçlarımdan! Dəli kimi yapış məndən!.. Həyasızcasına hələ bir tövbəyə də getmisən... İblis sənsən, sənsən iblis!

N a n n i (qudurğan kimi baltanı qaldırır). Aha. Demək belə! Mən bu əlaqəni kəsərəm!

P i n a (ona tərəf dönüb sinəsini açır, çılpaq döşlərini göstərərək sanki acıq verir). Vur! Öldür məni! Hə, öz əllərinlə!

N a n n i (onu talvarın altına doğru itələyir, dəhşət və qəzəb dolu gözləri parlayır; ölüm saçan qorxunc baltanı havada yellədir; ağzından köpük daşa-daşa bağırır). Ah, ah... İblisin biri iblis! Siz iblissiniz!..

1896.


--------------------------------------



Ciovanni Verqa (2 sentyabr 1840 – 27 yanvar 1922, Kataniya)  —İtalyan realist yazıçısı, Siciliya həyatından bəhs edən əsərləri ilə məşhurdur. Bir çox kitabların müəllifidir, xüsusən, “Malavolya ailəsi” romanı və “Tarlada keçən ömür” hekayələr toplusu ədibə məşhurluq gətirib. Kataniya şəhər meydanında C.Verqanını adının əbədiləşdirilməsi üçün əsərlərinini personajlarından ibarət abidə qoyulub. 1948-ci ildə məşhur italyan kinorejissoru Lukino Viskonti C.Verqanın romanı əsasında “Yer ayaq altından qaçır” («Земля дрожит») filmini ekranlaşdırıb. Azərbaycan dilinə ilk dəfə tərcümə olunur.
03 03 2014




Dostları ilə paylaş:
1   2   3
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə