Xeyir və Şər
Şəhərin ağsaqqallarından biri soruşdu: “Xeyir və Şərdən danış bizə”.
O, cavab verdi:
«Mən sizdəki xeyirdən danışa bilərəm, şərdən deyil.
Zira, şər – öz aclıq və susuzluğundan əziyyət çəkən xeyirdən başqa nədir ki?
Həqiqətən, xeyir ac olanda qidanı hətta qaranlıq mağaralarda belə axtarmağa hazırdır. O, susuzluqdan yananda iylənmiş sudan belə içməyə çəkinməz.
Siz özünüzlə vəhdətdə olanda xeyirsiniz.
Lakin özünüzlə vəhdətdə olmayanda da, sizə şər demək olmaz.
Zira, bölünmüş ev – hələ oğru yuvası demək deyil, sadəcə bölünmüş evdir.
Sükansız gəminin də təhlükəli adalar arasında məqsədsiz şəkildə üzməsi hələ onun batması demək deyil.
Siz özünüzdən verməyə hazır olanda xeyirsiniz.
Lakin özünüz üçün fayda gəzəndə belə şər deyilsiniz.
Zira, siz fayda gəzəndə torpağın dərinliyinə işləyən və onun döşünü əmən köklərdən başqa bir şey deyilsiniz.
Əlbəttə, meyvə kökə deməyəcək: “Mənim kimi ol – yetişmiş və şirəli, daim öz bolluğu ilə bölüşən”.
Zira, meyvə üçün vermək bir tələbat olduğu kimi, kök üçün də almaq elə bir tələbatdır.
Ayıq danışanda siz – xeyirsiniz.
Lakin yuxulu-yuxulu boşboğazlıq edəndə də siz – şər deyilsiniz.
Zira, hətta kəkələmək belə dilinizi möhkəmləndirə bilər.
Öz məqsədinə doğru inamlı addımlarla yeriyəndə, siz – xeyirsiniz.
Lakin ona doğru axsaya-axsaya gedəndə də siz – şər deyilsiniz.
Çünki hətta axsayanlar belə geriyə getmirlər.
Lakin, ey güclü və sürətlilər, diqqətli olun ki, şikəst yanında xeyirxahlıq edirmişsiniz kimi axsamayasınız.
Sonsuz üsullarla siz – xeyirsiniz, lakin xeyir olmayanda belə – şər deyilsiniz siz.
Sadəcə bir qədər astagəl və tənbəlsiniz.
Heyf ki, marallar tısbağalara cəldlik öyrədə bilməzlər.
Sizin böyük Məninizə doğru həsrətinizdə böyük xeyir vardır. Bu həsrət hamınıza xasdır.
Lakin bəzilərinizdə bu həsrət dənizə doğru tələsən və özü ilə qayaların sirlərini və meşənin nəğmələrini aparan gur seli xatırladır.
Bəzilərinizdə isə bu – zəif arx kimidir. Döngə və dalanlarda azan və dənizə yetişməmiş tükənən arx.
Lakin qoy, həsrəti güclü olan həsrəti zəif olana deməsin: “Sən niyə belə ləng və tərəddüdlüsən?”
Zira, əsl xeyirxah adam çılpaqdan: “Sənin paltarın hardadı ki?”, yaxud evsizdən “Nə oldu sənin evinə?” – deyə soruşmaz».
Dua
Sonra kahinə xahiş elədi: “Bizə Duadan danış”.
Cavabında o söylədi:
«Siz dərddə və möhnətdə olanda dua edirsiniz;
Kaş ki, siz sevinc və bolluq içində olanda da dua edə biləydiniz.
Zira, dua sizin canlı efirə yayılmanızdır.
Əgər qəlbinizin zülmətini fəzaya boşaltmaqda bir yüngüllük tapırsınızsa, ürəyinizin şəfəqini saçmaqda da böyük sevinc vardır sizin üçün.
Ruhunuz sizi duaya çağıranda göz yaşlarınızı saxlaya bilmirsinizsə, ağlamağınıza baxmayaraq, o sizi haylamaqda davam etməlidir. Ta göz yaşınız gülüşə çevrilənə qədər.
Dua edəndə siz göyə yüksəlir və sizinlə eyni saatda dua edənlərlə görüşürsünüz. Elə kəslərlə ki, onlarla duadan qeyri bir məqamda görüşmək mümkünsüzdür.
Bu səbəbdən də, bu görünməz məbədə yalnız vəcd və şirin ünsiyyət üçün girin.
Zira, bu məbədə xahiş üçün girsəniz, heç nə almayacaqsınız.
Siz ora özünüzü alçaltmaq üçün girsəniz, yüksəlməyəcəksiniz.
Siz ora hətta başqasına xeyir istəmək üçün girsəniz belə eşidilməyəcəksiniz.
Kifayətdir ki, siz bu görünməz məbədə daxil olasınız.
Mən sizə sözlərlə dua etməyi öyrədə bilmərəm.
Allah özü sizin dilinizlə danışmayınca, eşidilməyəcəksiniz.
Mən sizə dənizlərin, meşələrin və dağların dualarını da öyrədə bilmərəm.
Lakin siz - dağların, meşələrin və dənizlərin övladları - onların dualarını öz ürəklərinizdə tapa bilərsiniz.
Gecənin sakitliyinə qulaq kəsilsəniz, bu sükut içrə onların nə dediyini eşidərsiniz:
“İlahi, bizim qanadlı Mənimizin yaradıcısı! İçimizdə hökm edən Sənin iradəndir.
İçimizdə arzulayan Sənin arzundur.
Sənin hökmünlə Sənə məxsus gecələrimiz Sənə məxsus gündüzlərə çevrilirlər.
Biz Səndən heç nə istəyə bilmərik, zira, ehtiyaclarımız içimizdə hələ doğulmamışdan qabaq Sən onlardan xəbərdarsan:
Bizim ehtiyacımız – Sən özünsən və özünü bizə daha çox bəxş etməklə bizə hər şeyi vermiş olursan».
Həzz
Sonra şəhərə ildə bir dəfə gələn zahid irəli çıxaraq: “Həzzdən danış bizə”, – deyə söylədi.
O belə cavab verdi:
«Həzz azadlığın nəğməsi olsa da, azadlığın özü deyil.
O, sizin arzularınızın çiçəklənməsidir, meyvəsi deyil.
O, yüksəkliyi çağıran dərinlikdir, dərinliyin özü deyil.
O, qəfəsə salınmışın qanadlarını gərməsi olsa da, sonsuz fəza demək deyil.
Hə, həqiqətən, həzz – azadlıq nəğməsidir.
Əgər siz onu bütün ürəyinizlə oxusanız mən sevinərəm; lakin bu oxumada ürəyinizin itirilməsini heç istəməzdim.
Bəzi cavanlarınız həzzi elə axtarırlar ki, sanki o, hər şeydir; hamınız onları danlayır, mühakimə edirsiniz.
Mən isə onları nə mühakimə edər, nə də danlayardım. Qoy, axtarsınlar.
Zira, tapacaqları təkcə həzz olmayacaqdır.
Onlar yeddi bacıdır və ən balacası belə həzdən daha gözəldir.
Məgər yeri qazıb kök axtaran və nəticədə xəzinə tapan birisi haqqında heç eşitməmisinizmi?
Yaşlılardan bəziləri həzzi sərxoşluq anında buraxılan səhvlər kimi peşmanlıqla xatırlayırlar.
Lakin peşmanlıq ağılın dumanlandırılmasıdır, cəzalandırılması deyil.
Yaxşı olardı ki, onlar həzzlərini yayın məhsulunu xatırladıqları kimi minnətdarlıqla xatırlayaydılar.
Lakin peşmanlıq onlara yüngüllük gətirirsə, qoy, olsun.
Aranızda elələri də var ki, axtarmaq üçün o qədər gənc, xatirələrə qapılmaq üçün isə hələ o qədər qoca deyillər.
Onlar axtarış və xatırlamadan qorxaraq bütün həzzlərdən yan qaçırlar ki, ruhu incitməmiş və təhqir etməmiş olsunlar.
Amma hətta onların bu imtinası belə onlara həzz gətirir.
Beləcə, əsən əlləri ilə kök axtarmaqlarına baxmayaraq, onlar da xəzinə tapmış olurlar.
Amma soruşuram sizdən, ruhu kim təhqir edə bilər ki?
Bülbül gecənin sakitliyini, yaxud işıldaböcək ulduzu təhqir edə bilərmi?
Sizin alovunuz və tüstünüz küləyə ağırlıq gətirə bilərmi?
Yoxsa, düşünürsünüz, ruh bir gölməçədir ki, onu bir çöplə həyəcanlandıra bilərsiniz?
Çox zaman həzzdən imtina etməklə, siz arzularınızı yalnız varlığınızın dərin guşələrinə sıxışdırmış olursunuz.
Kim bilir, bəlkə bu gün əldən çıxan sabahkı gününü gözləyir?
Hətta sizin bədəniniz belə öz qanuni haqqını bilir, Onu aldada bilməzsiniz.
Bədəniniz isə qəlbinizin arfasıdır.
Onda şirin musiqi, yaxud nizamsız səslər çalmaq – artıq sizin işinizdir.
İndi ürəyinizdə soruşursunuz: “Bəs həzzdə nəyin yaxşı, nəyin pis olduğunu necə bilək?”
Gedin öz çəmənlərinizə və bağlarınıza. Görün ki, arıya güldən bal yığmaq həzz verir.
Gülə də həzz verir arıya balını vermək.
Zira, arı üçün gül bir həyat mənbəyidir.
Gül üçün də arı bir məhəbbət elçisidir.
Hər ikisi – həm arı, həm də gül üçün – həzz vermək və həzz almaq bir tələbat və bir vəcddir.
Orfalesin camaatı, öz həzzlərinizdə güllərə və arılara bənzəyin».
Dostları ilə paylaş: |