Mir Kazım Ağa “Tüfəngim olaydı”
Mir Kazım ağa 1939-cu ildə gəlib bizim kəndə. Güllitəpədə olurdı. Ordan gəlib qalıb. Qar idi, muharibədən sora idi. Oların evinin qabağında dik var. Göydən qaz ucur, deer bi tüfəngim oleydi oon birin vıreydim. Ordan qazın biri ayrıldı gəldi, düşdü onun qanşarına. Mir Kazım Ağa tutdı dedi, Allahın heyvanı çıx get. Getmədi. Nəğada əlləşdi qaz getmədi. O da götürdi, gətirdi. Özü elə bizim kətdə olurdu. Onun burda türbəsi var, camaat ora ziyarətə gedir. Onun nəvəsi indi bizim axunddu. Qumda oxuyub gəlib.
Söyləyicilər:
Hacı Mir Qiyas Təhməzov, doğum tarixi 1944, təhsili orta, Masallı şəhəri
Musarza Əsgər oğlu, doğum tarixi 1956, təhsili ali, Mahmudavar kəndi
Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi
Hacı Nüsrət Nəsrullayev, doğum tarixi 1947, təhsili ali, Qızılağac kəndi
Molla Kərbəlayi Nüsrət Qızılağaclı. Qızılağac kəndi, dünən və bu gün. B., 2003
Ərkinaz Ağabalayeva, doğum tarixi 1942, təhsili səkizillik , Qızılağac kəndi
Ələkbər Ələkbərov, doğum tarixi 1928, təhsili orta, Qızılağac kəndi
Musarza Əsgər oğlu, doğum tarixi 1956, təhsili ali, Mahmudavar kəndi
İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi
Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi
Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırmandalı kəndi.
Nəriman Qafarov, doğum tarixi1939, təhsili ali, Hişkədərə kəndi.
Aygul Səmədova, doğum tarixi 1972, təhsili orta, Rüdəkənar kəndi.
Dilbər Nağıyeva, doğum tarixi 1954, təhsili orta, Bədəlan kəndi.
Məleykə Nağıyeva, doğum tarixi 1968, təhsili orta, Bədəlan kəndi.
Elxan Kazımov, doğum tarixi 1981, təhsili orta, Ərkivan kəndi.
Ələddin Nəzərov, doğum tarixi 1957, təhsili ali, Ərkivan kəndi.
Mir Yaqub Abdullayev, doğum tarixi 1961, təhsili orta, Bambaşı kəndi.
Şövkət Huseynova, 50 yaş, təhsili ali, I Şıxlar kəndi.
Mir Əli Tağıyev, doğum tarixi 1956, təhsili orta, Masallı şəhəri.
Mir Möhsün Tağıyev, doğum tarixi 1961, təhsili ali, Masallı şəhəri.
Mircənnət Rəfiyeva, doğum tarixi 1963, təhsili orta, Masallı şəhəri.
Gülüstan Şükürova, 45 yaş,təhsili orta ixtisas, Masallı şəhəri.
Mir Qabil Tağıyev, doğum tarixi 1974, təhsili orta, Masallı
Mir Rafiq Bədirov, doğum tarixi 1965, təhsili ali, //Şıxlar kəndi.
Mir Paşa Bədəlov, doğum tarixi 1972, təhsili ali, //Şıxlar kəndi.
Məhəmməd Abıyev, doğum tarixi 1927, təhsili orta, Köhnə Alvadı kəndi.
Toplayanlar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
Çiçək Əfəndiyeva
5. ƏFSANƏLƏR
* * *
Qədimdə burda qocalar varmış. Otururmuşlar burda. Marağlı məsəllər söylərmişlər. Bura karvan ticarət yolu qovşağında yerrəşdiyinə görə burdan keçən adamlar söylərmiş. Bura məsəl söylənən yerdi. Əfsanədə böyük-kiçiyliy yoxdu. Rəvayətdi toponamik əfsanələr var. Masallı ilə bağlı əfsanə yoxdu.
Qızılağac
Suyu şirin və acı olan ancağ Qızılağacdadı. Bizdə ona “Kiçik dəniz” deyirlər, “Böyük dəniz” deyirlər. Suyu da bir birinə qarışmaz. Quranda var ki, deyir suyu acı və şirin olan “Ərrəhman” surəsində. Ancağ bizdədi – Qızılağacdadı. Orada, deyir ki, İsgəndər dəniz suyu acı və şirin olan yerdə dayandı və orda istirahət elədi. Sonra səhər durdu gördü ki, atı “Bukival” yoxdu. Atını oğurruyublar. Isgəndər dedi ki, əgər mənim atımı gətirməsöz buranı xaraba qoyacağam. Əgər gətirib atımı versöz, nə hörmət desəz, eliyəcəm. Gətirib deyir atı buraxırlar ki, İsgəndər bu atı götür. Həmən o, Qızılağac əhalisinə hörmət eliyir.
Əli bulağı
Orda var məsələn, “Əli bulaq” haqqında əfsanə. Həzrəti Əli haqqında əfsanədə deyilir ki, burda su da çıxır, şirin su. Allahtala Quranda deyir ki, biz insanları cəzalandırmağ üçün yorğun bitirdik həmin yerdə. Amma orda “Əli bulağı” deyilən bir yer var. Əli bulağıdı, “Alı bulağı”da deyirlər.
Deyirlər ki, guya Həzrəti Əli ora gəlib orda şirin su axar olub, indiyəcən də qalır. Həzrəti Əli taxta çıxıb 656 – cı ildə. 661 – ci ildə qətlə yetirilib. İndi isə ora 2012 – ci ildi. Həzrəti Əli çıxmıyıb e Ərəbistannan qırağa. Bəzi yerlərin adı dəyişib amma Qızılağac elə Qızılağacdı. Qızılağac növü indidə bitir. Kənddə yoxdu o, çayın qırağındadı.
Qızılağac təkrar
O, vaxtı bir dənə şah yaşıyıb. Padşahın böyük evi var imiş. Bu zəvvarrar gedəndə onnarda baxıb. Deyillər gedirik eşirik, ilannar çıxır. İlannı təpədi ora. Ora gələndə görüb ki, fəhlələr işliyəndə, ev tikəndə yayın günü imiş də ocağın yanınada quyu var imiş. Bir də görüb bir qoca kişi oturub orda. Deyib ki, get su gətir fəhlələr içsinlər. Gəlib dolduranda səhəngi, saxsıdan olarmış, onu dolduranda aparıblar görüb buz bağlıyıb bu. Aça bilmiyiblər. Ona görə – buz bağlıyıb deyə. O, şübhələnib ki, burda bir möcüzat var. Yayın günü bu, buz bağlıyar. Olar gəlincə Allahtala buları qeyb eliyib. Bir cavan, bir qoca. Ad ondan qalıb: Qızılağac.
Deyirlər, bu yerlərin təbiəti çox gözəl, adamları isə igid olub. Oğlanlar qızları, qızlar oğlanları bacarığına, igidliyinə, qəddi-qamətinə görə sevərmiş. Burda Muğan adlı bir igid oğlan varmış. Muğan enli kürəkli, sağlam bədənli, ağıllı və qocaq oğlan idi. Qəbilənin qızları elə buna görə də ona vurulmuşdular. Muğan isə Zivər adlı bir qızı sevirdi. Hər ikisi bir obada böyümüşdülər. Mugan Zivəri görərkən qızarar, danışmağa söz tapmaz, nitqi tutulardı. O vaxtlar Atəşgahlarda dua mərasimi zamanı igidlərə xoşbəxtlik arzulanırdı. El ağsaqqalları deyərdilər: "Bizim Muğanımızın canı nə qədər sağdır, sürümüz arxayın otlayacaq, adamlarımız arxayın gəzəcək, yamyaşıl meşələrimiz, durna gözlü bulaqlarımız, cüyürlü çöllərimiz yadellilərin olamyacaqdır." Bax, Muğan elin hörmətini beləcə qazanmışdı.
Xoşbəxtlik saatı yaxınlaşırdı. Lakin el adəti var idi. Onu icra etməyincə toy mərasimini başlamaq olmazdı. İlk növbədə, oğlan və qızın nəsli, qohumluğu öyrənilirdi. El adətinə görə, qohumla ailə qurmaq olmazdı. Sonra bir sıra məhəbbət sınaqları başlanırdı. Son sorğu və son söz qız atasının idi. Zivərin atası vəfat etmişdi. Ana Muğanı el ağsaqqallarının hüzurunda qəbul edib deyir: "Mən qohumluğa razıyam. Lakin izdivacla əlaqədar bir xahişim var. Bizim el alaçıqlarda və bir-birindən çox uzaq kəndlərdə yaşayır. Düşmən hücum edərkən sığınacaq yerimiz olmur. Muğan, sən küçələri enli, ətrafı hasarlı bir şəhər salmalısan. Şəhər çay üzərində, dəniz kənarında tikilməlidir. Baxandan sonra mən öz qızımın toyuna razılıq verəcəyəm."
Şəhər salmaq asan deyildi, özü də çox vaxt tələb edirdi. Muğan ruhdan düşdü. Ağsaqqallar isə ona ürək-dirək verdilər: "Oğul, qorxma, bizim xalq əməksevərdir, sizi darda qoymaz, biz elliklə qolumuzu çırmayıb daş daşıyarıq, gözəl bir şəhər salarıq. “Elin gücü, selin gücü”– deyiblər. Bir şəhər nədir ki, bu xalq onun əlində aciz qala, sən razılıq ver."
Muğan ruhlandı. Hamı qolunu çırmayib işə başladı. Elin gücü ilə ətrafı qırmızı kərpicdən hörülmüş bir şəhər salındı. Şəhərin darvazası Xəzərin ləpədöyəninə açıldı. Şəhər çayın yanında tikildi. Bundan sonra toy məclisi başlandı. Muğan vüsala çatdı. Xalq bu təzə şəhəri öz igid oğlunun adı ilə "Muğan" adlandırdı.
Qəhrəman Muğan yeni-yeni igidliklər göstərdi. Onun igidliyi ellərdən ellərə yayıldı.
Dostları ilə paylaş: |