D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə70/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   66   67   68   69   70   71   72   73   ...   154
Ключевые слова: колыбельная, лелеяние, ласкание своего дитя, колы­бель, колыбель­ные в форме наговаривания, сюжетные колыбельные

Ailədə uşağın doğulması nəslin davamı kimi qiymətləndirilib və həmişə şad­ya­nalıqla qarşılanıb. Heç təsadüfi deyil ki, toy günü oxunan mahnılarda, icra olunan bir sıra rituallarda da gəlinə övlad arzulanır. Məsələn:

Anam, bacım, qız gəlin,

Əl-ayağı düz gəlin.

Yeddi oğul istərəm,

Bircə dənə qız, gəlin.

Və yaxud gəlin bəy evinə gəlib oturan kimi tez onun qucağına oğlan uşağı verirlər və s.

Təbriz yaxınlığında yerləşən Heriski kəndində qız gəlin köçəndə onun cehizinə bir gəlincik də qoyardılar. Bu gəlinciyə amağa deyərdilər. Sibir türklərində qadın əcdada emeqe/əməqə deyirmişlər. Bu, ulu ananın simvoludur. Qadın nəsli xəttiylə gəlirmiş1. Digər tərəfdən də gəlinin cehizinə gəlinciyin qoyulmasını yeni evlənən cütlüyə övlad arzusu kimi də yozmaq olar.

Azərbaycanda uşağın doğulması ilə bağlı silsilə mərasimlər başlayır; uşaq görməsi, uşağın və zahının qırxının tökülməsi, süd dişinin çıxması ilə bağlı hədiyin bişirilməsi, qırx tükünün qırxılması, oğlan uşaqlarının sünnət olunması və s. Bütün bu mərasimlərin keçirilməsi, orada icra olunan ritualların bolluğu onu göstərir ki, türklər ailədə uşağın doğulmasına və yaxşı tərbiyə almasına nə qədər həssasdırlar. Uşağın yaxşı yetişməsində laylaların da əvəzsiz rolu vardır. Layla ana ilə uşaq arasında ilk ünsiyyət vasitəsidir. Layla övladla onun nəsil şəcərəsi, soykökü arasında bir bağ yaradır. Laylaların insanın mənsub olduğu millətlə əlaqəsinin olmasının tarixdə də örnəkləri vardır. Məsələn, indi slavyan xalqlarından biri kimi tanıdığımız ukraynalıların ataları da türk idilər. Heç təsadüfi deyil ki, ukraynalıları assimilyasiya etmək istəyən rus çarı Yelizaveta heç nəyin kömək etmədiyini görəndən sonra əmr verdi ki, onlara xalq mahnılarını və beşik nəğmələrini oxumaq ya­­saq­lansın. Məhz bu göstərişin icrasından sonra ukraynalıları slavyanlaşdırmaq mümkün oldu.2 Görkəmli yazıçı Çingiz Aytmatov da özünün məşhur “Əsrə bərabər gün” romanında verdiyi manqurt əfsanəsində laylanın insan həyatında oynadığı rolu bədii dillə çox gözəl canlandırmışdır. Nayman ananın manqurta çevrilmiş övladına keçmişini xatırlatmaq istəyi uğursuzluqla nəticələnəndən sonra hər şeydən əli üzülən bədbəxt ana oğlunun başını dizlərinin üstünə alıb ona layla çalmağa başlayır. Məhz bu zaman “manqurtun soyuq, heç nə ifadə etməyən üzündə ilıq bir təbəssüm oyanır” [Ç.Aytmatov, səh.117]. Yəni layla insana kimliyini, hansı millətin övladı olduğunu xatırlatmaq gücündə olan ən qiymətli dəyərlərimizdən biridir.

Azərbaycan laylalarını nəzərdən keçirərkən görürük ki, onların böyük bir qismi bayatı formasında deyilir. Bu bayatıların bəzən mətninin içində laylay kəlməsi ilə qarşılaşırıq. Yəni bu mətnlərdə işlədilən laylay sözü bayatının ayrılmaz tərkib hissəsidir. Əgər onları bayatının içərisindən çıxarsaq, mətnə xələl gələr:

Laylay, beşiyim, laylay.

Əvim-eşiyim, laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin, laylay

[Qarabağ: folklor da bir tarixdir. VI kitab, səh.376].
Laylay dedim ucadan,

Ünüm çıxar bacadan.

Allah səni saxlasın,

Hər dərtdən, qızılcadan

[Qarabağ: folklor da bir tarixdir. VI kitab, səh.377].

Bəzən də bayatının mətnində laylay sözünə rast gəlmirik. Amma söyləyici bu mətni bizə layla nümunəsi kimi söyləyib. Əslində söyləyicinin təqdimatı olmasaydı belə, mətnin məzmunu da onun beşik başında deyildiyini göstərir.

Karvan gedər enişə,

Yükü dönər yemişə.

Yasdığında gül bitsin,

Döşəyində bənöşə

[Qarabağ: folklor da bir tarixdir. VI kitab, səh.377].

Bu bayatının digər variantında isə laylay sözü də işlədilir və mətnin sonunda nəqarət verilir:

Laylay çallam həməşə,

Karvan yenər yenişə.

Yasdığında gül bitsin,

Döşəhcəndə bənööşə.

Laylay, bala, laylay

[Qarabağ: folklor da bir tarixdir. VII kitab, səh.353].

Söyləyici, demək olar ki, söylədiyi hər laylanın sonuna “Laylay, balam, a lay­lay” nəqarətini artırır. Bu baxımdan fil.ü.e.d. R.Qafarlının fikri yerinə düşür: “Nə­qa­rə­tə gəlincə, bu söyləyicinin deyimindən asılıdır, oxunan hər layla mətninə əlavə et­mək mümkündür və əsas mətnə heç bir ziyan gətirmir. Əksinə, mənanı və ifanı qüv­vət­ləndirir, rəngarəngliyi artırır” [Uşaq folklorunun janr sistemi və poetikası. səh. 131].

Bəzən oxşamaların yerinə görə bayatı kimi deyilməsinin, bəzən də bu pro­se­sin əksinin şahidi oluruq. Yəni konteksindən asılı olaraq bayatının funksiyası dəyişə bilir. Başqa sözlə desək, konteks funksiyanı şərtləndirən başlıca amil kimi çıxış edir. Məsələn, aşağıdakı bayatı beşik başında oxunan zaman layladırsa, uşağı əzizləyən zaman oxşamaya çevrilir:

Bir balam, bircə balam,

Gül balam, gülcə balam.

Gümüş nədi, qızıldı,

Qızıldan külçə balam

[Qarabağ: folklor da bir tarixdir. VI kitab, səh.378].

Xalq inanclarına görə, gümüş oğlanı, qızıl da qızı simolizə edir. “Qız qızıla dönübdü, yox xəbəri oğlanların” və yaxud “Qız qaldıqca qızıla dönər” deyimləri də qızılın qızın simvolu kimi işlənməsindən xəbər verir.

Folklor toplamaları zamanı dəfələrlə müşahidə etmişik ki, insanın keçirdiyi həyat tərzi, həyatında baş verən hadisələr bu və ya digər formada söylədiyi mətnlərə də təsir edir. Söyləyici istər-istəməz bundan yan keçə bilmir. Erməni zülmü nəticə­sində yerindən, yurdundan aralı düşmüş insanların dedikləri bütün folklor nümu­nələrində gördükləri vəhşətin izləri və vətən həsrəti açıq-aydın duyulur. Onlardan qeydə aldığımız laylaların da bir qismi bu nisgili daşıyır:

Aran yerin arpası,

Laylay balam, a laylay.

Qərif qızın körpəsi,

Laylay balam, a laylay [Şəki folklor mühiti, səh. 46].

Qarabağın dağlıq və səfalı ərazilərindən gəlib nisbətən aranda və isti ərazidə yerləşən qaçqın baba öz nəvəsini ürək ağrısıyla “aran yerin arpası” adlandırır. Xalq inanclarında bir qayda olaraq, arpa oğlanın, buğda qızın simvoludur. Qarabağlılardan qeydə aldığımız bir inanca görə, oğlan uşağının qırxını tökən zaman suya 40 dənə arpa dənəsi, qız uşağını qırxdan çıxaran zaman suya 40 dənə buğda dənəsi atırlar. Və yaxud Şəki rayonunun Göynük kəndlərində “Oğlan uşağı gündə bir arpa dənəsi boyda, qız uşağı gündə bir buğda dənəsi boyda böyüyər” deyirlər. Burada dedik­lərimizdən belə bir nəticə çıxara bilərik ki, bu layla oğlan uşağının beşiyinin başında oxunan layladır.

Bununla yanaşı, söyləyicinin xarakteri də onun hansı tipdə folklor nümu­nə­si­ni deyəcəyini şərtləndirən əsas amillərdən biridir. Baməzə söyləyicilərin oxuduq­ları lay­laların, söylədikləri oxşamaların mətnləri də yumoristik biçimdə olur. Məsə­lən, Şəkidən qeydə alınmış layla və oxşamalarda Şəki yu­mo­runun təza­hür­lə­ri­nə rast gəlirik:

Laylası var – aşı, daşı,

Məməsi var – mərmər daşı.

Körpə balam cənnət quşu.

Anası qaravaşı, atası çöllər quşu.

Layla, balam, layla [Татарские тексты, с. 37-71]

Ana və atanın qaravaş, çöllər quşu şəklində simvolizə edilməsi valideynlərin övladın xidmətçiləri olmasına bir işarə kimi də dəyərləndirmək olar. Eyni laylanın digər variantında isə uşağın atası “bəylər başı”, anası “xanımlar yoldaşı” kimi dəyərləndirilir:

A laylay, bala, laylay.

Körpə quzum, laylay,

Laylay, balam, laylay.

Laylayim aşə-aşə,

Beşiyi mərmər daşə.

Atası beylər başi,

Anası olsun xanımnar yol­da­şi.

Laylay, balam, laylay, laylay, balam, laylay.

Laylay, balam, yatasanı.

Qızılgülə batasanı [Şəki folklor örnəkləri. II kitab, səh.301].

Qeyd edək ki, laylanın hər iki variantı müxtəlif dövrlərdə Şəki rayonundan qeydə alınıb.

Və yaxud:

Səni verənə qurban,

Səni görənə qurban.

Dimişdim xoruz ver,

Fərə verənə qurban [Татарские тексты, с. 37-71].

Bu oxşamada xoruzun oğlanın, fərənin qızın simvolu olması açıq-aydın duyu­lur. Eyni zamanda burada oxşamanı deyənin arzusunu dilə gətirməsi ilə yanaşı, mü­səlman psixologiyasını da görürük. Yəni mən oğlan övladı istəmişdim, amma Alla­hın verdiyinə şükür. Ən doğrusunu O bilir.

Simvolların işləndiyi bayatı nümunələri Azərbaycan folklorunda çoxdur. Həm­çinin bayatı formasında deyilən, bəzən də deyilməyən layla və oxşamalarda da sim­volların işlədilməsi ilə kifayət qədər rastlaşırıq. Aşağıda verdiyimiz oxşama nümu­nə­si bayatı formasında deyilməsə də, oradakı simvollar eyni semantik cərgədə dayanır və paralelizmin ünsürlərinə çevrilir:

Dağda darılar,

Sünbülü sarılar,

Qoca qarılar,

Bu balama qurban

[Azərbaycan şifahi xalq ədəbiyyatı, səh. 223].

Dağdakı darıları, sünbülü sarıları və qoca qarıları psixoloji paralelizmin ün­sür­ləri də adlandırmaq olar. Yəni sünbülün saralması ilə insanın qocalması arasın­da bir bənzərlik verilərək, hər şeyin yaşlısı körpə balaya qurban edilir.

Ahısqa türklərinin də folklorunda bayatı formasında deyilən nənnilər geniş yayılmışdır. Maraqlı burasıdır ki, onlardan qeydə alınmış nənnilər arasında süjetli nənnilərə də rast gəlinir. Onlardan biri belədir: “Poşalar1 bir dəvəyə uşağı mindirib bir meşə ilə gedirmişlər. Ağac uşağın qundağına ilişir, uşaq qalır. Gəlin qayınatası ilə söyləmirmiş. (Ümumiyyətlə, ahısqalılarda gəlin qayınata, qayınana, qayın ilə danış­maz­mış). Gəlin utanır, deyə bilmir ki, uşaq qaldı. Başlayır ağlaya-ağlaya nənni de­mə­yə. Qayıdıb baxırlar ki, uşağı qarğa-quzğun öldürüb”.

Küknar, dalın qırılsın2,

Dibə balta vurulsun.

Dibində yavrum bulunsun,

Nənni, yavrum, nənni,

Nənni körpəmə, nənni.
Sənə nənni diyamadim,

Yavru tatli, doyamadim.

Gəlin idim, diyamadim,

Nənni, yavrum, sənə nənni,

Nənni, körpəm, sənə nənni.
Qaynatamdan hicab etdim,

Acab bən yavruma netdim?1

Qurda-quşa yemlik etdim.

Nənni, yavrum, nənni,

Nənni körpəmə, nənni.

Sənə nənni diyan dillər,

Hanı bayaz-bayaz da qollar?

Nənni, körpəm, sənə nənni,

Nənni yavruma, nənni2.

Onu da qeyd edək ki, Azərbaycan folklorunda süjetli laylalarla üzləşmədik. Bəzən söyləyicidən layla soruşduğumuzda onlar bizə layla avazı ilə dini zikrlər də deyirdilər. Və belə məlum olurdu ki, bəzən söyləyici beşik başında ənənəvi layla mətnləri ilə yanaşı, dini zikrlər də oxuyur. Məsələn, Cəbrayılın Sirik kənd sakini, təxminən 80 yaşlı Ayna Xıdır qızı Əhmədovanın söylədiyi mətnlər dini zikrlərin layla formasında ifadəsi idi. Biz də 2013-cü ildə toplayıb tərtib etdiyimiz “Qarabağ: folklor da bir tarixdir. VII kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri)” adlı kitabda həmin mətnləri “Dini şeirlər” bölməsində deyil, “Laylalar” bölməsində verdik. Bu nümunədə söyləyici zikrlə laylanı qarışdıraraq söyləyir:

Allah, Allah, balam Allah.

Gülüm Allah.

Allah sizi saxlasın, balam Allah.

Allah, Allah, Allah.

Allah deyən mağmın olmaz,

Yoruluf yollarda qalmaz.

Balam Allah, balam Allah,

Cəhənnəm oduna yanmaz.

Gül yasdığa batasan.

Gül yasdığın içində

Şirin yuxu tapasan.

Allah, Allah, can Allah.

Can sana qurban, Allah

[Qarabağ: folklor da bir tarixdir. VI kitab, səh.376].



Bölgələrimizdə həmçinin nəsr formasında deyilən laylalarla da üzləşirdik. Həmin nümunələrdə söyləyicinin arzuları ilə yanaşı, onun durumu da öz əksini tapıb: “Laylay, laylay, balam, lay­lay, laylay, laylay. Bala, di­yi­rəm, səni böödərəm, ərsiyə ge­tirərəm, oxudaram, bi mə­ka­na çıxardaram səni. Yuxla, balam, laylay. Şirin yuxuyə get, balam, laylay. Bala, ananı­ çox fəqir olufdu, yox­sul olmuşəm. Sizə üreyim is­di­yənnəri eliyə bil­mə­mi­şəm. Laylay, balalarım, lay­lay, lay­lay, laylay. Bala, get şirin yuxuyə. Mən durum gi­dim işimin üsdünə. Atanı gə­lər, üre­yınıız isdiyənnəri getirər iş yerinnən. Laylay, balalarım, laylay, laylay” [Şəki folklor örnəkləri. II kitab, səh.302-303].

Layladan danışılanda ilk əvvəl yada beşik başında oxunan nəğmələr düşsə də, bu terminə həm də yasda deyilən bayatılarda rast gəlirik. Buradan belə bir qənaətə gəlmək olar ki, bu xalq dünyaya gələnini layla ilə qarşılayır, dünyadan gedənini də layla ilə yola salır:

Ay laylay, belə laylay,

İlləllah belə laylay.

Heç bəndələr çalmasın,

Siz çaldınız belə laylay

[Qarabağ: folklor da bir tarixdir, VI cild, səh. 333].

Eyni ağının digər variantı isə belədir:

Ay layla, belə layla,

Layla, belə layla.

Heş bəndələr çalmasın,

Mən Asifə1 çaldım belə layla

[Qarabağ: folklor da bir tarixdir, VI cild, səh. 333].

Bölgələrimizdə folklor toplayarkən laylanın daha çox qadınlar tərəfindən söy­lə­nildiyini gördük. Bununla yanaşı, hərdənbir lay­la de­yən kişi söyləyicilərlə də rast­laş­dıq, ancaq onların reper­tuarı qadın söyləyicilərlə müqayi­sədə çox kasıbdır. Sonda böyük təəssüf hissi ilə qeyd edək ki, hal-hazırda layla söyləyən insanların, demək olar ki, hamısı yaşlı qadınlardır. Onlar da laylaları daha çox şeir kimi demə­yə meyillidirlər. Hərdənbir bizim xahişi­miz­­dən sonra laylaları xüsusi avazla oxuyur­dular. Gənc qadınlar artıq beşik başında layla demirlər. Bu da çox yaxın gələcəkdə milli sərvətimiz olan laylaların tamamilə unudulmasına gətirib çıxaracaqdır.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin