D ədə Qorqud ● 2016


Kontaminasiya dair araşdırmalara ümumi-nəzəri baxış



Yüklə 2,43 Mb.
səhifə84/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   80   81   82   83   84   85   86   87   ...   154
Kontaminasiya dair araşdırmalara ümumi-nəzəri baxış: Söyləyicilərin əlavə süjet və motivləri nağılların strukturuna daxil etməklə nağılları genişlən­dirməsi, onları daha da mürəkkəb­ləşdirməsi folklorşünasların diqqətini hələ çoxdan cəlb etmişdir. A.İ.Nikiforov, A.N.Neçayev və digər tədqiqatçılar nağılların poetikasından, ayrı-ayrı nağıl söyləyicilərinin yaradıcılığından, onların fərdi ustalıqlarından bəhs edərkən bu hadisəyə toxunmuşlar (Nikiforov, 79; Neçayev, IX). Amma kontaminasiya hadisəsinin qanuna­uyğunluqları, onun yaranma səbəbi, nağılçılıq ənənəsinin inkişafında onun rolu keçən əsrin ortalarına qədər öyrənilməmiş qalmışdır. Bunun da təbii səbəbləri vardır. Folklor araşdırıcıları süjet birləşmələrini uzun müddət yaradıcılıq hadisəsi hesab etməmiş, onu əsərin tənəzzülü və dağılması kimi səciyyələndirdikləri üçün ayrıca öyrənməyə ehtiyac duymamışlar. Ta ki 1951-ci ilə qədər. 1951-ci ildə SSRİ Elmlər Akdemiyasının xəbərlərində M.P.Ştokmarın “Rus xalq poeziyasında mətnlərin kontaminasiyası” məqaləsinin çapından sonra bu hadisəyə münasibət dəyişir. Bılina və rus xalq mahnılarında birləşmələri izləyən M.T.Ştokmar kontaminasiyaları mexaniki birləşmə kimi deyil, özünün müəyyən qanunauyğunluqları olan yaradıcılıq prosesi kimi dəyərləndirir: “Bir çox mətnlərin birləşməsi tematik qohumluğa söykənir, bu da kontaminasiya prosesini daha üzvü edir. Məişət detallarında, bədii təsvir vasitələrində, ritmik strukturdakı fərqlər bu mahnıları tamamilə müstəqil qəbul etməyə məcbur edir, lakin onları bağlayan tematik bağ kontaminasiyaların müəyyən qanunauyğunluqlar üzərində qurulduğunu deməyə möhkəm əsaslar verir” (Ştokmar, 170). M.P.Ştokmarın haqqında bəhs olunan araşdırması V.P.Anikinin də ifadə etdiyi böyük rezonans doğurmuş və problemin öyrənilməsinə marağı artırmışdır. Rus folklorşünaslığında bu problemin əsas araşdırıcısı hesab olunan N.M.Vedernikova 1970-ci ildə “Rus sehrli xalq nağıllarında kontaminasiya” mövzusunda dissertasiya işini müdafiə etmiş və ayrı-ayrı toplularda bu mövzuda məqalələr çap etdirmişdir. Bu araşdırmalar sayəsində N.M.Vedernikova kontaminasiya hadisəsinə yeni baxış gətirmiş, onun süjetlərin sadəcə birləşməsi olmadığını, yaradıcılıq tərəflərini də üzə çıxartmışdır.

70-ci illərdən sonra E.A.Tudorovskaya, T.Q.İvanova, R.P.Matveyevanın bu möv­zu­da məqalələri dərc olunsa da, bu araşdırmalarda kontaminasiya hadisəsinə yeni baxış gətirilməyib, N.M.Vedernikovanın fikirlərindən demək olar ki kənara çıxılmayıb. Bu məqalələr müəyyən bölgə ilə məhdudlaşmış, müəyyən bir ərazidə rast gəlinən konta­mi­nasiyalar izlənilməklə kifayətlənil­mişdir. Məsələn, T.Q.İvanovanın məqaləsində Bela­mor nağıllarındakı, R.P.Matve­yevanın məqaləsində isə Sibir sehrli nağıllarındakı kon­taminasiya hadisələri izlənir. Maraqlıdır ki, kontaminasiyaya həsr olunmuş məqalələrdə ancaq sehrli nağıllardakı süjet birləşmələrindən bəhs olunur, digər qruplardakı konta­minasiyalardan isə ya səthi danışılır, ya da demək olar ki söhbət açılmır. Tədqiqatçıların sehrli nağıllardakı kontaminasiyalara bu qədər çox diqqət yetirməsinin səbəbi bu qrupa məxsus nağıllarda süjet çulğalaşmalarının daha rəngarəngliyi, müxtəlif çeşidliyi, təhlil etmək, araşdırmaq üçün zəngin material verməsindən irəli gəlir.

Qeyd olunan əsərlərdən əlavə, müxtəlif nağıl qruplarının poetik və üslub xüsusiyyətlərinə həsr olunmuş araşdırmalarda da kontaminasiya hadisəsinə toxunul­muşdur. B.B.Qoryayevanın “Kalmık sehrli nağılları: süjet tərkibi və poetik sistemi” araşdırmasında II fəslin yarımbaş­lıqlarından biri kalmık sehrli nağıllarında kontami­nasiya olunmuş süjetlərə həsr olunmuşdur. Y.S.Torokovanın “Xakas xalq məişət nağılları: süjet tərkibi və poetikası” dissertasiyasında məişət nağıllarının poetikasından bəhs olunan III fəsildə kontaminasiya olunmuş süjetlərdən, xakas məişət nağıllarındakı süjet birləşmələrinin yerli özünəməxsuslu­ğundan söhbət açılır. Bu tip araşdırmalarda kontaminasiyanın ümumnəzəri prob­lemlərindən daha çox, yerli özünəməxsus­luğun­dan, şərqi slavyan nağılları ilə oxşar və fərqliliklərindən söhbət açılır.

Azərbaycana gəldikdə isə, bu hadisə son illərə qədər demək olar ki araş­dırıl­mayıb, hansısa bir tədqiqatın predmeti olmayıb. Ayrı-ayrı nağıl qruplarının poetik xü­su­siyyətlərindən bəhs edən araşdırmalarda kontaminasiya hadisəsinə, nağılların təşkilində onun roluna nəinki toxunulub, ümumiyyətlə üstündən sükutla keçilib. Hal­bu­ki kontaminasiya yaradıcılıq hadisəsi olaraq nağılların poetik sisteminə daxildir və bu hadisəni öyrənmədən nağıllarını təşkilini, söy­ləyicinin süjetlər üzərində həyata ke­çir­diyi əməliyyatları anlamaq, dərk etmək mümkün deyildir.

Azərbaycanda kontaminasiya probleminin öyrənilməsi zərurəti əslində Azərbay­can nağıl süjetlərinin sistemli kataloqunun hazırlanmasından sonra üzə çıxır. Məlum­dur ki, 2007-ci ildə “Azərbaycan nağıllarının süjet göstərici (Aarne-Tompson sistemi əsasında)” mövzusunda disser­tasiya işi müdafiə olunur, 2013-cü ildə isə ayrıca kitab şəklində çap olunur. Kitabda beynəlxalq prinsiplər əsasında Azərbaycan nağıl süjetləri müəyyənləşdirilmiş, bəlli nömrələr altında kataloqda yerləşdirilmiş, qruplara və yarımqruplara görə onların təsnifatı aparılmışdır. Araşdırma nəticəsində Azərbaycan nağıllarına məxsus 692 süjet müəyyənləşdirilmişdir ki, onların 390-nı beynəlxalq kata­loqda qarşılığı olan, 302-ni isə (bu da nağıl repertuarının 40 faizini təşkil edir) yerli süjetlər təşkil edir. Həmin kataloqun üzə çıxması Azərbaycan nağıl süjetlərinin elmi auditoriyaya daxil olmasına və tipoloji araşdırmaların sürətlənməsinə rəvac verməklə yanaşı, kontaminasiya probleminin öyrənilməsini bir zərurət kimi ortaya qoymuşdur.

Azərbaycanda da kontaminasiya termininin sabit bir izahı yoxdur. Ramil Əli­yevin araşdırmalarında bu terminə ona xas olmayan tamamilə fərqli bir anlam ve­rilir. Tədqiqatçı “Rəvayət-dastanlarda kontaminasiyalar haqqında” məqaləsində araş­dırma­nın məqsədindən bəhs edərkən yazır: “Biz mövzu ilə əlaqədar … yaxşı-yaman kon­flik­ti­ni özündə əks etdirən strukturu əsatir-dastan qurluşunda izləməyə çalışacağıq. Söhbət daşdan yaranan uşaqla bağlı əsatirlərin “Lələ” adlı dastanda yer almasından, “Yaxşı-Yaman” adlı dastanın da cüzi fərqlənməklə “Lələ” dastanı əsasında formalaşması və nəhayət onların təsiri altında yaranan Sarı Aşığın adı ilə bağlı olan “Yaxşı və Aşıq” das­tanından gedir” (Tədqiqlər, 128). Araşdırmadan anlaşıl­dığı qədər müəllif hansısa bir dastanın müəyyən mifoloji təssəvvür əsasında formlaş­ma­sını kontaminasiya hesab edir ki, bu da terminin folklorşünaslıqda qəbul olunan an­la­mına yaxın belə gəlmir.

Atəş Əhmədlinin nağıl söyləyiciliyinə həsr olunmuş araşdırmasında isə konta­mina­siya hadisəsinə ziddiyətli bir münasibət var. Araşdırmanın süjet birləşmələrindən bəhs olunan bölməsinin əvvəlində müəllif yazır: “Peşəkar nağılçılar söyləydikləri mət­ni icra ortamının tələbinə uyğun şəkildə qurmaqla onu daha effektli, eyni zamanda ori­ji­nal nümunə kimi təqdim etməyi bacarırlar. Bəzən elə olur ki, söyləyici nağıl məc­lisinin daha uzun və daha maraqlı keçməsini şərtləndirən tələblərlə üz-üzə qalır. Belə stiuasiyada …peşəkar söyləyicilər əlahiddə istedad nümayiş etdirmək məcburiy­yətin­də qalırlar. …nağıl süjetinə bir-iki müstəqil süjeti də qatıb vahid süjet üzrə təhkiyə­lərini davam etdirirlər. Şübhəsiz bütün bunlar elə təlqin olunmalı idi ki, dinləyicilər həqiqətən ayrı-ayrı məzmunlu nağıla yox, məhz bir nağıla qulaq asdıqlarına əmin ol­ma­lı idilər. Əlbəttə, həm auditoriyanın zövqünü oxşamaq, həm də məqamından asılı olaraq mətndə improvizələr etmək sadə məsələ deyildir və bütün bu işlər söyləyicidən əlahiddə hazırlıq tələb edirdi (Əhmədli, 105). Bir qədər sonra üç süjetin birləş­mə­sindən təşkil olunan “Şah Abbas nağılı”nı təhlil edərkən müəllif bunun tamamilə əksi­ni söyləyir: “…bu mətndə kontaminasiya ünsürü bərabərhüquqlu üç nağıl süjetinin kon­struksiyasından törəmişdir. Sehrli nağıllardan fərqli olaraq, bu tip nağıllarda konta­mina­siyalar süjetlərin birinin digəri üzərində üstünlüyünə əsaslanmır”. Göründüyü ki­mi, müəllif bir qədər əvvəl kontaminasiya dedikdə bir süjetin digərinə tabe olduğu ya­ra­dıcı birləşmələri nəzərdə tuturdusa, “Şah Abbas nağılı”nı təhlili zamanı isə bəra­bər­hüquqlu tərəflərdən təşkil olunan mexaniki birləşmələrdən kontaminasiya kimi bəhs edir. Təbii ki, bu cür qarışıqlıq, terminin fərqli yozumları Azərbaycan folklorşünas­lığının kontaminasiya hadisəsi ilə yeni tanış olması, onun mahiyyətinin hələ tam dərk olunmamasından qaynaqlanır.

İ.Rüstəmzadənin araşdırmalarında isə hər cür süjet birləşməsi kontaminasiya ki­mi gözdən keçirilir (Rüstəmzadə, 51).

Kontaminasiya sözü latınca dolaşıqlıq, qarışıqlıq anlamına gələn contaminatio sözündən yaranıb. Tarixi hadisələrin təsviri zamanı iki və daha artıq hadisənin qarış­dırılmasını tarixçilər bu adla adlandır­mışlar. Ədəbiyyatda bu termin iki və daha artıq hadisənin təsvir zamanı birləşdiril­məsinə deyilir. Dilçilikdə isə bu ad altında iki və daha artıq söz və ifadənin birləşməsi nəticə­sində yeni bir sözün, məfhumun yaranması hadisəsi başa düşülür. Folklora gəldikdə isə kontaminasiya hadisəsinə, nağılçılıq ənə­nəsinin inkişafında onun roluna dair vahid fikir mövcud deyil. Mövzunun araşdırıldığı, tədqiq edildiyi hər yeni əsər onun haqqında təsəv­vürümüzü dolğunlaşdırmaq əvəzinə, daha dolaşıq hala gətirir, hadisənin mahiyyətinin dərk edilməsini, anlaşılmasını çətinləşdirir. Bütün bu anlaşılmazlıqlar kontaminasiya termininə yük­lənən anlamdan, onun fərqli tədqiqatçılar tərəfindən müxtəlif cür izah olunma­sın­dan qaynaq­lanır.

Müəyyən qaydaların pozulması, dolaşıqlıq və təhriflər nəticəsində baş verən bir­ləş­mələrin kontaminasiya adlandırılması fikri folklorşünaslıqda da müəyyən dövrə qədər hakim olmuşdur. Hətta V.P.Anikinin ali məktəb tələbələri üçün hazırladığı mü­ha­­zirələrdə kontaminasiya məhz bu cəhətdən izah olunur. V.P.Anikin o birləş­mələri kontaminasiya hesab edir ki, orada kontaminasiyanı təşkil edən tərəflər arasında birbaşa əlaqə yoxdur, birləşmə zahiri xarakter daşıdığından məna bütöv­lüyü yaratmır və bütöv əsər təsiri bağışlamır. Birləşməni təşkil edən tərəflər öz müstəqilliyini qoruyub saxladığı üçün onların sərhədləri, süjetlərin harada başlayıb harada qurtardığı açıq-aydın bilinir. Ona görə də araşdırıcı yazır: “Kontaminasiya müxtəlif səciyyəli lirik və epik motivlərin, situasiyaların bədii mənalarını qoruyub saxlamaqla əsassız birləşməsi, qarışdı­rıl­ma­sı­dır”. Kontaminasiyaları yaradıcı birləşmələrdən fərqləndirən müəllif yazır: “Kontaminasiyaları digər birləşmələrdən fərqləndirməsək, onda biz heç nəyə nail ola bilmərik” (Anikin, 79).

Əslində bu qarışıqlıq kontaminasiya termininin dilçilikdə qəbul olunmuş məna­sının mexaniki şəkildə folklora tətbiqindən irəli gəlir. Keçən əsrin 70-ci illərində N.M.Vedernikovanın araşdırmalarından sonra kontaminasiyaya baxış dəyişmiş, termin özünün ilkin mənasından uzaqlaşaq yeni bir anlam kəsb etməyə başlamışdır.

N.M.Vedernikovaya görə, kontami­nasiya müxtəlif süjetlərin bir əsərdə birləş­məsinə deyilir. Amma tədqiqatçı mürəkkəb süjetlə kontaminasiyaları bir-birindən fərqləndirir. Onun fikrincə, əgər bir süjet digər süjetin tərkib hissəsi kimi çıxış edirsə və onsuz süjet natamam təsir bağışlayırsa, o zaman mürəkkəb süjetdən danışmaq la­zımdır. Yox, süjet xəttinə qoşulmaqla əsas konflikti mürəkkəb­ləşdirib hadisələrin axa­rını dəyişirsə, o zaman kontaminasiyadan danışmaq olar (Vedernikova 1969, 44). Mə­sələn, ruslarda “Xilas olunmuş şahzadə” süjetinə “İki qardaş” (AA 303), “Neznayka” (AA532) və “Mednıy lob” (AA 502) nağıllarının tərkibində də rast gəlinir, amma N.M.Vedernikova onları kontaminasiya deyil, mürəkkəb süjetlər kimi qiymətləndirir. Həmin süjetin “Özünü xəstəliyə vurma” (AA 315A), “Sivko-Burka” (AA 530), “Ca­vanlıq alması” (AA 551) süjetləri ilə birləşmiş variantını isə kontaminasiya hesab edir.

Sibir nağıllarının araşdırıcısı R.P.Matveyeva da N.M.Vedernikova ilə eyni möv­qedən çıxış edir. Onun fikrincə, bir süjet digərinin tərkibinə daxil olduqda yeni sistemə tabe olmalı, poetik əsərin mənasını, daxili estetik bütövlüyünü saxlayaraq mətnin strukturunu pozmamalıdır. Bu baş verdikdə o zaman kontaminasiyadan danışmaq olar. Baş vermədikdə isə nağıl çoxkompozisiyalı olaraq qalır, onu təşkil edən süjetlərin hər biri bütöv bir sistem yaratmayaraq yalnız özünə işləyir. Bundan çıxış edərək müəllif yazır: “Biz o çoxsüjetli nağılları kontaminasiya hesab edirik ki, onların birləşməsi hekayədəki hadisələrin gedişinə təsir edir, vahid kompozisiyası və üslubu ilə bütöv sistem təşkil edir (Matveyeva, 86).

E.A.Tudarovskaya da o birləşmələri kontaminasiya hesab edir ki, onlar əsas və asılı tərəflərdən təşkil olunur, asılı tərəf bir çox təhriflərə məruz qalır, özünün bir çox gedişlərini itirir. Onun fikrincə, mexaniki birləşmələr nağılların inkişafının sonrakı dövr­lərində, xüsusilə də onların qeyri-məhsuldar ifaları zamanı söyləyicilərin dinlə­yi­ci­lərin marağını nəzərə alaraq nağılları genişləndirmək cəhdi nəticəsində baş verir, amma əsl kontaminasiyalar əsas süjetin inkişafına xidmət edən daxili birləş­mə­lərdir. Ona görə də araşdırıcı yazır: “Biz bir nağılda iki (və daha çox) müstəqil süjetin birləş­məsini kontaminasiya adlandırırıq ki, həmin birləşmələr əsas və asılı süjetlərdən təşkil olunur, asılı tərəf sona qədər (yaxud tam əvvəldən yox) istifadə olunmur” (Tu­do­rov­ska­ya, 64).

T.Q.İvanovanın araşdırmalarında isə istənilən süjet birləşməsi kontaminasiya hesab olunur.

Söylənən fikirlərdən də göründüyü kimi, tədqiqatçıların bir qrupu mexaniki, di­gər qrupu isə yaradıcı birləşmələri kontaminasiya hesab edir. Əslində hər iki halda biz kontaminasiya hadisəsi ilə qarşılaşırıq. Sadəcə təcrübəli, usta söyləyicilərin reper­tua­rında kontaminasiyalar yaradıcı şəkil alır, əsas süjetin inkişafına, obrazın, per­so­naj­la­rın açılmasına xidmət edir, təcrübəsiz və səriştəsiz söyləyicilərin yaradıcı­lığında isə me­­­xaniki şəkildə baş verir, bir süjetdən digərinə keçid əsaslan­dırılmır, bir­ləş­mə yara­dıcı deyil, unudulan, yaddan çıxan hissəni doldurmağa xidmət edir. Mahiy­yət baxı­mın­­dan bu birləşmələr bir-birindən fərqlənmir, hər ikisi eyni prosesin müxtəlif tərəf­lərini əks etdirir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin