7. Çevrilmənin əsas formalarından biri paltardəyişmədir:
Folklor nümunələrində tez-tez təsadüf etdiyimiz digər bir forma paltardəyişmə və ya libasdəyişmədir.Çevrilmənin bu formasına daha çox nağıllarda təsadüf olunur. M.İmanov yazır ki, libasdəyişmə, bildiyimiz kimi, özünü gizlədib bambaşqa şəxs vücudunda görünmək, bambaşqa ad altında tanınmaqdır. Folklordakı cilddən-cildə girmək süjetlərinin ən geniş yayılanlarından biri sehrli don motivi ilə bağlıdır. Bu don adi adamlara yox, sehrli qüvvələrə məxsus dondur. Donu ələ keçirməklə nağıl qəhrəmanı sehrli qüvvəyə əsaslı şəkildə təsir göstərə bilir. Yada salın göyərçin donunda ağaca qonan, bir az sonra gözəl qızlara çevrilən və paltarını soyunub çimməyə başlayan pəri bacıları. Nağıl qəhrəmanı pəri bacılardan birinin paltarını oğurlamaqla paltar sahibini özündən asılı vəziyyətə sala və pəri qızının köməyi ilə öz istəyini həyata keçirə bilir (7, 5).
Qeyd edək ki, çevrilmə motivi bütün xalqların folklorunda özünü göstərir. Ancaq bütün xalqların folklorunda eyni şeyə işarə etmir, yəni hər bir xalqın mədəniyyətinə uyğun məna daşıyır, onların mədəniyyətini əks etdirir. Məsələn: “quş şəklinə girmək motivinə baxaq. Bu hər hansı bir xalqa məxsus motiv deyildir. Uçmaq arzusu dünya yaranandan bu günə bütün insanların arzusu olmuşdur. Quşlar kimi azad olmaq, azad olmağı diləmək və quşlarla bağlı təsəvvürlər yaratmaq hər bir mədəniyyətdə təsadüf ediləcək motivdir. Lakin azad olmaq, uçmaq arzusuyla da olsa, hansısa quşun şəklinə girilməsi və niyə o şəklin seçildiyi mədəniyyətin seçimidir” (2, 38).
Dostları ilə paylaş: |