Məsələnin qoyuluşu: Altay dastanları mifoloji görüşlərlə sıx bağlıdır. Onlarda, demək olar ki, hər bir element ritual-mifoloji semantika daşıyır. Bu cəhətdən Ev/Yurd obrazı da mifoloji təsəvvürlər sistemində dünyanın mərkəzi rolunu oynayır və hər bir dastanın məkan-zaman kontinuumunun əsas elementini təşkil edir. Deyilənləri məşhur Altay eposu “Altay Buuçay” dastanında da müşahidə etmək mümkündür.
İşin məqsədi: Tədqaqatın aparılmasında əsas məqsəd “Altay Buuçay” dastanının ritual-mifoloji strukturunu araşdırmaqdır.
Altay eposunun məşhur toplayıcı və bilicilərindən olan Sazon Saymoviç Surazakov yazır ki, pəhləvan Altay Buuçay haqqında qəhrəmanlıq hekayətləri istisnasız olaraq bütün Altay tayfalarında qeydə alınmışdır. Elə bir söyləyici yoxdur ki, bu dastanı ifa etməsin, yaxud onun məzmununu bilməsin. Bu dastan ən sevilən əsərlərdən biridir (1, 120).
S.S.Surazakov onu da qeyd edir ki, “Altay-Buuçay” dastanının bütün qeydə alınmış variantları süjetlərinə, motivlərinə, personajların adlarına və obrazların təfsirlərinə görə oxşardır (1, 125).
Biz burada dastanın söyləyici Çoltoşdan qeydə alınmış və “Altay Byçıy” adlanan variantından istifadə etmişik (2, 9-35).
“Altay-Buuçay” dastanı ovçu-qəhrəmanın başına gələn macəralardan bəhs edir. Qəhrəman öz bacısı və arvadının xəyanəti nəticəsində hər şeyini itirir, lakin məğlub olmayaraq, sonda qələbə çalır və yenidən öz evinə sahib olur.