Folklor bütün hallarda A nöqtəsindən B nöqtəsinə ünvanlanmışdır. A nöqtəsi ünvanlayan B nöqtəsi isə ünvanlanandır. Ünvanlayan informasiya daşıyıcısı, ünvanlanan informasiya qəbuledicisidir. Janrından, tipindən, materialından, reallaşma mexanizmindən asılı olmayaraq folklor nümunələri informasiya daşıyıcısından auditoriyaya yönələn məlumat funksiyasını yerinə yetirir.
Auditoriya ilə mədəni ənənə arasında qarşılıqlı əlaqə
Folklor nümunələrinin reallaşdırdığı mühüm kommunikasiya tiplərindən biri auditoriya ilə mədəni yaddaş arasında əlaqənin təmin edilməsidir. Bu halda folklor nümunələri keçmişlə gələcək arasında əlaqələndirici funksiyanı həyata keçirir. Folklor mədəni ənənəni auditoriyaya ötürməklə özünün diaxron funksionallığını reallaşdırmış olur. Başqa sözlə ifadə etsək, bu halda folklor kollektiv mədəni yaddaş funksiyasını yerinə yetirir.