Eksperiment tədqiqat metodu. Bu metoddan geniş istifadə olunur və kompleks xarakter daşıyır. Digər metodlarla birlikdə tətbiq olunur. Bu halda bəzi mənbələrdə empirik-nəzəri metodlar kimi səciyyələndirilir. Nəzəri və praktik fəaliyyət six birləşir. Bu metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir. Eksperiment müəyyən fərziyyəni yoxlamaq metodudur. Onun məqsədi səbəb-nəticə əlaqələrini, yeni forma və metodların səmərəliliyini sosial-pedaqoji təsirlərlə və onun nəticələri arasındakı asılılıqları və s. aşkara çıxarmaqdan ibarətdir. Məqsədinə görə müəyyənləşdirici, öyrədici-dəyişdirici və yoxlayıcı olur. Təşkili formasına görə təbii, laborator və kompleks eksperiment olur. Müddətinə görə uzunmüddətli və qısamüddətli olur. Eksperimentin təşkilində 2 paralel qrup - eksperimental və nəzarət qruplarının yaradılması tələb olunur. Bu qruplar bir-birinə oxşar olsalar da, eksperimental qrup eksperimentdə iştirak edir, nəzarət qrupu isə bilavasitə iştirak etmir. Ancaq eksperimentdən əvvəl və sonra hər iki qrupda test yoxlaması keçirilir. İlkin və son testlərin nəticələri müqayisəli təhlil olunur.
Sınaq metoduyeni ideyanı, metod və vasitəni kollektiv şəkildə yoxlamaq məqsədilə aparılır. Qabaqcıl təcrübənin tətbiqi və ya eksperimentlə bağlı olur. Birinci olaraq qabaqcıl təcrübənin ideyası, səmərəliliyi yoxlanılır, sonra isə eksperimentdən əvvəlki və sonrakı vəziyyət araşdırılır və təhlil olunur.
Ekspert qiymətləndirılməsı metodu. Pedaqoji tədqiqat metodologiyasına görə çox maraqlı olan bu metodda ekspert rəylərinin alınması çox əhəmiyyətlidir və bunun üçün eksperti tədqiqatın məqsədi ilə tanış etmək lazımdır. Sosiologiyada 3 funksiyası qeyd edilir:
1. Sosial gerçekliyin, müxtəlif hadisə və proseslərin inkişaf təmayüllərinin proqnozu;
2. Kütləvi sorğu nəticələrinin səmərəlilik dərəcəsinin qiymətləndirilməsi;
3. Qrup və kollektivin attestasiyası.
Riyazi-statistik, sosioloji metodlar. Tərbiyə və təhsilin sosial aspektləri ilə bağlı məsələlərin tətbiqində bu metod geniş yer tutur. Tədqiqat materialları kəmiyyət baxımından riyazi metodlarla işlənilir və bu zaman bu məsələlərə xüsusi diqqət yetirilir:
Məlumatlar kompüterə verilmək üçün kodlaşdırılır;
Məlumatlar təsvir olunur: cədvəllər, diaqramlar və s. qurulur;
Statistik metodlarla təhlil olunur;
Riyazi cəhətdən modelləşdirilir.
Tədqiqat materiallarının kəmiyyət üzrə təhlili keyfiyyət təhlili ilə də bağlıdır. Son zamanlar hər iki təhlili özündə birləşdirən, riyazi metodların tətbiqi zamanı formalizmi aradan qaldırmağa və eləcə də təlim-tərbiyənin diaqnostik məqsədlərini uğurla həyata keçirmək üçün kvalimetriya metodundan istifadə edilməyə başlanılmışdır.