Pedaqoji təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi metodu. Müasir elmi-metodik meyarlara görə pedaqoji təcrübəni öyrənərkən şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi ilə yanaşı, onların ümumi inkişaf və səviyyəsi də hökmən nəzərə alınmalıdır. Pedaqoji nəzəriyyə pedaqoji təcrübə ilə vəhdətdə inkişaf etməlidir. Onların vəhdəti pozulanda təlimdə formalizm halları baş verir, ciddi nöqsanlar meydana çıxır. Buna görə də məktəb təcrübəsinin müqayisəli şəkildə aparılması mühümdür. Yəni həm qabaqcıl, həm də yeni müəllimlərin iş təcrübəsini müqayisəli şəkildə öyrənmək lazımdır. Bu zaman müsbət cəhətlərin, mövcud nöqsanların inkişaf meyllərini müəyyən etməyə, mənfi meyllərin qarşısını almağa daha çox diqqət yetirilməlidir.
Pedaqoji konsilium.Bu metod Y.K.Babanskinin rəhbərlik etdiyi esperimental məktəblərin iş təcrübəsində geniş istifadə edilmişdir. Bu məfhum tibbi məfhum olub, professor və həkim heyəti ilə diaqnostik məqsədlə keçirilir. Pedaqoji təcrübədə də bu imkandan istifadə etməklə sosial-pedaqoji tədqiqatın müəyyən bir mərhələsində onun nəticələri sinif rəhbəri və ayrı-ayrı fənn müəllimləri ilə birlikdə müzakirə edilir, müəyyən faktlar dəqiqləşdirilir, həmin sinifdə tərbiyə işinin strategiyası və taktikası müəyyənləşdirilir.
Tarixi-müqayisəli tədqiqat metodu. Sosial pedaqogikada müxtəlif ölkələrdə və ya müxtəlif tarixi dövrlərdə cəmiyyətin tərbiyə imkanları öyrənilərkən bu metod çox əhəmiyyətlidir. Bu metodla müxtəlif sosial-pedaqoji sistemlər müqayisəli şəkildə öyrənilir və bu təhlil əsasında şagirdlərin təlim müvəffəqiyyətlərinin vəziyyətinin dəyişmə istiqamətləri, ona təsir edən amillər, elmi yeniliklərin məktəb təcrübəsinə tətbiqi, təhsilin məzmununun yeniləşməsi, təşkilati-pedaqoji işin gücləndirilməsi və s. məsələlər müqayisə edilir, onların fərqli və oxşar cəhətləri araşdırılıb üzə çıxarılır.
Modelləşdirmə metodumüəyyən sosial-pedaqoji sistemi xüsusi modellər yaratmaq yolu ilə təsvir etmək metodudur. O, əyani-obrazlı şəkildə sxem, cədvəl, çertyoj və s. ilə sosial-pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu yolla sosial tərbiyənin sistemini, sosial münasibətlərin strukturunu, müəllimin mənəvi-etik simasını müəyyənləşdirməyə imkan verilir.