Qrupla sosial işin nəzəri əsasları
Qrup işinin əsas nəzəri modelinin əsasları Pappel və Rotman tərəfindən qoyulmuşdur. Onun əsasında eqo-psixologiya, koqnitiv nəzəriyyə və sosial təlim nəzəriyyəsi, rol nəzəriyyəsi və kommunikasiya nəzəriyyəsindən götürülmüş nəzəri yanaşmalar dayanır.
Eqo-psixologiya fərdin daxilən özünütəşkiletməsini və onun xarici aləmlə münasibətini izah edən konsepsiyasnı təqdim edir. Bu konsepsiyalar sosial işçiyə imkan verir ki, o, müştərinin davranışlarını həm bir fərd, həm də bir qrup üzvü kimi başa düşsün, insanın gerçəkliyə, birliyin digər üzvlərinə fərdi qaydada necə uyğunlaşmasını, xarici təzyiqlə necə qarşılaşdığını, daxili narahatlığının necə formalaşdığını təhlil etsin.
Eqo psixologiyada “Mən”in öyrənilməsində şəxsiyyətin inkişafı və adaptasiyası, muxtariyyatı, azadlığı “Mən” funksiyasının xüsusiyyətləri məsələlərinə diqqət ayrılır. “Mən” şəxsiyyətin ətrafla münasibətini tənzimləyir, özünün müdafiə mexanizmi sistemi vasitəsilə muxtar törəmə kimi çıxış edir. Eqo psixologiyanın bu cəhətlərini əldə rəhbər tutan sosial işçi qrup işi prosesində psixoloji müdafiə bacarıqlarını fəallaşdırmağa səy göstərir, qrupun köməyi vaitəsilə onları inkişaf etdirməyə kömək edir, qrup işi prosesində ətraf tərəfindən göstərilən aqressiyanın müxtəlif formalarından asılı olaraq qrup işi prosesinin müxtəlif fəaliyyət variantlarını tapmağa cəhd edir.
Eqo psixologiya konsepsiyasına əsasən, qrup işində müqavimətə münaqişə kimi yox, fərdin cevrəsi ilə olan dialoqu kimi baxılır. Buna görə də qrupla işin əsas modelində müqavimət və münaqişəyə qrupun inkişaf komponentləri kimi, qrup üzvlərini bir-birindən fərqləndirən əsas amil kimi baxılır. Müqavimət təkcə intrapsixi proses, qrup situasiyasına reaksiya deyil, həm də qrup münasibətlərinin inkişafı prosesindəki müdafiə mexanizmi kimi də təhlil edilir.
Eqo psixologiya anlayışlarında qrupla işin əsas təyinatı şəxsiyyətin psixi sağlamlığını, onun identikliyini dəstəkləmək, özünürealizasiyasını inkişaf etdirməkdir.
Koqnitiv nəzəriyyə və sosial təlim nəzəriyyəsi sosal işçilərə qruplararası qaşılıqlı fəaliyyətdə fərdlərin davranış motivlərini interpretasiya və təhlil etməyə, müştərilərin dəyər oriyentasiyasını müəyyənləşdirməyə, “bir-birlərini necə duyduqlarını”, dünya və situasiya haqqında biliklərinin necə formalaşdığını anlamaqla onlara kömək etməyə imkan verir. Qrupla qarşılıqlı fəaliyyət təcrübəsi dəyər oriyentasiyasını, pozitiv gözləntiləri, komponentlik və sosial qarşılıqlı fəaliyyət bacarıqlarını formalaşdırır.
Qrup işinin əsas modelinin terapevtik əhəmiyyəti qrupun imkanları ilə müəyyənləşdirilir. Qruparası dərketmə mexanizmi vasitəsilə müştərinin situasiyanı başqa rakursdan görə bilməsi belə imkanlardan biridir.
Münasibətlər nəzəriyyəsində şəxsiyyətlərarası münasibətlər insanların bir-birlərinə göstərdikləri qarşılıqlı təsir amili kimi dəyərləndirilir.
Qrup işinə aid edilən münasibətlərə qruparası qarşılıqlı fəaliyyətdə müştərinin öz vəzifələrini anlamasında, dəyişən şəraitdə ona qrupun digər üzvləri ilə birlikdə olmağı öyrənməkdə, qruparası münasibətlər prosesində psixoloji distansiyaları müəyyənləşdirmək üçün gərəkli olan vərdişlərin formalaşdırılmasında kömək edən müəyyən dayanıqlı əlaqə kimi baxılır.
Şəxsiyyətin rol nəzəriyyəsi. Bu nəzəriyyəyə əsasən şəxslərarası qarşılıqlı fəaliyyət prosesində fərd bu və ya digər müvafiq davranış nümunələrini öyrənir. Belə yanaşma sosial işçini rol gözləntiləri, rol münaqişələri və qrup işi prosesində formalaşan rol münasibətləri haqqında biliklə təmin edir. Sosial işçi üçün müştərinin şəxsi yüksəlişi üçün şərait yaratmaq, cəmiyyətdə onun sosial fəaliyyətini yaxşılaşdırmaq məsələdir.
Kommunikasiya nəzəriyyəsi. Bu nəzəriyyənin əsasında subyektlər arasında dinamik məlumat mübadiləsi təsəvvürü dayanır. Qrup prosesində kommunikasiya yarandıqca formalaşan, müəyyən nəticə əldə edilməsinə hədəflənən məlumat mübadiləsini həyata keçirən rolu yerinə yetirir. Məhz, bu aspektdən kommunikasiya qrup işi məsələlərinin həll edilməsində müəyyən “alət” kimi çıxış edir. Kommunikasiya nəzəriyyəsi sosial işçiyə imkan verir ki, o, qrup dinamikası prosesində subyektin sosial fəaliyyətini mürəkkəbləşdirən spesifik maneələri müşahidə etsin, onları dəf etmək proqramını tərtib etsin, qrup münasibətlərində fərdi duyğuların və təsəvvürlərin ifadə edilməsi bacarıqlarını inkişaf etdirsin.
QRUP DİNAMİKASI – qrup üzvlərinin qarşılıqlı fəaliyyət prosesi; qrupda maraq üzrə yarımqrupların yaranması; qrupda liderlərin meydana çıxması və onların liderliyi tərk etməsi; qrupun inkişafı; qrup üzvlərinin rollarının dəyişməsi.
|
Psixososial nəzəriyyələr imkan verdi ki, bu yanaşmalar əsasında qrup işinin əsas kliniki modeli yaradılsın. Qrup prosesinin əsasında qarşılıqlı fəaliyyətin psixososial modeli durur. O, beş elementdən ibarətdir: qruplar; xüsusi ehtiyacları olan qrup üzvləri; qrupda fəaliyyət; sosial işçi və qrupun qarşılıqlı fəaliyyəti; müştərinin probleminin tənzimlənməsi və həll edilməsi.
2. SOSİAL QRUP İŞÇİSİNİN ETİK PRİNSİPLƏRİ
Sosial işçinin qrupun ehtiyaclarını, qruplararası qarşılıqlı fəaliyyəti və situasiyanı qiymətləndirməsindən asılı olaraq “köməkçidən”, “müəllimə” qədər müxtəlif rolları əhatə edən rol repertuarı vardır. Sosial işçi öz fəaliyyəntində müəyyən ölçülü istiqanlılıq göstərməli, təbii və peşəkar olmalı, göştərişlər verməməlidir. Fərdi işdə olduğu kimi qrup işində də qrup münasibətlərinə terapiya üsulu kimi baxılır. Bu münasibətlər həm qrupdakı müştərilər arasında, həm də sosial işçi ilə müştəri arasında yaranır. Burada sosial işçi və müştəri arasında identifikasiya böyük rol oynayır. Buna isə qeyri-formal ünsiyyət, sosial distansiyanın azaldılması və inam vasitəsilə nail olunur.
Sosial işçi müştəriyə kömək göstərilməsinə görə məsuliyyət daşıyır. Onun işi birbaşa insan duyğuları, ekzistensial dəyərlərlə bağlıdır və o, bütün bunlar interaksional prosesin qanuni komponentləri kimi dəyərləndirir. Sosial işçi səlahiyyət çərçivəsi daxilində hakimiyyət funksiyasını yerinə yetirir. O, qrupun inkişaf etməsinə, qarşıya qoyulan məqsəd və tapşırıqların yerinə yetirilməsinə nəzarət edir, lakin o, qrupun muxtar şəkildə inkişaf etməsini məhdudlaşdırmır, onun müstəqilliyini dəstəkləyir və onunla hakimiyyət səlahiyyətlərini bölüşdürür.
“İnsana kömək əli uzadılarsa, o çətin həyat şəraitini dəyişdirə bilər” fikri qrupla sosial iş idelogiyasının əsasını təşkil edir. Ümumilikdə sosial işin, qismən də qrup praktikasının humanist mahiyyəti məhz bundadır. Fərdi fəaliyyəti artırmağa istiqamətlənmiş sosial iş, qrup işində bu vəzifəni qruparası fəaliyyət vasitəsilə həyata keçirir. Qruparası fəaliyyətin özü də sosial işçidən aşağıdakı prinsiplərə riayət edilməsini tələb edir:
Qruparası qarşılıqlı fəaliyyətdə hər bir müştərinin özünəməxsusluğunun tanınması;
Qrupun müxtəlif obrazlılığının insan birliyinin növləri kimi tanınması;
Fərdin onun özünəməxsus imkanları, bacarıqları, zəiflikləri, bənzərsizliyi ilə birlikdə qəbul edilməsi;
Qrup üzvləri və sosial işçi arasında məqsədyönlü qarşılıqlı fəaliyyətin təsdiq edilməsi;
Qrupun hər bir üzvünə faydalı kontakt imkanının verilməsi və onun dəstəklənməsi;
Qrup məsələlərinin dəyişilməsi konteksində qrup prosesləri modifikasiyasının həyata keçirilməsi;
Qrupun hər bir üzvünün dəstəklənməsi, ona öz ehtiyaclarının aktuallaşdırması və reallaşdırması üçün şəraitin yaradılması;
Hər bir qrup üzvünə qrup prosesində öz fərdi problemlərini həll etməkdə iştirak etmək imkanının verilməsi;
Qrup üzvlərinin sosial münasibətlərdə yeni təcrübə qazanmalarına şəraitin yaradılması;
Məhdudiyyət qoyma səlahiyyətindən məntiqlə istifadə edilməsi; qrupun qarşılıqlı fəaliyyət prosesində fərdin və onun situasiyasının qiymətləndirilməsi;
Qarşıya qoyulan məsələlərin tam həllinə nail olmaq məqsədilə qrupla iş proqramından məqsədyönlü şəkildə istifadə edilməsi;
Sosial işçi tərəfindən qrupun bütün üzvlərinə səmimi, dostcasına münasibət göstərilməsi.
3. QRUPLA SOSİAL İŞİN ÜMUMİ MODELİ
Dostları ilə paylaş: |