9.3. Müasir investisiya siyasəti və xarici investisiyaların yatırılmasının əsas prinsipləri.
Müasir investisiya siyasətinin prioritet istiqamətləri dünyada baş verən qloballaşma və rəqabət mühitinin təsiri altında yeni tendensiyalarla zənginləşməkdədir:
inteqrasiya proseslərinin dərinləşməsi və çoxşaxəli olması;
milli iqtisadiyyatların beynəlmilləşməsi, «açıq qapı» siyasətinin genişlənməsi;
milli iqtisadi maraqların qorunması proseslərinin təkmilləşdirilməsi və artırılması;
ölkələrin iqtisadi təhlükəsizlik konsepsiyalarının güclənməsi;
milli iqtisadiyyatların inkişaf proseslərinin artması və sosial-iqtisadi problemlərin həlli və s.
Qeyd etmək lazımdır ki, xarakterindən və mahiyyətindən asılı olaraq, investisiyaların bira sıra istiqamətləri və əsas prinsipləri formalaşmışdır:
kapital resursları, sahibkarlıq fəaliyyəti vasitəsilə (birbaşa və «portfel» formalı investisiyalar) və ssuda formasında həyata keçirilir;
Birbaşa investisiyalar - kapitalın xarici myəssisələrə yatırılması və bununla həmin müəssisə üzərində kompaniya səhimdarlarının kapitalının 20-25%-dən az olmamaqla nəzarətin təmin edilməsi;
«Portfel» formalı investisiyalar - xarici kompaniyaların qiymətli kağızlarının alınmasıdır və bu halda investor həmin müəssisə üzərində nəzarət aparmır, yalnız qoyduğu vəsaitlərin müqabilində faizlər və dividentlər əldə edir;
Ssuda kapitalının çıxarılması - adından göründüyü kimi, xarici firma və kompaniyalara, bank və maliyyə müəssisələrinə, dövlət orqanlarına orta və uzun müddətli pul kreditlərinin verilməsidir və bu halda investor öz mənfəətini ssuda faizi hesabına formalaşdırır və s.
Qeyd etmək lazımdır ki, investisiyaların hərəkəti, kapital axının gücləndirilməsi milli iqtisadiyyatların ayrı-ayrı sahələrinin sürətli inkişafına, istehsalın artımına əlavə stimullar verir, rəqabət qabiliyyətli məhsul istehsalı artır, ixrac təyinatlı məhsulların çeşidi genişlənir, əhalinin məşğulluq təminatları güclənir və s. Bununla belə, investisiya resursları digər ölkələrin milli sahibkarlıq subyektlərinin fəaliyyətini və milli kapital resurslarını məhdudlaşdırır, ölkənin iqtisadi təhlükəsizlik prioritetlərinə mənfi təsir göstərir, milli iqtisadiyyatın xarici kapitaldan asılılığını gücləndirir və s.