Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


“Multikulturalizmə giriş” fənninin obyekti, predmeti



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə15/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   175
1 Multikulturalizmə giriş 2019

1.2. “Multikulturalizmə giriş” fənninin obyekti, predmeti 
və məqsədi. Onun digər ictimai elmlərlə münasibəti
Hər bir fənnin, elmin öyrənilməsi onun obyektinin, predmetinin və 
məqsədinin müəyyən edilməsindən başlayır. Bu isə öz növbəsində elmin 
məzmununun açıqlanmasına kömək edir. Elmin obyekti və predmeti bir-
birilə sıx bağlıdır. Lakin onları bir-birilə eyniləşdirmək düzgün deyil. Elmin 
obyektini insanın idraki fəaliyyəti vasitəsilə dərk olunan reallıq təşkil edir. 
Obyektin bilavasitə tədqiq olunan xüsusiyyətləri, əlamətləri, tərəfləri isə elmin 
predmeti kimi çıxış edir. Elmin obyekti onun predmetinə münasibətdə daha 
genişdir. Daha konkret desək, elmin predmeti onun obyektinin müəyyən bir 
hissəsi kimi obyektin bu və ya digər elm sahəsi üçün müəyyən elmi-nəzəri 
və praktiki əhəmiyyət kəsb edən xüsusiyyətlərini, əlamətlərini, tərəflərini əks 
etdirir. Elmin predmeti subyektin, yəni tədqiqatçının obyektə münasibətini ifadə 
edir. O, subyekt tərəfindən reallığın hansı xüsusiyyətlərinin və əlamətlərinin 
öyrənildiyini göstərir.
Elmin obyekti və predmeti haqqında yuxarıda deyilənləri nəzərə alaraq 
“Multikulturalizmə giriş” fənninin obyektini və predmetini müəyyən etmək olar. 
“Multikulturalizmə giriş” fənninin obyektini çoxmədəniyyətlilik təşkil edir. 
Əvvəlki yarımfəsildə qeyd olunmuşdur ki, çoxmədəniyyətlilik məfhumu sözün 
geniş mənasında işlədilən multikulturalizm məfhumunun məzmununu əks edir 
və o, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəliflikləri, eləcə də 
bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərləri ehtiva edir. 
“Multikulturalizmə giriş” fənninin predmetinə gəldikdə isə, 
cəmiyyətdəki 
çoxmədəniyyətliliyin, yəni etnik, irqi, dini və mədəni müxtəlifliklərin, bu 
müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının 
yollarını öyrədir. 
Fənnin predmetinin tərifində onun məqsədi aydın şəkildə özünü büruzə 
verir. 
Müasir multikultural cəmiyyətdə etnik, irqi, dini və mədəni müxtəlifliklərin, 
həmçinin bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin 
qorunmasının yollarının müəyyən edilməsi “Multikulturalizmə giriş” fənninin 
məqsədidir.
“Multikulturalizmə giriş” fənninin obyekti olan çoxmədəniyyətliliyi digər 
fənlər də öyrənə bilər. Məsələn, çoxmədəniyyətlilik fəlsəfə, sosiologiya və 


MULTİKULTURALİZMƏ GİRİŞ
22
mədəniyyətşünaslıq kimi elmlər üçün də tədqiqat obyekti qismində çıxış edə bilər. 
Lakin bu sadalanan elmlərin hər biri çoxmədəniyyətliliyə öz predmetinə uyğun 
şəkildə yanaşır. Fəlsəfə çoxmədəniyyətliliyin əsasən mahiyyətini, sosiologiya 
onun cəmiyyətdə formalaşmasını, digər sosial hadisələrlə münasibətlərini, 
mədəniyyətşünaslıq isə daha çox əhəmiyyətini ön plana çəkir.
“Multikulturalizmə giriş” fənni
interdissiplinar
bir fəndir. O, fəlsəfə, 
tarix, sosiologiya, kulturologiya, hüquq, politologiya kimi ictimai elmlərin 
müddəalarına əsaslanır. Bu müddəalar “Multikulturalizmə giriş” fənninin 
predmetinin əsaslı şəkildə dərk olunmasına kömək edir. 
Qeyd olunan ictimai elmlərin “Multikulturalizmə giriş” fənninə təsirini 
nəzərdən keçirək.
Fəlsəfə 
“Multikulturalizmə giriş” fənninin nəzəri-metodoloji əsasını 
təşkil edir. “Multikulturalizmə giriş” fənni fəlsəfənin bir neçə mühüm elmi-
nəzəri müddəalarına əsaslanır. Məsələn, müasir fəlsəfə elmində geniş yayılmış 
mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyası və bu ideyaya 
əsaslanan mədəni-sivilizasion yanaşma cəmiyyətdəki etnik, dini, irqi və mədəni 
müxtəlifliklərin tənzimlənməsində multikulturalizmin digər siyasət modellərindən 
daha üstün və daha optimal siyasət modeli olmasını əsaslandırmağa kömək edir. 
Bundan başqa multikulturalizm bir nəzəri-ideoloji cərəyan kimi yeni dövrdən 
bəri dünya fəlsəfi fikrində olan bəzi nəzəriyyələrə əsaslanır. Müasir dövrdə 
isə multikulturalizmin nəzəri əsaslarından olan liberalism və kommunitarizm 
yanaşmaları öz mahiyyətinə görə fəlsəfi yanaşmadır.
“Multikulturalizmə giriş” fənninin bir çox nəzəri müddəaları müxtəlif 
ölkələrdə baş verən hadisələrin ümumiləşdirilməsinın nəticəsində əldə edilmişdir. 
Tarix elmi
tərəfindən empirik material kimi təqdim olunan faktlar, xüsusilə də 
müxtəlif ölkələrdə etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsi 
təcrübəsi bu fənnin bir sıra mühüm müddəalarının əsaslandırılması üçün mühüm 
rol oynayır. 
Sosiologiya
ilə “Multikulturalizmə giriş” fənninin münasibətinə gəldikdə 
qeyd etmək lazımdır ki, sosiologiya elmi multikulturalizmə bir sosial hadisə 
kimi yanaşaraq onun mahiyyətinin müəyyən edilməsi istiqamətində mühüm 
rol oynayır. Bundan başqa sosiologiya multikulturalizmi bir sosial hadisə kimi 
sosioloji metod vasitəsilə tədqiq edərək onun digər ictimai hadisələrdən, ilk 
növbədə mövcud iqtisadi münasibətlərdən, dövlətin daxili və xarici siyasətindən, 


23
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
cəmiyyətin sosial strukturundan, hakim ideologiyadan, titul xalqın etnik-
mədəni dəyərlərindən asılılığını müəyyən edir. Başqa sözlə desək, sosioloji 
metod multikulturalizmin mahiyyətini, hərəkətverici qüvvələrini bu və ya digər 
cəmiyyətin inkişafı ilə əlaqələndirir. 
Kulturologiya
dünya xalqlarının mədəniyyətində, ədəbiyyatında, 
incəsənətində əks olunan etnik, dini və mədəni dəyərləri onların dünyagörüşlərinin 
və fəaliyyətlərinin mühüm bir istiqamətverici faktoru kimi təqdim edir. Bu, 
həm mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyasını, həm də 
multikulturalizmin cəmiyyətdəki etnik, dini, irqi və mədəni müxtəlifliklərin 
tənzimlənməsində əlverişli siyasət modeli olmasını təsdiqləyir.
Hüquq elmi
etnik, irqi, dini və mədəni azlıqların hüquqlarının müdafiə 
olunması və onların etnik-mədəni dəyərlərinin qorunması sahəsində beynəlxalq 
təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri təhlil etməklə multikulturalizmin, 
tolerantlığın beynəlxalq müstəvidə yayılmasına dair məlumat verir.
Politologiya elmi 
dünya ölkələrində multikulturalizmin meydana gəlməsi 
və inkişafını şərtləndirən amilləri müəyyən edərək etnik, dini, irqi və mədəni 
müxtəlifliklərin tənzimlənməsi təcrübəsi sahəsində ölkələr arasında olan 
fərqlərin səbəblərini açıqlayır. Bu, müasir dövrdə multikulturalizm siyasətinin 
müəyyən ölkələrdə uğurla həyata keçirilməsinin, digər ölkələrdə isə çətinliklərlə 
üzləşməsinin səbəblərinı anlamağa kömək edir. Bundan başqa multikulturalizm 
siyasətinin müasir dövr üçün ən aktual məsələlərindən biri olan- bu siyasətin 
meydana gəldiyi bir sıra Qərb ölkələrındə iflasa uğramasının səbəbləri göstərilir.


MULTİKULTURALİZMƏ GİRİŞ
24

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin