3.3.4. Dini ayin və mərasimlər
“İbadət” kəlməsi ərəb dilində hərfən “tapınmaq”, “boyun əymək”, “itaət
etmək” deməkdir. İslam dinində ibadətlər yalnız Allahın razılığını qazanmaq
məqsədilə yerinə yetirilir. Ondan başqasına sitayiş etmək Allaha şərik qoşmaq
kimi qəbul olunur.
İslam dinində ibadətlər üç qismə bölünür: 1. Bədənlə edilən ibadətlər; 2.
Mal və ya maddi qazanc ilə icra olunan ibadətlər; 3. Həm bədən, həm də mal ilə
yerinə yetirilən ibadətlər.
Bədənlə icra olunan ibadətlər içində ən əsası namaz (fars dilində
“ehtiram göstərmək” demək) sayılır. Namaz fars mənşəli sözdür, “ehtiram
göstərmək”,”ehtiramla əyilmək”, ”ibadət” mənasına gəlir. Bu sözün Qurani-
Kərimdəki qarşılığı ərəb dilində “dua”, “ibadət”, “qulluq”, “din” kimi müxtəlif
mənalara gələn “salət” kəlməsidir.
İslama görə, namaz - insana Allahı xatırladan, başqalarına sitayiş etməməyi
öyrədən, yüksək mənəvi duyğuları aşılayaraq bəşər övladını pis əməllərdən
çəkindirən bir ibadətdir. Bu ibadət xüsusi formada və müəyyən vaxtlarda icra
olunur. Müsəlmanlar namazdan əvvəl həm fiziki, həm də mənəvi paklığı ifadə
MULTİKULTURALİZMƏ GİRİŞ
112
edən dəstəmaz alırlar. Dəstəmaz bədənin müəyyən orqanlarının yuyulması və
məsh edilməsi ilə həyata keçirilən xüsusi təmizlənmə formasıdır. Qeyd edək
ki, “dəstəmaz” fars mənşəli sözdür; “dəst” (“əl”) və “namaz” kəlmələrindən
meydana gələrək leksik dəyişikliyə məruz qalan mürəkkəb sözdür. “Quran” və
hədislərdə dəstəmaz sözünün qarşılığı olaraq, ərəb dilində “təmizlik” mənasına
gələn “vudu” kəlməsi işlədilir.
Hər müsəlman səhər, zöhr, günorta, günəş qürub edərkən və gecə olmaqla
gündə beş dəfə namaz qılmağa mükəlləfdir. Həmçinin cümə günü günorta vaxtı
da namaz qılmaq (cümə namazı) vacib sayılır. Bundan əlavə, İslam dinində
Qurban və Ramazan bayramlarında yerinə yetirilən bayram namazı, vəfat edən
şəxsi son mənzilə yola salarkən icra olunan cənazə namazı və digər bir çox
namaz növü mövcuddur. Müsəlmanlar gündəlik namazlarını məscid və evlərdə,
yaxud təmiz olan istənilən yerlərdə qıla bilərlər. Cümə və bayram namazları isə,
əsasən, məscidlərdə yerinə yetirilir.
İslam dinində bədənlə edilən başqa ibadət növü orucdur. “Oruc” sözü
fars dilində “gündəlik” mənasına gələn “ruze” kəlməsindən törəmişdir.
Qurani-Kərim və hədislərdə oruc kəlməsinin qarşılığı kimi “savm” və onun
cəm halı olan “siyam” sözləri işlədilir. “Savm” ərəb dilində “özünü saxlama”,
“nəfsini saxlama”, “qarşısını almaq”, “pəhriz” mənasına gəlir. Oruc səhər dan
yeri ağarmağa başlayandan axşam günəş batana qədər tutulur. Bu müddət
ərzində yemək, içmək və cinsi həyatdan uzaq durmaq tələb olunur, eləcə də
yalan danışmaq, qeybət etmək kimi pis əməllərdən çəkinmək tövsiyə olunur.
Müsəlmanlar inanırlar ki, oruc insanı həm cismən, həm də ruhən paklandırır.
Ramazan ayında bir ay boyunca tutulan oruc İslam dinində ən mühüm
ibadətlərdən sayılır.
Mal və sərvət vasitəsi ilə yerinə yetirilən ibadətlər kateqoriyasına zəkat,
sədəqə və s. daxildir. Sərvət vasitəsi ilə icra olunan ibadətlər içində ən əsası zəkat
sayılır. “Zəkat” sözü ərəb dilində “artma”, ”çoxalma”, ”təmizləmə” deməkdir.
İslama görə, hər imkanlı müsəlman ildə bir dəfə zəkat, yəni öz sərvətinin müəyyən
bir hissəsini ehtiyacı olan möminə verməlidir. Zəkatdan fərqli olaraq, sədəqə
vermək könüllüdür. “Sədəqə” kəlməsi ərəb dilində “doğruluq”, “düzgünlük”
mənasına gəlir. İslamda sədəqənin verilmə miqdarı, şərti və vaxtı göstərilməyib.
Bu isə o deməkdir ki, hər bir müsəlman kasıb möminə əl uzatmaq məqsədilə
istədiyi vaxtda və miqdarda sədəqə verə bilər.
113
DÜNYA DİNLƏRİ
Müsəlman zəvvarlar “Məscidül-Həram”dakı Kəbə ətrafında dövr edərkən.
Daha əvvəl qeyd etdiyimiz kimi, İslam dinində həm bədən, həm də mal
ilə edilən ibadətlər də mövcuddur. Buna nümunə kimi həcc ziyarətini göstərmək
olar. “Həcc” kəlməsi ərəb dilində “getmək”, “yönəlmək”, “ziyarət etmək”
mənalarına gəlir. İslama görə, gücü çatan, yəni zəngin və sağlam olan hər
müsəlman həyatında ən azı bir dəfə həcc ziyarətinə getməlidir. Zilhiccə ayında
(hicri-qəməri və ya İslam təqviminin 12-ci ayı – Red.) yerinə yetirilən həcc
ibadətinin əsas məqsədi Məkkə şəhərindəki “Məscidül-Həram”ın (“Hörmətli
məscid”, “Müqəddəs məscid” və ya “Toxunulmaz məscid” mənalarına gəlir –
Red.) ərazisində yerləşən Kəbəni ziyarət etməkdir. “Kəbə” sözü ərəb dilində
hərfi mənada “kub şəklində olan ev” deməkdir. Həmçinin müsəlmanlar Kəbəni
“Beytullah”, yəni “Allahın evi” adlandırır, namaz qılarkən üzlərini bu müqəddəs
məkana tərəf çevirirlər. Həcc ziyarəti vaxtı isə onlar Kəbə ətrafında 7 dəfə
dövr edərək namaz qılırlar. Daha sonra Kəbənin yaxınlığında yerləşən Səfa və
Mərvə təpələri arasında müəyyən dini ayinlər yerinə yetirir, zilhiccə ayının 10-
12-də Məkkə yaxınlığındakı Mina dağında qalaraq namaz qılır, günahlarının
bağışlanması üçün dua edirlər. Adətən, həcc mərasimində iştirak edən zəvvarlar
Mədinə şəhərinə də baş çəkərək Peyğəmbər məscidini ziyarət edirlər.
MULTİKULTURALİZMƏ GİRİŞ
114
Dostları ilə paylaş: |