4.4. Qədim türk inancları
Göy Tanrı və ya Tenqriyə (“Tenqri”) inanc yalnız qədim türklərdə rast
gəlinirdi. Əski türk dilində
“Tenqri”
sözü sifət kimi işlədilərək “səmavi, ilahi”
mənasına gəlirdi. Göy Tanrı dedikdə isə, göyün də bir yaradanı olduğu nəzərdə
tutulurdu.
Qədim türklər inanırdılar
ki, canlı və cansız aləmi yaradan
Göy Tanrı kainatın müqəddəratını
müəyyənləşdirir. O, hakimi-mütləqdir,
xaqanları, yəni hökmdarları təyin
edir, türkləri qoruyur. Odur ki, onlar
döyüşlərdəki qələbələrini, yaxud
məğlubiyyətlərini birbaşa bu uca tanrının hökmü ilə bağlayırdılar. Bununla
yanaşı, qədim türklər Göy Tanrının təsvir olunmasına qarşı çıxırdılar.
Əski türk inancına görə, kainat Göy Tanrı tərəfindən yaradıldığı üçün
onun bütün elementləri (günəş, ay, ulduz, dağ, təpə, dəniz, çay, bulaq, mağara,
meşə və s.) ruha malikdir. Beləcə ətraf aləmin ünsürlərini müqəddəsləşdirən
türklər “Yer-Su” adlandırdıqları təbiət ruhlarına da inanırdılar. Onların inancına
görə, bu təbiət ruhları Göy Tanrıdan asılıdır. Ona görə onlara hörmət göstərmək
vacib sayılırdı.
Yer-Su ruhları müxtəlif qruplara bölünürdü. Məsələn, dağ ruhları, meşə
ruhları, su ruhları və s. Qədim türklər meşəyə daxil olduqda sakitliyə riayət
etməyə və ona zərər vurmamağa çalışır, yalnız Yer-Su ruhlarının “razılığını
aldıqdan” sonra təbiətin bəxş etdiyi nemətlərdən istifadə edirdilər.
Qədim türklərin təbiətlə bağlı dini təsəvvürlərindən danışarkən, “Ötügən”ə
Qədim türk əlifbası (Orxon-Yenisey
əlifbası) ilə yazılmış “Tenqri” sözü.
191
MİLLİ DİNLƏR
dair inancı da qeyd etmək lazımdır. Belə ki, türklər ana təbiətə “Ötügən” (Ana
Torpaq) adı vermişdilər. Həmçinin “Ötügən” əski türklərin müqəddəs saydıqları
meşələrlə örtülü bir dağın adı idi. Türklər inanırdılar ki, Torpaq Ananın insanlara
münasibəti ağacların vəziyyəti ilə müəyyən olunur. Əgər ağaclar sağlam, güclü
yetişir və bol meyvə verirlərsə, deməli Torpaq Ana insanlardan razıdır. Bu
səbəbdən qədim türklər güclü və böyük bir ağaca tərəf duraraq Torpaq Anaya
dua edirdilər.
Həmçinin qədim türklər arasında
totemizm
geniş yayılmışdı. Məsələn,
türk mifologiyasında boz qurd müqəddəs heyvan sayılırdı. Türklərdəki boz qurd
totemi mübarizliyi, çevikliyi, vüqarlı olmağı və azadlığı təmsil edirdi. Bununla
yanaşı, türk dastanlarında türklərin əcdadlarının boz qurddan törəndikləri barədə
bəhs olunur.
Qədim türklərdə at da müqəddəs sayılırdı. At çapmaqda məharətləri ilə
seçilən türklər bu heyvana sədaqətinə görə ehtiram göstərirdilər. Həmçinin
qədim türk dastanlarında qəhrəmanların adı atları ilə birlikdə çəkilərdi. Məsələn,
Tulpar adı ilə tanınan qanadlı atdan tez-tez bəhs edilir. Təsadüfi deyildir ki, qədim
türklərdə döyüşçünün öz atı ilə birgə dəfn olunması adəti geniş yayılmışdı.
Qədim türklərin inanc sistemində “atalar” kultu əhəmiyyətli yer tuturdu.
“
Atalar” kultu ailənin vəfat etmiş üzvünə ehtiram və təzim göstərməyi ifadə
edir. Bu ehtiram yaşlılara, xüsusən ata və babalara qarşı göstərilir. Qədim türklər
əcdadların ruhlarına qurban gətirərək dualar edərdilər. Hətta onların şərəfinə
xüsusi mərasim və bayramlar təşkil edilərdi. Həmçinin “atalar” qədim türklərdə
qayda-qanunların yaradıcıları, adət-ənənələrin qoruyucuları olaraq qəbul edilirdi.
Bəzi tarixi qaynaqlarda qədim türklərdə təbiətin “od” ünsürünün də
müqəddəs sayıldığı qeyd olunur. Qədim türklər inanırdılar ki, evin və ailənin
ruhunu özündə ehtiva edən “od” ünsürü təmizləyici qüvvəyə sahibdir.
Qədim türklərin dini inancları barədə danışarkən qeyd etmək lazımdır ki,
onlar arasında şamanizm geniş yayılmışdı. Əksər türk xalqları İslam dinini qəbul
etdikdən sonra türk dünyasında şamanizm tədricən əhəmiyyətini itirmişdir.
Lakin müasir dövrdə Ural və Altay dağları arasında yaşayan türk xalqlarının
dini təsəvvürlərində şamanizm hələ də mühüm yer tutur.
Beləliklə, qədim dövrlərdə müxtəlif türk xalqları arasında fərqli dini
təsəvvürlərə rast gəlinsə də, sırf onlara məxsus, ortaq bir Göy Tanrı inancı
mövcud olmuşdur.
MULTİKULTURALİZMƏ GİRİŞ
192
Dostları ilə paylaş: |