Sxem 3.1. Nəzarət sisteminin nəzəri sxemi
Bu zaman, adətən bütün xarakteristikalar beş parametr- kəmiyyət, keyfiyyət, zaman, xərc və fəaliyyət istiqamətləri ilə ölçülür.
Müəssisənin resurs potensialının qiymətləndirməsi nöqteyi-nəzərincə nəzarət sistemi aşağıdakı elementləri özündə əks etdirir:
Heyətə nəzarət (ixtisas dərəcəsinə və psixoloji amillərə görə idarəetmə strukturunun fəaliyyətinin səmərəli təşkili), strukturlarda fəaliyyət göstərən işçilərin ixtisasları, klassifikasiyası və yaş həddi;
Xərclərə nəzarət (istehsal xərcləri)- ölkədə və xarici ölkələrdə müəssisələrin xərclərinə nəzarət etmək məqsədi ilə nəzəri və praktik təcrübələr əsasında hazırlanmış sistem mövcuddur, bu sistem eyni zamanda qeyri-istehsal xərclərinə də ciddi nəzarət edir;
Marketinq fəaliyyətinin nəticələrinə nəzarət (bazarın öyrənilmə səviyyəsinin, malların istehlakçılara çatdırılmasının səmərəliliyinin qiymətləndirilməsi);
İstehsalata və ehtiyatlara nəzarət (əsas və köməkçi fəaliyyət və növlərinə ayrılmış resurslara görə aparılır);
Qeyri-material aktivlərə nəzarət (iş aləmində imicin qorunması, komandanın əhval-ruhiyyəsinin saxlanılması və qorunması). Onu da qeyd etmək lazımdır ki, praktiki olaraq bu prosesin təşkili çox mürəkkəbdir. Bu isə qeyd olunan nəzarət sisteminin formalaşdırılmasında bir sıra çətinliklər yarada bilər.
Qiymətlər zəncirinə əsaslanmış strateji təhlilin belə prinsipial sxemi qərb menecerləri və tədqiqatçı alimləri tərəfindən geniş istifadə edilir. Sənaye müəssisələrinin resurs potensialının təhlili prosedurasını daha ətraflı nəzərdən keçirək. Onu da qeyd etmək lazımdır ki, bu proses təsərrüfatçılığın müasir şəraitinə tam adaptasiya olunub və hətta bir sıra illərdə ölkənin konkret müəssisələrində sınaqdan keçirilib. Hal-hazırda müəssisənin resurs potensialının təhlili istiqamətində ümumi qəbul edilmiş iki yanaşma vardır. Birincisi, öz resurslarının (ehtiyatlarını) qiymətləndirilməsini və onlardan səmərəli istifadə edilməsini dəyərləndirən maliyyə və müqayisəli təhlili özündə əks etdirən M.Porterin qiymətlər zəncirinə müvafiq istiqamətlərə əsaslanır. İkinci yanaşmada isə təsərrüfat fəaliyyətinin ənənəvi təhlili çox zaman sadə maliyyə təhlilinə əsaslanır. Birinci və ikinci yanaşma təsərrüfatçılığın müasir şəraitində tam səmərəli qəbul edilə bilməz. Belə ki, bir tərəfdən bu yanaşmalar başqa metodoji prinsipə və informasiya bazasına, digər tərəfdən isə daha çox strateji idarəetməyə deyil, faktiki məqsədə cavab verir. Müəssisənin resurs potensialını qiymətləndirmək məqsədi ilə təcrübədə sınaqdan keçirilmiş və yuxarıda göstərilən yanaşmaların prinsip və qaydalarından bir çox hallarda istifadə edən prosedurlar vardır.