7.6. Uçotda innovasiya Uçot eyni zamanda iki səviyyədə –dövlət və şirkətdaxili idarəetmənin daha çox konservativ funksiyasına aiddir. Dövlətin fiskal maraqları firmaların fəaliyyəti nəticəsində büdcəyə daxil olan vəsaitlərin səviyyəsinin yalnız saxlanılmasına deyil, eyni zamanda daxil olmaların səviyyəsinin artırılmasını tələb edir. Bu isə bütövlükdə ölkədə mühasibat uçotunun təşkili və təkmilləşdirilməsi üzrə dövlətin təşəbbüsü ilə baş verir, belə ki, mərhələlərlə mühasibat uçotunun normativ aktlarında yeniliklər və dəyişikliklər edilir. Bu isə uçotda innovasiyanın “yuxarıdan aşağı” aparılan birinci nümunəsidir.
Müasir mərhələdə uçotda innovasiyanın aparılmasının parlaq nümunəsi kimi vahid mühasibat uçotundan idarəetmə uçotu, maliyyə uçotu və vergi uçotunun ayrılmasını göstərmək olar. Bu yanaşmanın iqtisadiyyatın bütün sahələrində aparılması təklif olunur. Qeyd etmək lazımdır ki, bütün innovasiyalarda olduğu kimi burada da dərin metodoloji əsaslandırmanın aparılması tələb olunur. Belə ki, yoxsa mühasibat uçotu (idarə etmənin vacib funksiyası kimi) zərər çəkər.
Uçotun göstərilən formalarının təşkili və saxlanılması praktiki olaraq mərkəzləşdirilmiş formada tənzimlənmir.
Beləliklə, burada daha geniş innovativ fəaliyyət göstərmək olar. Bunlar nəzərə alınan məlumatların tərkibinə, onun daşıyıcıları, texnologiyaları üzrə baş verir.
Uçotda səhvlər böyük itkilərin baş verməsinə səbəb ola bilər, ona görə də uçotda aparılan bütün innovasiyalar ciddi əsaslandırılmalıdır. Uçotda innovasiya təşəbbüsləri bir qayda olaraq şirkətin yuxarı idarə etmə strukturuna aid olur.
7.7. Kadr hazırlığında innovasiya Şirkətin işçi heyyətinin rəqabət mühitində rolu olduqca yüksəkdir. Bazarda şirkətin uğurları kadrların peşakarlıq səviyyəsindən – kvalifikasiyasından, çevikliyindən və innovasiya tələblərinə müvafiq şəraitə uyğunlaşma bacarığından, fəallığından, mütərəqqi baxışlarından, mümkün olan fəaliyyət variantlarından, bilik və bacarığına görə yanaşmalarından və digər keyfiyyətlərindən çox asılıdır.
Göstərilən keyfiyyətlərin formalaşdırılması kadr-mütəxəssis hazırlığından çox aslıdır. Bu kifayət qədər mürəkkəb bir sistemdir, beləki, mütəxəssis hazırlığı ümumtəhsil, profesional, xüsusi hazırlıq, bilik və bacarıq vermək üçün təlim-tərbiyənin aparılmasını, humanitar və profesional vərdiş etikasını əhatə edir. Bu hazırlığın böyük bir hissəsi istənilən şirkətin fəaliyyət dairəsindən kənardadır, ancaq bu işin müəyyən hissəsi şirkətin hesabına birbaşa kollektivdə yerinə yetirilir.
Kadr hazırlığı xüsusi texnologiya, məlumat və material-texniki bazaya, təşkilatı və nəzarət metodlarına malikdir və onlar mütəxəssis hazırlığında mühüm rol oynayır.
Beləliklə, bunlar innovasiya fəaliyyətinin obyekti kimi çıxış edə bilər və onlar aşağıdakılara istiqamətlənib:
- yeni məlumatların mənimsənilməsinə;
- biliyin modernləşdirilməsinə;
- şirkətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə güclərin intensivləşdirilməsinə;
- kadr hazırlığı ilə əlaqədar xərclərin azaldılmasına;
- yeni biliklər və vərdişlərdən istifadə sferasında xərclərin azaldılmasına;
- mütəxəssis hazırlığı müddətinin azaldılması və innovasiyanın başqa formalarının mənimsənilməsinə.
Bir qayda olaraq, rəqabət mübarizəsində müxtəlif göstəricilər üzrə bərabər olan firmalarda yüksək hazırlıqlı kadrlara malik olanlar qalib gəlir. Mütəxəssis hazırlığı üçün innovasiya layihələrinin hazırlanmasında qeyd olunanların nəzərə alınması əsas şərtdir.
Qeyd etmək lazımdır ki, səmərəli innovasiya strategiyasının və müvafiq alternativ fəaliyyətin hazırlanması bir sıra ciddi problemlər ilə əlaqədardır, bu problemlərə konkret innovasiya layihələrinin həyata keçirilməsinin qiymətləndirilməsi və uçotunun aparılması ilə əlaqədar məsələləri aid etmək olar. Rəqabətlilik şəraitində innovasiya riskinin qiymətləndirilməsi prosesində müəssisənin innovasiya strategiyasının həyata keçirilməsinin səmərəlilik dərəcəsinə təsir edən birbaşa və yardımçı parametrlər ilə yanaşı, səmərəlilik dərəcəsinə təsir edən bir çox amillər də nəzərə alınmalıdır. Ona görə də innovasiya layihələrinin həyata keçirilməsinin daxili imkanlarını nəzərə alan investisiya risklərinin məlum olan qiymətləndirilməsinə əlavə olaraq M.Porterin məşhur “beş rəqabət gücü” metodikası ilə təsnifləşdirilən, mümkün olan risklərin qiymətləndirilməsini təklif etmək olar. Eyni zamanda qeyd olunanlarla yanaşı mümkün olan risklərin qiymətləndirməsini aşağıdakı cədvəldə göstərilən işgüzar ətraf mühütin formaları və növlərinə görə də aparılması məqsədəmüvafiq olar.