14.6.3. Biliklərin tətbiqi, bacarıq və vərdişlərin formalaşmasına yönələn çalışmalar sistemi.
Bunsuz biliklər sisteminin əldə olunmasına yönələn inkişaf mümkün deyildir. Ona görə ki, əldə olunmuş biliklər (eyni zamanda fəaliyyət üsulları) şagirdin mənimsəməyə yönəldiyi sistemin elementləridir. Element və onun daxil olduğu sistem arasında isə dialektik əlaqə mövcuddur.
Mənimsəmənin komponentləri olan möhkəmləndirmə və tətbiqin əlaqəsi, onların bilik və bacarıqların inkişafı baxımından təlim prosesində həyata keçirilməsi yolları haqqında elmi ədəbiyyatda dəyərli mülahizələr vardır, həm də burada bacarıqların və vərdişlərin əmələ gəlməsi, onların daxili münasibətləri, mahiyyəti haqqında da fikirlər söylənilir.
Bacarıq və vərdişlərin formalaşması üçün çalışmalar sistemi əhəmiyyətli rola malikdir. B.A.Əhmədov çalışmalar sistemindən istifadə olunması işinin aşağıdakı ardıcıllıqla təşkil olunmasını məqsədəuyğun sayır: 1) formalaşdırılan bacarıq və vərdişin əhəmiyyəti başa salınır; 2) zəruri biliklər yada salınır, formalaşdırılmış bacarıqlar reallaşdırılır (işə qoşulur); 3) təlimat verilir; 4) çalışma müəllimin yaxından iştirakı və ciddi nəzarəti altında icra edilir; 5) müstəqil çalışmalar yerinə yetirilir. O, tövsiyə edir ki, yaradıcılıq bacarığının inkişafı baxımından biliyin yeni şəraitdə tətbiqi məsələsinə xüsusi fikir verilməlidir .
Təlim sistemində biliyin möhkəmləndirilməsi, bacarıq və vərdişlərin formalaşdırılması üçün çalışmaların sistemləşdirilməsində aşağıdakı iki tezis məntiqi olaraq qəbul oluna bilər:
1. Möhkəmləndirmə işi mənimsəmə proseinin mühüm mərhələlərində diqqət mərkəzində saxlanılmalıdır və yeni biliyin əldə olunmasında keçmiş təcrübənin, əldə olunmuşların zəruri hissəsinin seçilərək istifadə olunması, fəal işlənməsi həmin biliklərin möhkəmləndirilməsinin ən optimal yollarındandır.
2. Bacarıq və vərdişlər biliklərin müxtəlif növ tətbiqində formalaşır və inkişaf edir. Bu prosesdə bilik, bacarıq və vərdişlərin dialektik vəhdəti daha yaxşı təmin edilir və bu da onların inkişafını şərtləndirir. Belə ki, əvvəla, müvafiq biliyin biliklər sisteminə doğru irəliləməsi üçün mövcud bacarıq və vərdişlərin inkişafı ilkin şərt rolunda çıxış edə bilir. İkincisi, biliklərin standarta uyğun gəlməyən situasiyalarda tətbiqi isə yaradıcı bacarıq və müvafiq vərdişlərin formalaşmasına səbəb olur.
Bu əsasdan biliyin möhkəmləndirilməsinə, bacarıq və vərdişlərin formalaşdırılmasına, reallaşmasına yönələn çalışmaların aşağıdakı sistemini məqbul saymaq olar:
1)nümunə üzrə ica edilən; 2) alqoritmlərə əsaslanan; 3) sistemləşdirici tələb qoyan; 4) alqoritmlərin tərtibini tələb edən; 5) variativ, yeni şəraitdə biliyi tətbiq etməyə yönələn; 6) yeni biliyin əldə olunması üçün zəruri biliklərin bərpasını və fəallaşdırılmasını tələb edən; 7) yeni biliyin əldə olunması üçün zəruri biliklərin bərpası tələb olunan və yeninin daxil edilməsi ilə yerinə yetirilən; 8) şagirdi yaradıcı işlərə yönəldən çalışmalar.
14.6.4. Əyaniliklə sözün vəhdəti.
Təlimin əyaniliyi xüsusi vasitələrdən müəllimin sözü ilə uzlaşdırılmış şəkildə istifadə edilməsi nəticəsində həyata keçirilir. Hələ XIX əsrin ortalarında uşaqların əqli fəaliyyətlərinin aktivləşdirilməsi vasitəsi kimi əyaniliyin tətbiqi ideyası irəli sürülmüşdür. Uzun müddət həmin vasitələrin köməkçi rol oynaması nəzərdə tutulmuşdur: Onlardan biliklərin mənimsənilməsini asanlaşdıran və şagirdlərdə öyrənilən materiala maraq oyadan illüstrativ vasitə kimi istifadə olunmuşdur. Didaktikada əyani vasitələrə, əsasən, həyatla əlaqəsi istiqamətində baxılmış, onun rolunu hərtərəfli tədqiq etmək, bunu problem kimi araşdırmaq diqqətdən yayınmışdır. Məhz bu səbəbdən də bəzi tədqiqatçılar (məsələn, İ.İ.Pidkasisti, L.V.Zankov, M.İ.Maxmutov, M.A. Danilov, N.A.Mençinskaya, E.Q.Minqazov və başqaları) əyaniliyin təlimdə roluna belə klassik baxışı heç də kifayətləndirici hesab etməmiş, bu statusda istifadə olunan əyaniliyi şagirdlərin idrakının fəallaşması üçün hərtərəfli effektli vasitə saymamışlar. Təbii ki, əyaniliyin funksiyalarının məhdud şəkildə anlaşılması zərərli hal kimi qəbul olunmalıdır.
Q.İ.Şukinanın təlim prosesində əyaniliyin idrak yükünün “çoxmənalılığı” haqqında mülahizəsi, L.V.Zankovun və N.A.Mençinskayanın əyaniliyin üç funskiyası (əyanilik biliyin mənbəyidir, əyanilik deduktiv nəticələrin, hissi qavrayışın əsası və idrakın dayağıdır) haqqında fikirləri, sonuncuların qeyd etdiyi funskiyalara M.İ.Maxmutovun əlavə etdiyi əyaniliyin dördüncü funskiyası- təlim probleminin qoyuluşu, problemli vəziyyətin yaradılması vasitəsi olması barədə mühakimə diqqətəlayiqdir. E.Q.Minqarovun tədqiqatları şagirdlərin tədris-idrak fəaliyyətinin aktivləşdirilməsində əyaniliyin rolunu aydınlaşdırmaq imkanı yaradır. Onun fikrincə, şagirdlərin aktivləşməsi əyani vasitələrin tətbiqinin konkretdən abstrakta, ümumidən fərdiyə, hərəkət etməyəndən hərəkət edənə və s. keçid xətti və ya əks-keçid xətti üzrə gedir. Əks-keçid halı idrak məsələlərinin həllinin araşdırılması və induktiv nəticələrin tədqiqi prosesi üçün xarakterikdir.
Əyaniliyin aşağıdakı funskiyalarından istifadə etməklə təlim prosesinin idarəolunmasını yaxşılaşdırmaq mümkündür: 1) əyanilikdən empirik məlumatları əldə etmək vasitəsi kimi; 2) əyanilikdən deduktiv nəticələrin təsdiqi vasitəsi kimi; 3) əyanilikdən induktiv nəticəyə gəlmək, ümumiləşdirmənin, sistemləşdirmənin əsaslandırılması vasitəsi kimi; 4) əyanilikdən, bərpaedici fəaliyyətdən evristik fəaliyyətə keçid şəraitinin yaradılması vasitəsi kimi; 6) evristik fəaliyyətin illüstrasiya təminatını yaxşılaşdırmaq vasitəsi kimi.
Təlim sistemində əyani vasitələrin tətbiqi zamanı aşağıdakı tələblər gözlənilməlidir.
1.Təlim prosesi əyani vasitələrlə həddindən artıq yüklənməməlidir, əks halda tədris materiallarının başa düşülüb mənimsənilməsində şagirdlərin müstəqilliyini və fəallığını aşağı salır. Əyani vasitələrin çoxluğu biliklərin mənimsənilməsinə maneçilik törədir, axtarış prosesinə mənfi təsir göstərir.
2. Əyani vasitələrdən istifadə edilməsinin aydın məqsədi olmalıdır. O, əqli fəaliyyətin növlərinin idarə olunmasını şərtləndirməlidir.
3. Şagirdlərdə kənar assosiasiyalar yaratmaq üçün əyani vasitədə lüzumsuz heç bir şey olmamalıdır.
4. Əyani vasitə tətbiq edərkən şagirdlərin imkanları nəzərə alınmalıdır. Belə bir fikir yanlışdır ki, aşağı siniflərdə yalnız şəkilli əyani vasitələrdən istifadə olunmalıdır. Uşaqları şərti təsvirlərdən istifadə etməklə əlaqələri, asılılıqları başa düşməyə alışdırmaq zəruridir.
Dostları ilə paylaş: |