14.6. Vasitələr sistemi
14.6.1. Suallar və onların təlimdə yeri
Şagirdlərin bilik və fəaliyyət üsullarını böyüklərin köməyi ilə mənimsəməsi heç də onların təfəkkür müstəqilliyini istisna etmir, əksinə tələb edir. Əks təqdirdə biliklərin mənimsənilməsi sırf formal, səthi, düşünülməmiş, mexaniki işə çevrilərdi. Bəşəriyyətin tarixi inkişafı gedişində həm biliklərin mənimsənilməsi, həm də tamamilə yeni biliklərin əldə edilməsi üçün fikri fəaliyyət zəruri əsasdır. Bu çətin təkzib oluna biləcək mülahizədən sualın təlimdə rolunu və yerini görmək çətin deyildir. Hafizədən təfəkkürə keçid, təfəkkür prosesi bütövlükdə məhz sualla bağlıdır. Bu münasibətlə professor Ə.Bayramov yazır ki, təfəkkür cisim və hadisələr arasındakı müxtəlif əlaqələri əks etdirdiyi üçün hər bir konkret halda məhz həmin əlaqələri tapmağa, axtarmağa yönəlmiş olur. Həmin axtarış, adətən, müvafiq söz siqnallarına cavab olaraq meydana çıxır. Belə siqnal sualdır. Sualı ya insanın özü qarşıya qoyub ona cavab axtarır, ya da başqası irəli sürür. Təfəkkür həmişə sualdan başlayır. Suala cavabaxtarma prosesində cisim və hadisələr arasındakı əlaqə və münasibətlər əks etdirilir. İnsanın fəaliyyəti dərk olunmuş məqsədi ilə əlaqədar olaraq tənzimlənir. Məqsədinə uyğun olaraq dərketmə, dəyişdirmə fəaliyyəti zamanı o, mərkəzi suala istiqamətlənən yardımçı sualları, mərkəzi sual formalaşdıqdan sonra onun açılışına yönələn digər sualları irəli sürür və tapdığı cavablar əsasında biliksizlikdən biliyə doğru irəliləyir. Təlim prosesində məktəblinin qeyd olunan xarakterə malik dərketmə və dəyişdirmə fəaliyyəti müəllimin rəhbərliyi altında xüsusi şəraitdə həyata keçirilir. Təlim prosesində suallar məqsədə və bu prosesin mahiyyətinə uyğun olaraq spesifik xarakterə və funksiyalara malik olur. Bir çox müəlliflər, o cümlədən M.İ.Maxmutov göstərir ki, şagirdlərin idrak fəaliyyətinin aktivləşməsində suallar, bəlkə də, birinci dərəcəli əhəmiyyətə malikdir. Suallar təlim prosesində biliyin əldə olunmasının vasitəsi kimi qədimdən tətbiq olunmaqdadır... “Sokrat öz yetişdirmələrinə biliyi hazır şəkildə verməmiş, onları düşündürücü sualların köməyi ilə həqiqəti dərk etməyə doğru istiqamətləndirmişdir. Şagird suala cavab verəndə Sokrat səhvi düzəltmir, əlavə sualların vasitəsilə suala verilən cavabın düzgün olmadığını ona başa salırmış...
Sokratın verdiyi təlimin mahiyyəti bundan ibarətdir: Didaktik vəzifə irəli sürür, həmin vəzifəyə şagirdlərin diqqətini cəlb edirdi. Sonra müəllim öz suallarını və gətirdiyi nümunələrin köməyi ilə fikrin inkişafını istiqamətləndirir, alınan cavablar isə şagirdin düşüncə tərzi, fikrin real inkişafı haqqında müəllimə lazımi informasiya verirdi. Burada müəllimin məqsədi, yəni irəli sürülmüş didaktik vəzifə, şagirdin öz məqsədinə çevrilir, müəllimlə şagird arasında fəal əlaqə yaranır, şagirdin idrak fəaliyyəti müəllimin suallarının vasitəsilə idarə olunurdu” .
N.Q.Dayri suallardan təlim prosesində istifadə olunması barədə metodik aspektli mülahizələrində göstərir ki, suallar az vaxt sərf etməklə şagirdlərin inkişafı üzrə çox müxtəlif işləri aparmağa imkan verir. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq suallar əvvəl öyrənilmiş biliklərin möhkəmliyini, şagirdin hafizəsini, onun diqqətini yoxlamağa istiqamətlənə bilər .
Suallar vermək yolu ilə şagirdi faktların təhlilinə cəlb etmək, yəni hadisənin əvvəl öyrənilmiş hadisə ilə oxşar və fərqli cəhətlərini aşkar etməyə yönəltmək, nəticə çıxarmaq, ümumiləşdirməyə təhrik etmək, müxtəlif asılılıqları tapmaq və məntiqi əməliyyatları yerinə yetirmək işinin iştirakçısına çevirmək mümkündür. Müəllim suallar vasitəsilə dərketmənin əməliyyat cəhətlərini aşkara çıxarır. O, suallar qoymaqla müqayisə, ümumiləşdirmə, sistemləşdirmə əməliyyatlarından məktəblinin müstəqil dərketmə prosesində istifadə etməsini asanlaşdırır. Suallar şagirdin fikri fəaliyyətini biliksizlikdən biliyə doğru yönəldir. Odur ki, öyrəniləcək materialın məzmununun açılmasına kifayət dərəcədə yönələn suallar sistemini irəli sürmək vacib məsələlərdən hesab olunmalıdır.
Akademik M.M.Mehdizadə evristik və ya qismən axtarış metodunun mahiyyəti ilə bağlı fikirlərini açıqlayarkən sualın bəzi funksiyalarına, onun təlimdə rolu və yeri məsələlərinə də toxunmuşdur. M.N.Skatkin, İ.Y.Lerner də sualların funkiyasını şərh etməyə çalışmışdır. Təlimdə sualların elmi-pedaqoji əsaslarının işlənməsi praktikanın tələbidir. Bizim qənaətimizə görə, mükəmməl təlim sisteminin imkan daşıyıcıları, o cümlədən suallar funksiyalarını aşağıdakılardan asılı olaraq yerinə yetirir:
Təlim prosesi qarşısında qoyulmuş məqsəddən ;
Təlim sisteminin fəlsəfi-metodoloji, məntiqi-psixoloji, didaktik əsaslarından;
Təlim sistemində qarşıya qoyulmuş vəzifələrlə şagirdlərin real imkanları arasındakı ziddiyyətdən;
Alqoritmik və evristik fəaliyyət növlərinin təbiətindən, qarşılıqlı əkslik və asılılıq münasibətlərindən;
Təlimdə istifadə olunan innovasiyalardan;
Üstün mövqeyi seçilmiş altsistemin təbiətindən;
İmkan daşıyıcılarının (təlim sisteminin komponentlərinin) münasibətlərindən.
Sualların təsnifatı haqqında hələlik yekdil fikir formalaşmamışdır. Bəziləri hesab edir ki, suallar məzmununa, dil və intonasiyasına görə qruplaşdırılsın. Bu mövqedə olanlar düşünürlər ki, uyğun cavabların alınmasında vurğulanan cəhətlər vacib rola malikdir. Digərləri hesab edirlər ki, məqsədinə görə sualları fərqləndirmək daha effektlidir və onları a) bilavasitə uzaqdan istiqamət verən; b) köməkçi; c) düşüncə yaradan növlərə ayırmaq olar. Üçüncülər isə hesab edirlər ki, suallar iki növ – informasiyalı və problemli ola bilər.
Bir çox hallarda problemi sualla eyniləşdirirlər. Problemlə sualın fərqləndirici əlamətini onun vacibliyində və yaxud mürəkkəbliyində görürlər. Baxmayaraq ki, burada nə vaciblik , nə də mürəkkəblik problemin xüsusiyyətini açmır. Belə ki, çox vacib, çox mürəkkəb olan suallar problem olmaya bilər. “Problem” anlayışı ilə “sual” anlayışı arasında əlaqə olduğunu göstərmək mümkündür, amma onları eyniləşdirmək olmaz. Sual didaktik termin olmaqla belə bir mənaya malikdir: şagirdlərin idrak fəaliyyətinin idarə olunması və onların aktuallaşdırılması vasitəsidir.
14.6.2. Məsələ və ondan istifadə olunması
Təlim prosesində vasitələr kompleksinə aid olan imkan daşıyıcılarının mühüm elementlərindən biri də məsələ və onun sistemidir. Bu element təlim sistemində ona görə vasitə sayılır ki, o şagirdin bilik, bacarıq və vərdişlər sisteminin əldə olunmasına səbəb olan əqli fəaliyyətin, o cümlədən onun tərkiblərinin idarə edilməsində “alət” funksiyasını yerinə yetirir.
M.A.Danilov təlim prosesində məsələləri irəli sürməyin mühüm hesab etdiyi aşağıdakı qaydalarını göstərmişdir:
1. Şagirdlər qarşısında qoyulan idraki məsələ konkret məzmundan irəli gəlməlidir ki, biliklərin sistemi və elmin məntiqi pozulmasın;
2. Şagirdlərin qarşısında məsələ qoyarkən onların hazırki inkişaf səviyyəsi və hazırlığı nəzərə alınmalıdır ki, bu, işin görülməsi üçün real şərait yaratmış olsun;
3. Öz növbəsində məsələlərin məzmununda əqlin, təxəyyülün, yaradıcılıq proseslərinin inkişafı üçün zəruri məlumat olmalıdır, yoxsa öyrənmə şagirdlərin inkişafını irəlilədə bilməz;
4. Məsələnin həllinə yönəldilən konkret əməliyyatın aparılması üçün şagirdlərdə rəğbət oyatmaq (fəaliyyət üçün müsbət bir motiv yaratmaq) lazımdır;
5. Əvvəlcə müəllimlə əməkdaşlıq şəraitində sinifdə aparılan kollektiv işlə məsələ həll etməyi şagirdlərə öyrətmək, onları lazımi üsullarla silahlandırmaq, tədricən müstəqil, fərdi işlərə və məsələlərin müstəqil həllinə keçmək lazımdır .
Məsələlərin tipologiyası və sistemi praktik baxımdan o qədər də səmərəli şəkildə işlənilməmişdir. Y.M.Kolyaqin, Q.L.Lukankin və başqaları məsələnin komponentlərinin onu həll etməli olan subyekt üçün məchul olması əsasında təsnif edilməsi mülahizəsi ilə çıxış edərək aşağıdakı tipologiyanı təqdim etmişlər:
1.Standart məsələlər; 2. Öyrədici məsələlər; 3. Axtarış məsələləri; 4. Problemli məsələlər.
Bu istiqamətdə xeyli nümunələr göstərmək olar. Biz təlim sisteminin vasitələri kompleksinə daxil edilən məsələlərin aşağıdakı kimi təsnifatını məqbul sayırıq:
1. Başlıca olaraq yeni biliyin əldə olunmasına tələbatı formalaşdıran, təlim prosesinin qarşısında qoyulmuş məqsədin şagirdin idrak tələbatının təminolunma obyektinə çevrilməsinə xidmət edən məsələlər.
2. Başlıca olaraq yeni biliyin, naməlumun əldə olunmasına xidmət edən məsələlər, hansı ki, bunları aşağıdakı iki yarımqrupda birləşdirmək olar:
a) məzmununa və ya şagirdin qarşısında qoyuluşuna görə problemli idrak məsələləri;
b) məzmununa görə problemli , şagird qarşısında qoyuluşuna və həmçinin şərh olunmasına görə qeyri-problemli idrak məsələləri.
3. Biliyin möhkəmləndirilməsinə , bacarıq və vərdişlərin yaradıcılıq təcrübəsinin inkişaf etdirilməsinə xidmət edən məsələlər.
Bu qrupa aşağıdakılar aid edilir:
nümunə üzrə, tiplər üzrə çevrilmiş məsələlər;
dəyişdirilmiş situasiyalara tətbiq olunan, yaradıcılıq təcrübəsinin inkişafına xidmət edən məsələlər.
4. Əldə olunmuş nəticələrin müəyyənləşdirilməsinə, özü-özünü qiymətləndirmək keyfiyyətlərinin formalaşmasına istiqamətlənən məsələlər.
Təlim prosesinə məsələnin daxil edilməsini şərtləndirən amillər sırasında müəllimin pedaqoji ustalığı xüsusi yer tutur. Məsələlərin həlli prosesində belə bir sxem gözlənilir: 1) şagird tərəfindən müstəqil (və ya müəllimin iştirakı ilə) şərtin və tələbin dərk olunması, məsələnin ayrı-ayrı elementlərinin mənimsənilməsi və işlənilməsi, yaddaşın mürəkkəb sistemində lazımi məlumatların axtarılması, məsələnin komponentlərinin əlaqələndirilməsi üçün keçmiş təcrübənin və biliklərin bərpası işi həyata keçirilir. 2) şagird tərəfindən məqsədə yönəldilən sınaqlar, məsələnin məlum tipə aidetmə cəhdləri, mövcud şəraitdə daha çox münasib olan həll metodunun seçilməsi, həll planının axtarılması və onun təhlili müstəqil şəkildə və ya müəllimin yaxından iştirakı ilə həyata keçirilir; 3) həll planının həyata keçirilməsi üsullarının seçilməsi və nəticənin qeyd olunması işi yerinə yetirilir; 4) nəticə təhlil edilir, həllin daha da təkmilləşdirilməsi yolu axtarılır (araşdırılır), yeni biliklər və təcrübə sistemləşdirilir.
Dostları ilə paylaş: |