Təlimdə əməkdaşlıq prinsipi. Təlimdə müəllim və şagird fəaliyyəti bir-birini şərtləndirir. Təlim zamanı müəllim və şagirdlərin fəaliyyətləri arasında mürəkkəb və çoxcəhətli qarşılıqlı əlaqə mövcuddur. Şagirdlərin idrak və tədris fəaliyyətinin xüsusiyyətləri müəllimin təlim fəaliyyətindən asılı olduğu kimi, müəllimin təlim fəaliyyətinin sürəti və keyfiyyəti də şagirdlərin ona münasibəti ilə, onların tədris fəaliyyətlərinin səviyyəsi ilə şərtlənir. Başlıcası budur ki, şagirdlərin rəğbətini qazanan, onların ehtiyacını duyan, onlara valideyn qayğısı göstərən, şəxsiyyətlərinə hörmət edən,bir sözlə şagirdləri ilə əməkdaşlığa hazır olan müəllim öz yetirmələrinin həqiqi tərbiyəçisinə, məsləhətçisinə, müdrik yaşlı yoldaşına çevrilir. Şagirdlər bu cür müəllimi səbrsizliklə gözləyir, böyük məmnuniyyətlə onunla ünsiyyətə girir, fikir və hisslərini belə müəllimlə bölüşdürürlər. Şagirdlər məhz bu cür müəllimin fənnini sevir, həvəslə tədris fəaliyyətinə qoşulurlar. Odur ki, şagirdə təlimin fəal iştirakçısı kimi baxmaq lazımdır. Müəllim şagirdlərlə əməkdaşlıq etməli, onların tədris fəaliyyətini təşkil etməli, lazımi yardım və qayğı göstərməlidir.
Təlimin mahiyyəti ilə bağlı invariant asılılıqlardan irəli gələn, onun məzmununa, üsullarına, təşkili formalarına təsir göstərən, müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa imkan verən didaktik ideyaların (yəni təlimin prinsiplərini) tətbiqində hansınasa üstünlük verib, bir qisminə laqeydlik göstərmək yolverilməzdir. Təlimin prinsiplərindən (təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün irəli sürülən əsas tələblərdən) kompleks halda istifadə olunmalıdır. Ona görə də birincisi, nəzərə alınmalıdır ki, təlim vahid prosesdir. Vahid prosesə aid olan prinsiplərdən bir qismini tətbiq etmək, digər qisminə laqeyd qalmaq düzgün deyildir; ikincisi təlimin prinsipləri onun mahiyyəti ilə bağlı invariant asılılıqlarla şərtlənir, onlardan irəli gəlir. Təlim prosesində onun bütün invariant asılılıqları ilə hesablaşmaq lazımdır.
Təlimdə tam müvəffəqiyyət qazanmaq üçün onun bütün prinsiplərindən istifadə edilməlidir.
Təlimin prinsipləri bütün fənlərin tədrisində hər bir müəllim tərəfindən nəzərə alınmalıdır. Bu müəllimdən yüksək elmi-nəzəri hazırlıq və sınaqlardan çıxmış təcrübəyə yiyələnməyi tələb edir. Real pedaqoji prosesdə təlim prinsiplərini sistemli tətbiq etmək yaradıcılıq işidir.
Dostları ilə paylaş: |