Bu sual vasitəsilə nə öyrənilir? Sual nəyə və hansı məqsədlərə çatmaq üçün verilir? Sual harada və hansı şəraitdə işləyə bilir? Onu respondentə hansı formada vermək lazımdır?
Amma, ən maraqlı olanı bizim məntiqi zəncirin köməyi ilə şaquli əlaqələrin qurulmasıdır. Bütövlükdə isə məntiqi zəncirə daxil olan suallara cavabların axtarışı tədqiqat situasiyasını strukturlaşdırmağa, bir növ tədqiqat məsələlərinin həllinin metodikasını işləyib hazırlamağa imkan verir. Bu zaman onların alternativ əsasda həlli üçün imkan açılır. Bu çox vacib momentdir ki, onun yoxluğu bir çox sosioloji tədqiqatı xarakterizə edir.
Alternativlik nə deməkdir? Sosioloji tədqiqatın keçirilməsinə hazırlaşan sosioloq onun keçirilməsinin bir neçə variantını, yığım metodunun seçilməsinin bir neçə variantını, empiriyanın analizinin bir neçə variantı [11], empirik qanunauyğunluqların interpretasiyasının bir neçə variantını «görməlidir». Analizin müxtəlif məntiqi sxemləri məhz elə alternativlik səbəbindən yaranır. Bu sxemlər öz növbəsində eynilə tədqiqatın hipotezləri, məsələləri, anlayışları kimi empirik interpretasiya olunurlar. Daha sonra isə riyazi formalizasiyanın da olması mümkündür.
«Məntiqi torlar, kobud olsalar da, ciddidirlər. Riyazi torlar isə incə və xırda toxunsalar da, möhkəm deyildirlər. Riyazi torlar problemin «qablaşdırılması» üçün əla üsuldur, amma, əgər bu problem əvvəlcədən məntiqi torla tutulmayıbsa, riyazi torlar onu heç vaxt tutub saxlaya bilməzlər» [13, səh.77]. Elmi metodologiyada belə analoji mülahizələr kifayət qədər çoxdur.
Axı sosioloq nəyi öyrənir? Bu suala cavab həm mürəkkəbdir, həm də eyni zamanda çox sadədir. Yenə də sadələşdirilmiş sxemə əsaslanacayıq. Sosioloq sosial hadisələri (narkomaniya, fahişəlik, «yeni ruhların» həyat tərzi və s.) öyrənir. Sosioloq referendumun nəticələrini, «cənab X-in seçkilərdə fenomenini» və s. kimi sosial faktları öyrənir. Sosioloq məsələn, sosiallaşma, siyasiləşmə kimi sosial prosesləri öyrənir. Sosioloq sosial normaları, dəyərləri, istiqamətləndirmələri, tələbatları, davranışı, identikliyi və s. öyrənir. Siz bu barədə yaxşı bilirsiniz (3, 7, 12, 16, 18, 22). Sosioloq sosial hadisə və proseslərin inkişafını dərk edir, təsvir edir, izah edir və qabaqcadan görüb deməyə cəhd edir. Bu zaman sosioloqu maraqlandıran sahə nə qədər dərindən və yaxşı öyrənilibsə, «Nəyi öyrənmək?» sualına cavab vermək bir o qədər çətin olur. [1, səh.32-36]
Sosioloq sosial reallığı hansı «dildə» öyrənsə də, ayrıca fərdin tərcüməyi-halından tutmuş sosiyetal səviyyəyə kimi bu reallığın hansı parçasını tədqiq etsə də, o, onu ya sosial hadisənin, ya sosial prosesin, ya sosial obyektin, ya ayrıca götürülmüş fərdlərin xüsusiyyətlərini aşkarlayan prizmadan baxıb tədqiq edir. «Sosiologiya dünyası» nəhəngləri tərəfindən tətbiq edilmiş başqa bir «sosiallığın» da olması müımkündür. O nəhənglərin adı bizə «Sosiologiya tarixindən» məlumdur. Onları sosial reallığın «dilinin» öyrənilməsi mövqeyindən müqayisə etməyə çalışın. Bu işdə sizə İ.F.Devyatkonun [5] çox maraqlı kitabı kömək edə bilər.
Hər bir sosioloq tədqiqatın məqsədindən, tədqiqat mənbələrindən, öz elmi dünyagörüşündən asılı olaraq sosial reallığın qavranılmasının müəyyən «dilinin» tərəfdarı olur. Bundan başqa, eyni bir sosial fenomeni öyrənmək üçün müxtəlif anlayışların dilindən istifadə etmək olar. Sadə bir misalı – sərxoşluq fenomenini nəzərdən keçirək. Birincisi, sərxoşların və alkoqola qurşananların hamısını bir yerdə müəyyən bir sosial birlik kimi tədqiq etmək olar. İkincisi, sərxoşluğu, onun inkişafı prizmasından bir sosial proses kimi nəzərdən keçirmək olar. Üçüncüsü, sərxoşluğu digər normal olmayan davranış formaları kontekstində sosial idarəetmənin obyekti kimi tədqiq etmək olar. Dördüncüsü, sərxoş və alkoqola qurşananların həyat yolunu, onların tərcümeyi-halı əsasında öyrənmək olar. Siyahını uzatmaq da olar.
Dostları ilə paylaş: |