Partlamayan minalar
Əliəkbər Məhəmmədi Puya
1984-cü ilin əvvəlləri idi. Bilmirəm hansı gün idisə, batalyonu toplayıb söhbət etdi. Söhbətinin əvvəlində həmişəki kimi həzrət Fatimeyi-Zəhraya (ə) salam verdi.
Boğazını qəhər tutdu və gözləri yaşla doldu. Həmişə belə idi. Xanımın adını çəkəndə ixtiyarsız gözü yaşarırdı. Sanki bütün vücudu məsum Əhli-beytə (ə) eşqdən ibarət idi.
Söhbətinin mövzusu qeybi yardımlar idi. Əməliyyatların birindən gözəl bir xatirə də danışdı:
«Əməliyyat gecəsi sakit və yavaşca düşmənə sarı irəliləyirdik. Yolda gözlənilmədən minalanmış bir sahə ilə üzləşdik. Sahənin minalandığını öyrənməyimiz Allahdan oldu, çünki belə şeylərə fikir vermədən gedirdik. Kəşfiyyat bölüyünün uşaqları mat-məəttəl qalmışdılar. Onlar bunu məndən öncə bildilər. Eşidəndə mən də yerimdə qurudum.
Öncəki gecələrdə bölgəni öyrənməyə gələndə belə bir sahə görməmişdik. Yalnız bir ehtimal vardı, o da bu idi ki, yolu yanlış gəlmişik. Sahənin o tərəfində düşmən mövqelərinin qaraltısı görünürdü.
Biz avanqard dəstə idik, geciksəydik, əməliyyat məğlub ola bilərdi. Kəşfiyyatçı uşaqlarla axtarmağa başladıq. Ümidimiz iraqlıların keçid yerini tapmaq idi, minaları zərərsizləşdirməyə vaxt yox idi. Bir neçə dəqiqə axtardıq, amma faydası olmadı.
Bütün batalyon bizdən bir qədər arxada hücum əmri gözləyirdi. Onların məsələdən xəbərləri yox idi. Kəşfiyyatçı uşaqlar təəccüblə mənə baxıb deyirdilər: «Nə edirsən, hacı?»
Avtomatla sahəni göstərdim.
– Görürsünüz ki, heç bir yol yoxdur.
– Yəni... qayıdaq?
Bir söz demədim. Yeganə ümidim Əhli-beytin (ə) qapısına getmək idi. Həzrət Fatimeyi-Zəhraya (ə) təvəssül etdim. O halda məni ağlamaq tutdu. Çox kövrəlmişdim. Dedim: «İlahi, nə edək?!»
Lütf və möcüzə təyin olunubsa və bir iş mütləq baş verməlidirsə, baş verəcək. Kimsə öz beynini məsələyə qarışdırsa və qüsurlu düşüncəsi ilə ölçsə, bir yerə çatmayacaq. Mən də o həssas şəraitdə sanki birdən-birə bütün ixtiyarımı əldən verdim. Özümdə deyildim. Birdən uşaqlara yaxınlaşdım. Hazır vəziyyətdə oturub hücum əmri gözləyirdilər. Dedim: «Qalx!»
Hamı ayağa qalxdı. Düşmən tərəfi göstərib cəld hücum əmri verdim, özüm də getməyə başladım. Kəşfiyyatçı uşaqların biri önümü kəsib təəccüblə dedi: «Hacı, nə etdin?!»
Hansı əmri verdiyimi orada bildim, lakin artıq çoxları minalanmış sahəyə girmişdilər və düşmənə atəş açırdılar. Başqa birisi dedi: «Hacı, hamını ölümə atdın».
Onların şübhə və gərginlikləri mənə də keçdi. Bir anlığa çox əsəbiləşdim, əllərimi qulaqlarıma qoyub bərk sıxmağa başladım. Hər an bir minanın partlamasını gözləyirdim.
Lakin həmin gecə son nəfərə qədər bütün uşaqlar minalanmış sahədən keçdilər, hətta bir mina da partlamadı. Onda özümə gəlib həmin sahədən düşmənə sarı qaçmağa başladım.
Səhər tezdən hələ əməliyyat ab-havasında idim. Birdən diviziya kəşfiyyatçılarından bir neçəsini gördüm. Qaça-qaça həyəcanla məni soruşurdular: «Hacı Burunsi haradadır? Hacı Burunsi haradadır?»
Onlara yaxınlaşdım.
– Nə olub?
– Bilirsən dünən nə etdin, hacı?
Səsləri ucadan və qeyri-təbii idi. Özümü bilməzliyə vurub soyuqqanlılıqla dedim: «Yox».
– Bilirsən batalyonu haradan keçirdin?
– Haradan?
Məsələni təfərrüatı ilə danışdılar. Güldüm.
– Məgər minalanmış sahədən keçmək olar?! Yəqin zarafat edirsiniz.
- Gəl gedək, özün bax.
Onlarla getdim. Minalanmış sahəni görmək həqiqətən, ibrətli idi. Bütün minaların üzərində ayaq izləri vardı. Bəzilərinin başları da əyilmişdi, amma Allaha şükür ki, heç biri partlamamışdı».
Allah Şəhid Burunsiyə rəhmət eləsin! Söhbətinin axırında ağlayaraq deyirdi: «Bilin ki, həzrət Fatimeyi-Zəhra (ə) və Əhli-beyt (ə) bütün əməliyyatlarda bizimlədirlər».
Şəhid Burunsinin döyüş yoldaşlarından olan Məhəmmədrza Fədakar deyirdi: «Həmin əməliyyatdan bir neçə gün sonra uşaqların iki-üçünün yolu həmin sahəyə düşür. Birinci adam ayağını sahəyə qoyan kimi minaların biri partlayır. Uşaqlar digər minaları da yoxlayıb hamısının işlək vəziyyətdə olduğunu görürlər».
Şəhid Burunsinin uğurlu əməliyyat barədə bütün nəzəri bundan ibarət idi: «Əhli-beytlə (ə) yaxınlığımızı artırmalı və imanımızı gücləndirməliyik».
İlk adam
Məhəmməd Həsən Şəbani
Kəlləqəndi bölgənin ən həssas və həyati yüksəkliklərindən idi. Düşmən oradan bizim yol və mövqelərimizə nəzarət edir, həmişə problem yaradırdı. Mehranın azadlığı üçün keçirilən əməliyyatda da bu problem çox əngəl törətdi.
Yadımdadır, əməliyyatın yeddinci günündə nəzərdə tutulan bölgələrin çoxu azad edilmişdi. Hətta S və At nalı yüksəklikləri də bizdə idi. Bütün bunlara baxmayaraq, Kəlləqəndi düşmənin əlində qalsaydı, əməliyyatın nəticəsi sıfra bərabər olacaqdı. Əməliyyatın uğuru o yüksəkliyin azad edilməsinə bağlı idi.
Düşmən bütün gücünü səfərbər edib oranı qorumağa çalışırdı. Bir neçə dəfə sınadıq, Kəlləqəndi bizim gəlişimizi səbirsizliklə gözləyirdi!
Əməliyyatın yeddinci günü Əbdülhüseyn yenə çökəkliyə gəldi, xüsusi təyinatlılardan ibarət Bilal batalyonuna getdi. Qulami, Əsgəri, Mirani Müqəddəm və başqa bir neçə iri bədənli və qorxmaz RPG atanlardan götürüb təkidlə dedi: «Kəlləqəndi bu gün azad olunmalıdır!»
Yanılmasam, günortaya iki-üç saat qalmış hücuma başladı. Əbdülhüseyn həmin RPG atanlarla birgə qabaqda getdi, xüsusi təyinatlı batalyon da onların arxasınca.
Polkovnik Casim təpənin başında ilan vurmuş adam kimi qıvrılırdı. O, Səddam Hüseynin kürəkəni və xalası oğlu idi, Bəəs-çilərdən ibarət çoxlu qüvvə ilə təpəni bərk-bərk tutmuşdu. Onun əmri ilə açılan amansız atəş nəticəsində uşaqlar dayandılar və daha irəliləyə bilmədilər. Əbdülhüseyn və digərləri daşların arxasında və kələ-kötürün arasında qalmışdılar. Lakin heç birinin qayıtmaq fikri yox idi.
Düşmən tərəfdən güclü atəş açılırdı. Birdən bir neçə helikopter göründü. Şübhə etmirdik ki, onlara ərzaq və silah gətirmişlər. Uşaqlar aşağıdan və yandakı təpələrdən atəş yağdırmağa başladılar. Bir az sonra helikopterlər kor-peşman geri döndülər.
Bizim üçün yaxşı fürsət yarandı. Əbdülhüseyn nərə çəkdi: «Allahu-Əkbər!»
Təkbir deyən kimi tez ayağa qalxıb irəli qaçmağa başladı. Uşaqlar da ona baxıb yenidən hücuma keçdilər. Çox keçmədən üstünlük bizə keçdi.
Polkovnik Casim və adamları pis vəziyyətdə sıxışmışdılar. Artıq bir neçə tərəfdən başlarına atəş yağdırırdıq. Son nəfəslərini çəkdikləri bəlli idi. Atəşləri hər an səngiyirdi.
Yavaş-yavaş vəziyyət elə dəyişdi ki, onlar üçün yalnız iki yol qaldı: ya təslim olmaq, ya da özlərini öldürmək.
Bu əsnada yenidən düşmən helikopterləri peyda oldu. Bu dəfə sayları çox idi və manevr tərzlərindən ərzaq və silahdan daha mühüm iş üçün gəldikləri bilinirdi. Özlərini riskə atıb təpənin üstünə qədər gəldilər.
Əbdülhüseyn məsələnin nə yerdə olduğunu bilib qışqırdı: «Komandirləri Casimi aparmağa gəlmişlər. Onu xilas etmək istəyirlər. Aman verməyin!»
Özü cəld helikopterlərə sarı bir RPG raketi yolladı, uşaqlar da atəşi gücləndirdilər. Kimdə hansı silah vardısa, onunla atəş açırdı. RPG raketləri isə dayanmaq bilmirdi. Helikopterlərin ikisini vurduq. Gurultu ilə daşlara dəyib partladılar.
Digər helikopterlər təpəyə maksimum yaxınlaşdılar. Sanki Səddamın özü tərəfindən Polkovnik Casimi xilas etmək əmri almışdılar. Lakin bacarmadılar. Biz təpənin başına yaxınlaşırdıq. Atəşimiz güclənəndə onlar qaçmağa üz qoydular.
Uşaqlar böyük sevinclə addım atır, daş-qayaların birindən o birinə hoppanırdılar. Kəlləqəndi təpəsinə ayağını qoyan ilk adam Əbdülhüseynin özü oldu. O, İslam Respublikasının bayrağını təpəyə sancdı, Polkovnik Casimi də özü əsir tutdu və tapançasını aldı.
Casim bizim ən yaxşı və ən ixlaslı döyüşçülərimizin şəhadətinə səbəb olmuşdu. Onların hər biri Əbdülhüseynə övlad kimi əziz idilər, özü onların yetişməsi üçün çox əziyyət çəkmişdi.
Hacı Casimi əsir tutanda uşaqların bir neçəsi ona hücum etdi. Lakin Əbdülhüseyn çox qətiyyətlə onların önündə dayandı və narahatlıqla dedi: «Bizim buna ixtiyarımız çatmır».
Uşaqlar daha narahat halda dedilər: «O, quduz itdən də pisdir, elə indicə qisas almaq lazımdır».
Əbdülhüseyn dedi: «Əgər qisas alınacaqsa da, bunu yuxarıdan təyin etməlidirlər, mən və siz yox».
Uşaqların heyrətli baxışları önündə özü Casimi arxadakılara təhvil verməyə apardı. Deyirdi ki, qorxuram onu öldürərlər.
Buna baxmayaraq, bu işi axıra çatdıra bilmədi. Bir qədər gedəndən sonra uşaqların biri fürsətdən istifadə edib süngünü dəstəyinə qədər Casimin qarnına sancdı.
Dostları ilə paylaş: |