Məcburi çıxış
Məcid Əxəvan
Həftədə bir-iki dəfə səhər düzülüşündə çıxış edirdi. Bir dəfə mərasimdən öncə məni çağırıb dedi ki, Əxəvan, bu gün sən çıxış edəcəksən.
Səsi baxışı qədər ciddi idi. Bir anlığa əl-ayağımı itirdim. O vaxta qədər bir yerdə çıxış etməmişdim. Təvazökarlıqla dedim: «Hacı ağa, sən natiqsən, mən bunu bacarmaram».
Səsi daha da ciddiləşdi.
– Çıxış etsən, öyrənəcəksən.
Boynumdan atmaq üçün israr etməyə başladım. Axırda hirsləndi.
– Mən savadsız kəndli bir qocayam, amma danışıram, sənsə təhsillisən, dərs oxumusan, niyə bacarmazsan?! Həqiqətən, ayıbdır!
Başımı aşağı saldım. Hacı gedə-gedə dedi: «Get, get hazırlaş, sən danışacaqsan».
Yalnız məni yox, briqadanın bütün komandir heyətini buna məcbur edirdi. Bir çıxış etmək məcburi idi, bir də Bəsic çadırında xörək yemək. Səhər yeməyi vaxtı deyirdi: «Vəhidi, Əxəvan və əməliyyat başçısı Cundullah batalyonuna getsinlər».
Özü də bir-iki nəfərlə başqa bir batalyona gedir, digərlərini də yerdə qalan batalyonlara göndərirdi. Belə olduqda, səhər yeməyinə sıravi Bəsic üzvlərinin qonağı olurduq. Öz işi həmişə hamıdan çətin olurdu: Bir-iki tikə bir çadırda yeyirdi, bir-iki tikə növbəti çadırda və s. Beləliklə, bütün çadırlara baş çəkmiş olurdu.
Nahar və şam yeməklərində də belə olurdu. Məcburi çıxışın və bu şəkildə xörək yeməyin səbəbini soruşanda deyirdi: «Uşaqlar sizi səsinizlə tanımalıdır, üzünüzlə yox».
O deyirdi: «Uşaqlar əməliyyat gecəsində qaranlıqda Əxəvanın üzünü görmürlər, səsini eşidirlər. «İrəliyə» deyən kimi bilirlər ki, bu, Əxəvandır. Mən «sola dönün» deyən kimi bilirlər ki, bu, Burunsidir».
Bu açıqlamanı eşidənlər onu alqışlayırdılar. Üstəlik, məcburi çıxışın və əsgərlərlə birgə xörək yeməyin faydalarından yalnız biri idi bu, başqa faydaları da var idi.
Yüz huri
Məcid Əxəvan
Hacı 17 Şəhrivər xəstəxanasında yatırdı. Bir gün atam onu görməyə getdi. Qayıdandan sonra dedi: «Sənin bu komandirin böyük adamdır».
– Necə məgər?
– Əsla bu dünyanın adamı deyil, burada müvəqqəti qalıb, əminəm ki, yeri başqa yerdir.
Hacının sözlərindən çox xoşu gəlmişdi. O, deyirdi: «Söhbət edərkən huridən söz düşdü. Qulağına dedim ki, hacı ağa, o dünyaya gedəndə birini də mənim üçün al».
O da gülüb dedi ki, baş üstə.
Sonra da çox mənalı bir söz dedi. Mənə dedi ki, biz öz yoldaşımızı o dünyanın yüz hurisinə dəyişmərik.
Atama dedim ki, hacı yoldaşını yaxşı tanıyıb. Elə fədakar və dözümlü bir qadının qədrini hacı kimi adam bilər.
124-cü briqada
Seyid Kazim Hüseyni
Vəlfəcr-hazırlıq əməliyyatından öncə idi. Batalyonları gecə təlimlərinə aparırdıq.
Bir gün Əbdülhüseyn motosikletlə gəlib dedi ki, gedək ətrafı gözdən keçirək.
Fəkkə bölgəsi çox qumlu idi. Piyadalar ən azı 30-40 kilometr getməli, yeddi-səkkiz kilometr də silah və texnikalarla irəliləməli idilər. Buna əhəmiyyətsiz yanaşdım.
– Biz hər gecə təlim keçirik.
– Yox, dəqiq planlarımız olmalıdır ki, uşaqların hazırlığı daha da artsın.
Sonra gülümsəyib sözünə davam etdi: «Fəthülmübin əməliyyatının xatirələrini yenidən yaşayacağıq».
Motosikletin tərkinə oturdum. Qaz verdi və yola düşdük.
Təxminən on beş kilometr getdik. Bir təpənin yanında saxladı. 124-cü təpə idi. Motorsikletdən enib təpənin başına çıxdıq. Yolda dedi ki, sənə o təpənin xatirəsini danışacağam.
Fəthülmübin onun batalyon komandiri kimi iştirak etdiyi ilk əməliyyat idi. Həmin əməliyyatda mən ondan ayrı düşdüm; o, bir səmtdən irəliləyirdi, mən başqa bir səmtdən.
Havadan hələ səhər ətri gəlirdi. Təpənin başında yerimizi rahatladıq və o, 124-cü təpənin xatirəsini danışmağa başladı:
«Əməliyyat komandirinin dediyi kimi, bizim işimiz çox mühüm idi. Düşmən mövqelərinin içinə doğru təxminən dörd kilometr irəliləyib bu təpəyə çatmalı idik. Ondan sonra işimiz başlayırdı. Düşmənin ən güclü diviziyasının qərargahı burada, bu təpənin üstündə yerləşirdi.
Üstəlik, təpəyə çatandan sonra əmri gözləməli idik. Demişdilər ki, əməliyyatın başlandığı elan olunan kimi bu bölgəni vurmağa başlayarsınız.
Əməliyyat gecəsi hamıdan tez biz yola düşdük. Yolumuz dırmıqlanmış yerdən idi. Çox əziyyətlə düşmən xəttini aşdıq. Sonra iş daha da çətinləşdi, lakin bu təpəyə çatana qədər ciddi problem yaşamadıq. Buraya yaxınlaşandan sonra uşaqlara işarə verdim ki, uzanın.
Hamı yerə uzandı. Burada olsaydın, bir nəfərin nəfəsinin səsini də eşitməzdin. Bütün diqqətim ətrafda idi. Zaman çox ağır keçirdi. Hər an ratsiyadan hücum əmrini gözləyirdim.
Bir neçə dəqiqə ötdü, amma xəbər çıxmadı. Hamıdan çox mən narahat idim. Elə şəraitdə canlı qüvvəyə nəzarət etmək çətin idi. Uşaqların düz başlarının üstündəki düşmən pulemyotları ən zəif bir səsə hazır dayanmışdılar. Düşmən diviziyasının qərargahının hər tərəfinə tikanlı məftillərdən dairə çəkmiş, torpaq və qum dolu kisələr düzmüş və digər maneələr yaratmışdılar.
Düşmən oranı elə düzəltmişdi ki, xətti yarılsa belə, ən azı qərargah müqavimət göstərə bilsin. Qərargahın hər addımına bir keşikçi qoymuşdular. Bir dəfə başımı qaldırıb baxanda özüm yeddi-səkkiz SUV avtomobili saydım.
Bir neçə dəqiqə də ötdü, hələ xəbər yox idi. Narahatlığım anbaan artırdı. Bir nəfərdən ən zəif bir səs çıxsaydı, həm öndən, həm də arxadan bizi atəşə tutacaqdılar.
Bundan ötrü çox narahat deyildim. Bizim batalyonumuz fədai kimi çıxış edirdi və uşaqlar şəhadətə hazır idilər. Narahatlığım əməliyyatın bilinəcəyinə görə idi. Onlar bizi görsəydilər, əməliyyat iflas edərdi.
Bir neçə dəqiqə də ötdü, bir xəbər çıxmadığını görəndə zikrə və təvəssülə başladım. Elə əvvəldə üzüm tamamilə islandı. Uşaqların belə sakit qala bilməsi üçün dua edirdim; birinin öskürəyi gəlsə də, səsi çıxmasın, Allah eləməmiş, silah-zad tərpənməsin. Ən çox da dua edirdim ki, tez əməliyyat əmri verilsin.
Təvəssül duasını oxuyurdum. Həzrət Peyğəmbərdən (s) başlayıb İmam Mehdiyə qədər oxudum, amma xəbər çıxmadı. Göz yaşları içərisində zikr və təvəssülə davam etdim. Çox keçmədən çiynim üzərindəki əli hiss etdim. Ratsiyaçı idi. Ratsiyanı uzatdı, onun əlindən necə aldığımı bilmədim. Komandir idi, çox astadan danışırdı.
– Allaha təvəkküllə başla!»
Sözü buraya çatanda Əbdülhüseyn susdu. Üzü qızarmışdı. Ağlayırdı. Uzaqlara baxır, deyəsən, həmin səhnələri görürdü. Bir az sonra sözünü davam etdirib dedi: «Mən nə olduğunu anlamadım, özümə gələndə gördüm ki, ratsiyaçı ilə tək qalmışam, hamı gedib. Bilmirəm tikanlı məftilləri və digər maneələri necə keçdilər, ancaq bilirəm ki, qısa müddət ərzində səngərləri və hər şeyi dağıdıb qərargahı tutdular. Bu, düşməni iflic etdi. Onlar komandirləri başları üstündə olanda məğlub olurdular, o ki qala komandirsiz olduqda.
Bizim tərəfdən uşaqlar digər səmtlərdən əməliyyata başlamışdılar. Düşmənin məyusluğu hər an artırdı. Həmin gecə bütün bu bölgələr bizim əlimizə keçdi.
Düşmənin qərargahında farsca yaxşı danışan bir neçə qadın vardı. Onların işi bizim ratsiya danışıqlarımızı dinləmək idi. Uşaqlar onları əsir tutdular. Onlar deyirdilər: «Biz birdən gördük ki, sizinkilər gəlmişlər və səngərlər bir-bir əldən gedir».
Əməliyyatın ertəsi günü komandirlərin biri yanıma gəldi. O, məni qucaqlayıb öpür və deyirdi: «Sən nə etdin ki, çox qısa müddətdə bu qərargahı çökdürə bildin? Bilirsən nə oldu? Düşmənin bütün qüvvəsi iflic oldu, başını itirdi. Axı komandiri, arxa-dayağı məhv olmuşdu!»
O, bizim bir neçə dəqiqə ərzində oranı tutmağımızı gözləmirmiş. O deyirdi: «Əməliyyat əmri verəndən sonra oturub hesabladıq ki, siz maneələrdən keçib qərargaha çatana və oranı vurana qədər çox çəkəcək, amma birdən gördük ki, qərargahın səngəri və ratsiyaları bir-birinə qarışdı və bütün sistemləri çökdü».
Dostları ilə paylaş: |