Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 2,92 Mb.
səhifə19/20
tarix24.05.2018
ölçüsü2,92 Mb.
#51252
1   ...   12   13   14   15   16   17   18   19   20

Daşsız qəbir


Məsumə Səbukxiz

Yuxudan diksindim. Kimsə ucadan ağlayırdı. Bir neçə saniyə özümü itirdim. Yavaş-yavaş özümə gəlib bildim ki, səs zaldan, Əbdülhüseynin yatdığı yerdən gəlir.

Dəhlizə çıxdım. Təxmin edirdim ki, Əbdülhüseyn oyaqdır və dua oxuyur. Yuxuda olduğunu görəndə isə əvvəlcə qorxdum. Sonra gördüm ki, həzrət Fatiməyi-Zəhra (ə) ilə danışır. Əslində, danışmırdı, ağlayaraq dərdləşirdi. Şəhid dostlarının adlarını çəkirdi. Övladı ölmüş ana kimi sinəsinə vurub zar-zar ağlayırdı: «Hamısı getdi, ana can, bəs bizim növbəmiz nə vaxtdır? Axı mən nə etməliyəm?»

Səsi getdikcə ucalırdı. Qorxdum ki, qonşuları da oyadacaq. Tələsik dedim: «Əbdülhüseyn!»

Heç nə dəyişmədi. Bir neçə dəfə ucadan adını çəkdim. Birdən yuxudan oyandı. Bütün üzü yaş içində idi.

- O qədər cəbhəyə getmisən ki, yuxuda da cəbhəni fikirləşirsən.

Birtəhər özünə gəlib narahat halda dedi: «Niyə oyatdın?!»

Təəccüblə dedim: «O qədər ucadan danışırdın ki, səsin hər yerə gedirdi».

Yorğanı çiyninə atıb otağa girdi. Arxasınca getdim. Bir tərəfdə büzüşüb oturdu. Sanki böyük bir xəzinəni əldən vermişdi. Daha narahat halda dedi: «Mən Xanım Fatimeyi-Zəhra ilə dərdləşirdim, nə üçün oyatdın?!»

Sanki məsələdən təzə xəbərdar oldum. Qəm-kədər bütün vücudumu bürüdü. Özümü onun yerinə qoyub halını başa düşdüm.

Həmin gecə yuxuda nə gördüyünü öyrənməyə çalışdım, amma bir söz demədi. Məzuniyyəti bitənə qədər də heç nə demədi və cəbhəyə yollandı.

O zaman hamilə idim. Vaxtıma 3-4 gün qalmış gəldi. Uşağın dünyaya gəlməsini səbirsizliklə gözləyirdi.

Nəhayət, məzuniyyətinin son gecəsində xəstəxanaya getdik. Məni bir stula oturdub, qəbul şöbəsinə yaxınlaşdı. Bizimlə bir qadın gəlmişdi, o da Əbdülhüseynlə getdi. O, şəhid olandan sonra həmin qadın deyirdi:

«Xəstəxananın işçilərindən biri ağa Burunsiyə dedi ki, qovluq açmalısınız. Ağa Burunsi ona dedi: «Əgər doğuş vaxtı çatıbsa, içəri göndərin, mən tələsirəm».

– Bu nə sözdür, ağa?! Qovluq açılmalıdır, yoxsa yox?!

Ağa Burunsi cibindən təyyarə biletini çıxarıb göstərdi.

– Bax, qardaş, mən cəbhəyə getməliyəm. Əgər işimizi tez yoluna qoysan, Allah sənə kömək olsun!

Elə bildi ki, ərin işini tez həll etmək üçün cəbhədən istifadə edir. Birdən ağa Burunsini itələyib qışqırdı: «Hamı cəbhəyə getmək istəyir. Nə üçün «cəbhə-cəbhə» deyirsən? Gözlə, gör arvadın nə etmək istəyir».

Mənim oğlum da cəbhədə idi və ağa Burunsinin vəzifəsinin nə olduğunu bilirdim. Öz-özümə dedim ki, indi bu alçağın dərsini verəcək.

Kobud bir reaksiya gözləyərkən hacı ağa heç nə demədən başını aşağı salıb bayıra çıxdı. Tez yaxınlaşıb yavaşca dedim: «Bilirsən itələdiyin adam kimdir?!»

Kişi üzümə baxdı. Çox təəccüblənmişdi. Dedim: «Yazıq! O indi istəsə, sənin atanı yandırar. Get Allahına şükür elə ki, bunlar kinli adamlar deyillər».

Nəhayət, həmin xanımın sözləri təsir etdi və məni tez əməliyyat otağına apardılar.

Uşaq dünyaya gələndən sonra məni başqa bir otağa köçürdülər. Özümə gələnə qədər bir müddət ötdü. Özümə gələndə anamın yanımda dayandığını gördüm.

– Qızdır, yoxsa oğlan?

Yorğun üzündə gözəl təbəssüm yarandı.

– Qızdır, balam.

– Halı necədir?

– Əladır.

Birdən Əbdülhüseyn və onun təyyarə bileti yadıma düşdü.

– Əbdülhüseyn getdi?

– Yox, biletini göndərdi ki, qaytarsınlar.

– Nə üçün?

– Sənə görə. Hirslənməyəsən deyə fikirləşdi ki, hələlik qalsın.

Mənə bundan yaxşı hədiyyə ola bilməzdi. Ürəkdən sevindim.

– Bəs indi haradadır?

– İstəyirdi ki, gecə ikən səni və uşağı evə aparaq, amma həkim qoymadı. İndi gedib ki, məsuliyyətinə dair kağızı imzalasın.

Bir az sonra gəlib yanımda oturdu, gülümsəyib halımı soruşdu. Üzünü anama tutub dedi: «Yaxşı, xala can, Zeynəb xanımı hazırla, Məsumə xanımla birgə aparaq».

Uşağa ad qoyduğunu öyrəndim. Bir neçə dəqiqədən sonra xəstəxanadan çıxdıq. Evə çatanda özü tez yatağa qaçdı, bir döşək götürüb sobanın yanında sərmək istədi. Anam dedi: «Burada yox, aparın otağa».

– Nə üçün?

– Buraya qonaq gələcək.

Döşəyi sərib dedi: «Eybi yox, qonaqları o biri otağa apararıq. Zeynəbdən və anasından yaxşı kim var ki, sobanın yanında otursun?!»

Döşəyin üstünə uzandım. Zeynəbi də qucağıma verib dedi: «Sobanın yanında qızıma soyuq dəyməz».

Məsciddən sübh azanının səsi gəldi. Anama dedi: «Xala, get namazını qıl. Sən gələnə qədər mən bunların yanındayam».

Əvvəldən Zeynəbi çox istəməyə başlamışdı. İkinci gecə uşağı bələkdə ayağının üstünə qoydu, ağzını qulağına yaxınlaşdırıb zümzümə etməyə başladı. Uşağın qulağına nə dediyini bilmirəm, ancaq özümə gələndə gördüm ki, çiyinləri tərpənir. Üzü bütün islanmışdı, gözlərindən dayanmadan yaş axırdı. Bir söz demək istədim, amma düşündüm ki, qoy öz halında olsun.

Zeynəbin üçgünlüyündə cəbhəyə getdi. Getməzdən əvvəl dedi: «İnşallah, Zeynəbi hamama aparanda qoymayın kimsə qulağına azan desin».

– Nə üçün?

– Özüm qayıdanda deyəcəyəm.

Zeynəbi bir dəfə hamama apardıq. Onun ömründən 17 gün ötəndə Əbdülhüseyn gəldi. Hələ oturmamış soruşdu ki, uşağı yuyundurdunuzmu?

– Bəli.

– Kimsə qulağına azan və iqamə oxumadı ki?



– Yox.

Oturub nəfəsini dərəndən sonra anama dedi: «Uşağı yenə hamama aparın».

Körpə hamamdan çıxanda günəş batmışdı. Şam namazından sonra Zeynəbi qucağına götürüb sobanın yanında oturdu.

Zeynəbin qulağına nə dediyini bilmirəm, ancaq bilirəm ki, bu, iki saata yaxın sürdü. Elə əvvəldən yavaş-yavaş ağlamağa başladı. Uşağı qucağıma verəndə isə öz köynəyi və uşağın bələyi islanmışdı.

İki gün yanımızda qaldı. Axırıncı axşam gəlib dedi: «Tez hazırlaşın, gedirik».

Haraya?


– Bir-iki yerə getmirik, çox yerə gedirik.

Zeynəbi və havanın soyuqluğunu fikirləşdim.

– Mən də gəlim?

– Hə, Zeynəb xanımı da aparmalıyıq.

Bir maşın götürmüşdü. Özü sükanın arxasına keçdi və yola düşdük.

Məşhəddə bir neçə qohumumuz vardı. Bir-bir hamısına baş çəkdi. İnqilab məsələləri üstündə onların biri ilə dalaşmışdı, bir neçə il idi get-gəlimiz yox idi. Qəribə idi ki, həmin axşam onun evinə də getdik. Haraya gedirdiksə, Zeynəbi qucağında saxlayıb bir neçə dəqiqə ayaq üstə dayanır, hallarını soruşub deyirdi: «İnşallah, sabah cəbhəyə yollanırıq. Gəldik ki, halallıq istəyək».

Mənim kimi onlar da təəccüblənirdilər. Heç vaxt cəbhəyə gedəndə qohumlarla sağollaşmazdı. Adətən, onlar bizə gəlirdilər. Bu məsələ məni çox nigaran etdi.

Getdiyimiz sonuncu yer həzrət İmam Rzanın (ə) pak məqbərəsi idi. Orada tələsmədi. Arxayın şəkildə gözəl mənəvi ziyarət etdi.

Həmin gecə özüm də başqa bir halda idim və həmişəkindən daha kövrək şəkildə raz-niyaz edirdim.

Ziyarətdən sonra yanıma gəldi.

– Gedək?

– Gedək.


Maşında yalnız mənim eşidəcəyim səslə danışmağa başladı.

– İnşallah, sabah cəbhəyə gedirəm, qayıdıb-qayıtmamağım da bəlli deyil.

Sanki hər an qəm-kədərim artırdı.

- Zeynəbin qədəmləri uğurludur. Bu dəfə daha şəhid olacağam.

Az qaldı məni ağlamaq tutsun. Narahat olduğumu anlayıb güldü.

– Zarafat edirəm. Niyə narahat oldun?! Özün bilirsən ki, Bəm badımcanına zaval yoxdur. Şəhidlik hara, biz hara?!

Uşaqlar yatandan sonra yanına getdim. Dedi: «Bu gecə sizi İmam Rzaya (ə) tapşırdım. Ağadan istədim ki, hərdən lütf eləsin və sizə baş çəksinlər. Sizin də nə vaxt çətinliyiniz olsa, yalnız imamın yanına gedin. Çalışın şəhərimizə və ölkəmizə qismət olmuş bu böyük nemətin qədrini biləsiniz. Heç vaxt ziyarətdən qalmayın. Bunun özü bir hörmətdir və hörmət saxlamaq vacibdir».

Heç vaxt belə sözlər danışmazdı. Həqiqət olduğunu duyur, amma əsla qəbul etmək istəmirdim.

Sübh namazından sonra getməyə hazırlaşdı. Uşaqları oyatmaq istəyəndə qoymadı. Hər dəfə gedəndə səhər tezdən olsaydı da, uşaqları oyadıb hamısı ilə sağollaşardı. Bu dəfə isə nədənsə oyatmaq istəmədi. Dedi: «Bu dəfə daha dönüş yoxdur!»

Birdən Həsən peyda oldu. Özü oyanmışdı. Sanki atasının sözünü eşidib ağlamağa başladı. Onun ağlamasına biz də ağladıq; mən və anam.

Həmişə gedəndə anam narahat olsaydı, yaxud mən ağlasaydım, gülüb deyərdi: «Əşi, Bəm badımcanına zaval yoxdur. Bundan əlavə, yol üstündə ağlamaq da yaxşı deyil».

Bu dəfə isə mane olmadı, əksinə, dedi: «İndi vaxtıdır, ağlayın!»

Yavaş-yavaş uşaqların hamısı oyandı. Bir-bir öpüb sağollaşırdı. Bu dəfə Quranın altından da keçmədi. Yalnız öpüb ziyarət etdi və getdi.

Həmin gün Zeynəbin ömrünün iyirminci günü başlayırdı.


***
Son dəfə zəng vuranda 1985-ci ilin martı idi, bayrama bir neçə gün qalırdı. Soruşdum: «Nə vaxt gəlirsən?»

Gülüb dedi: «Hələ də soruşursan ki, nə vaxt gəlirəm?! İmam Cavad (ə) şəhid olanda 25 yaşı var idi, mən ondan olduqca çox ömür sürmüşəm. De ki, nə vaxt şəhid olursan, şəhadət xəbərin nə vaxt gələcək».

Məni ağlamaq tutdu. O, dedi: «Zarafat edirəm. Sənə demişəm axı, Bəm badımcanına zaval yoxdur».

Zeynəbi də özümlə qonşuya aparmışdım. Dedi: «Elə et ki, səsini eşidim».

Necə oldusa, onu ağlatdım. Səsini eşidəndə dedi: «Yaxşıdır. İndi arxayın oldum ki, mənim Zeynəbim sağlamdır».

Həzrət Fatimeyi-Zəhranın (ə) ziyarətindən və onunla söhbətindən nəsə dedi, lakin telefonun xışıltısından tam anlamadım.

Söhbətimiz bitəndə dəstəyi yerinə qoydum. Həsən də yanımda idi. Birlikdə bayıra çıxdıq. Qəribə hiss keçirirdim. Hər şey onun getməsindən danışırdı, mənsə inanmaq istəmirdim.

Bədr əməliyyatından xəbər tutanda hər an zəngini gözləyirdim. Hər bir əməliyyatda imkan olanda zəng vururdu. Özü imkan tapmayanda başqa birini göndərirdi ki, zəng vurub salamat olduğunu desin.

Əməliyyat bitdi. Bugün-sabah edirdim ki, zəng vuracaq, lakin xəbər çıxmadı. Nəhayət, qara xəbəri gəldi...

O, uğrunda əzablar çəkdiyi arzusuna çatmışdı.

Cənazəsi itkin düşdü. Həmişə Allahdan bunu istəyirdi. Hətta vəsiyyət etmişdi ki, qəbrinin üstünə daş qoymayaq və adını yazmayaq. İstəyirdi ki, anası Fatimeyi-Zəhra (ə) kimi onun da qəbri adsız-nişansız olsun.

Və bir bahar günü - 1985-ci ilin 30 mayında ona formal dəfn mərasimi keçirdik.



Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin