Xalça adları. Xalqımızın qiymətli sənət növlərindən biri də xalçaçılıqdır. Bu sənət növü qədim və milliliyinə görə fərqlənir. Azərbaycan xalçaları xalqımızın tarixini, zövqünü, düşüncə tərzini özündə cəmləşdirir. Nənələrimizin toxuduğu xalçalar hər bir evin ən qiymətli əşyasına çevrilmişdir. Dünyaca məşhur Azərbaycan xalçaları bir çox ölkələrin muzeylərini bəzəyir. Qeyd etdiyimiz kimi, xalçaçılıq sənəti milli incəsənət tariximizdə dərin köklər salmışdır. Bunun bariz sübutu kimi Azərbaycanın bir çox bölgələrində xalçaçılıq məktəbləri vardır. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq yeddi xalçaçılıq məktəbinə bölünür: 1) Quba xalçaçılıq məktəbi, 2) Abşeron xalçaçılıq məktəbi, 3) Şirvan xalçaçılıq məktəbi, 4) Gəncə xalçaçılıq məktəbi, 5) Qazax xalçaçılıq məktəbi, 6) Qarabağ xalçaçılıq məktəbi, 7) Təbriz xalçaçılıq məktəbi. Hər bir xalçaçılıq məktəbinin özünəməxsus xalçaları vardır. Adil Bağırov Naxçıvan xalça məktəbinin xalçalarına “Naxçıvan”, “Təbriz”, “Findiqca”, “Çələbi”, “Gül gəbə”, “Sandıqlı göl”, “Çiçəkli buta”, “Bağçada güllər”, “Saxsıda güllər”, “Bulud”, “Həmişəbahar”, “Qaragöl”, “Göygöl”, “Qaynaq”, “Qədim Naxçıvan”, “Məstan”, “Kolanı çeşnisi”, “Balıq”, “Sinili”, “Butalı”, “Sarılı”, “Açma-yumma”, “Aran”, “”Buynuz”, “Dəryanur” kimi xovlu, “Şəddə”, “Vərni” və “Zili” kimi xovsuz xalçaları daxil olduğunu qeyd edir [103, s. 295].
Xalça adları əsasən kompoziyasına, istehsal olunduğu yerinə, həsr olunduğu şəxsə, tayfaya və hər hansı bir mərasimlə bağlı adlandırılırlar. Məsələn, “Baxçada güllər” Şuşa xalçaçılıq mərkəzinə aiddir. Kompoziiyasına görə belə adlandırılmışdır. XIX əsrin II yarısından etibarən toxunulmağa başlamış bu xalçanın kompozisiyası realistik gül təsvirləri təşkil edir. Bu kompozisiya əvvəllər “Güllü yaylıq” da adlandırılmışdır. “Alçagül Çiçi”– Quba xalçaçılıq mərkəzində toxunan xalça. Toxunduğu Çiçi kəndinin adı ilə adlandırılmışdır. Xalçanın kompozisiyasının əsasını “alçagül” motivi təşkil edir, bu xalçalar Qubanın Dərəçiçi və s. Şirvanın Şamaxı, eləcə də Nabur, Əlçiman xalçaçılıq məntəqələrində toxunur və “Şirvançiçi” də adlanır [103, s. 55]. “Nizami”, “Füzuli”, “Səməd Vurğun”, “Bəxtiyar Vahabzadə” və s. xalçaları xalqımızın şair və yazıçılarının adı ilə bağlı yaranmışdır. Bundan başqa bir qismi dövlət xadimləri, tanınmış alim və siyasi xadimlərin şərəfinə toxunan xalçalar da onların adları ilə bağlı yaranmışdır. Məsələn, “Heydər Əliyev”, “Yusif Məmmədəliyev” xalçaları və s. Bu xalçalar portret xalçası kimi də tanınır.
Şəddə. Xovsuz xalçası xalq arasında müxtəlif adlarla tanınır: Şal-şəddə, Şəddə-Kilim və ya Gərdəklik qırmızı Kilim (Gəncə, Gədəbəy), Şəddə-Ceciç, Qodu Parçası, Çillə Şəddəsi, Şəddəli çadır və ya Bəy çadırı (Göyçə), Nəmər pərdəsi (Şuşa), Şadvard, Balaca Palaz (Muğan), Dama-dama Şəddə, Kəsməli Şəddə və s.
Başqa bir fikir isə belədir: “Şəddə ” termininin etimologiyası, çox ehtimal ki, “mistik toy” şəddəsi “şad” köküylə və “şadlıq”, ”şadyanalıq” sözüylə bağlıdır. Toyların qeyd olunduğu məkanın “Şadlıq evi” adlandırılması da gümanımızca təsadüfi deyil. Digər bir etimologiyaya görə isə bəzi şəddələr iki ayrı parçanın birləşməsi yoluyla əldə olunurdu. Ərəb dilinin qramatikasında isə “şəddə ” hərfin qoşa oxunmasına deyilir. Yəni parçaların qoşalaşması burada hərflərin qoşalaşması ilə eyniləşdirilir. Orta əsr Azərbaycan sufiləri ərəb dilini çox yaxşı bilirdilər, hurifilər isə ərəb əlifbasının həriflərinə xüsusi mistik anlamlar verirdilər [103, s. 29-34].
Bu sözün etimologiyası ilə bağlı maraqlı fikirlər vardır. Lətif Kərimov belə bir variantı irəli sürür. Onun fikrincə Şəddə “şatrancla” (şahmat) əlaqəlidir. Çünki bəzi şəddələr ormomentinə görə şahmat taxtasının naxışlarına yaxın olmuşdur. Göyçədə müqəddəsliyin simvolu olan ağ-qara sufi damalarıyla bəzədilmiş. Dama-dama şəddə, sufi ali ruhanisinin – mürşidinin istirahət etdiyi taxta salınır, yaxud da onun yatağının üstündən asılırdı .
XV-XVI əsrlərdə də Azərbaycan incəsənətində, xüsusilə, xalçaçılıq sahəsində irəliləyiş var idi. Bu dövrlərdə avropalıların məişətinin əsas bəzəyi olan Azərbaycan xalçaları bir çox Avropa rəssamlarının tablolarında təsvir edilmişdir. Təsvir edilən xalçalar sırasında “Muğam” xalçası Hans Memlingin (XV) “Məryəm körpəsi ilə” və “Bir gəncin portreti” tablosunda görünür [21, s. 25].
Dostları ilə paylaş: |