Məsələn: Allahım, istəyirsən məni bağışla, yaxud Allahım, istəyirsən mənə ruzi ver, kimi dualar etmək.
عن أنس قال قال رسول الله صلى الله عليه وسلم إذا دعوتم الله فاعزموا في الدعاء ولا يقولن أحدكم ان شئت فأعطني فإن الله لا مستكره له" قال الشيخ الألباني : صحيح
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: "Allaha dua etdikdə qətiyyətlə dua edin. Sizdən biriniz: “İstəyirsənsə, mənə (filan şeyi) əta et”- deməsin. Çünki Allahı məcbur edən yoxdur”121.
17. Allaha Dua Edərkən, Sanki Ona Ehtiyacsız Olduğunu Düşünərək Dua Etmək
Belə dua edənlərə çox vaxt vəzifəsinə, yaxud mal-dövlətinə arxayın olanlar arasında rast gəlmək olar. Lakin unudulmuşdur ki, verən Allah onu geri almağa da qadirdir. Şübhəsiz ki, belə etmək Allaha qarşı olan təkəbbürlükdən meydana gəlir ki, belələrini Allah Qurani Kərimdə bir çox yerdə məzəmmət etmişdir.
18. Dua Edərkən Qəsdən Ağlayaraq Səsi Ucaltmaq
Belə hallara çox vaxt Ramazan aylarında təravih namazlarında qunut tutularkən rast gəlmək olar. Belə etmək Peyğəmbərimizin yoluna xilaf, ixlasa zidd və riyaya daha yaxındır. Dua edərkən bəyənilən ağlamaq səmimi qəlbdən insanın özündən asılı olmayaraq içərisindən doğan ağlamaqdır. Əgər belə olarsa, ixlasa heç bir ziddiyyəti olmaz.
19. İnsanın Daima Başqalarından Onun Üçün Dua Etmələrini Tələb Edərək Qeyrilərinə Bel Bağlaması
Elə insanlar vardır ki, özünü Allah yanında günahkar sanaraq alimlərdən, saleh insanlardan və s. onun üçün dua etmələrini tələb edir. Belə etmək şəriət baxımından icazəli olsa belə, aşağıda qeyd edilənlərlə nəticələnərsə tərk edilməsi daha gözəldir. Çünki başqalarından onun üçün dua etməsini tələb etmək bir neçə bəyənilməyən hallara gətirib çıxarır. 1) Belə etmək duanın tərk edilməsinə və başqalarına bel bağlamasına səbəb olur. 2) Belə etmək dua tələb olunan şəxsin özündən razı olaraq özünü Allahın övliyası və duası qəbul olunanlardan sanmasına gətirib çıxarar ki, bu da onu həlaka aparar. 3) Belə etmək insanın Allaha təvəkkülünün azalmasına səbəbdir.
20. Duanın Qəbul Olmasından Ümidi Kəsmək
Bir çox insanlar vardır ki, sağalması mümkün olmayan ağır bir xəstəliyə tutulduğu və ya uzun illər övladı olmadığı zaman Allahın ona şəfa verəcəyindən ümidini üzərək duanı tərk edər. Belə etmək heç də müsəlmana yaraşan hal deyildir. Çünki anlamaq lazımdır ki, insanı sonsuz edən, yaxud dünyaya övlad gətirməyi gecikdirən Allah, tezliklə istədiyi bəndəsinə övlad bəxş etməyə də qadirdir. Baxın, Zəkəriyyə qoca və həyat yoldaşı sonsuz olduğu halda Allaha səmimi qəlbdən dua edərək ondan övlad tələb edir.
"هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ. فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَى مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ" “Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir". (Ali İmran 38-39). İbn Qeyyum deyir ki: “Allaha dua edərək Ona sığınmaq qılınca bənzəyir. Qılınca yalnız itilik yox həmçinin onu vuran güclü əl də lazımdır. Nə vaxt ki, qılınc sağlam və nöqsansız, onu vuran əl isə güclü olar və onu vurmağa mane olan bir şey olmazsa düşmənə qələbə çalmaq olar. Əgər bunların üçündən biri naqis olarsa təsir də olmaz. Əgər (dua edənin) özü saleh olmazsa, qəlbi ilə dilini bir yerə cəm etməzsə (dua edərkən fikri başqa yerdə olarsa) yaxud duanın qəbul olmasına mane olan bir şey olarsa (duanın) təsiri də olmaz”122. İmam Əhməd "Zühd" kitabında rəvayət edir ki: “Bəni İsrailin başına müsibət gəlir. Onlar bir yerə çıxırlar. Allah onların Peyğəmbərinə vəhy edərək buyurur: “Siz bu düzənliyə nəcis, murdar bədəninizlə çıxmısınız. Siz mənə qan tökmüş əllərinizi qaldırırsınız. Bu əllərinizlə evlərinizi haramla doldurursunuz. Mənim qəzəbimin sizə şiddətləndiyi vaxt əllərinizi qaldırırsınız. Məndən uzaq olun".