Moruğun müalicəvi xassələri. Dərman xammalı kimi moruq giləmeyvəsi qurudulur, bankaya və ya karobkalara yığılıb sərin, quru otaqlarda saxlanılır. Moruğun tərkibində əsas müalicəvi xassəyə malik olan salisil, limon, alma, şərab turşusu və C vitamini vardır. Bunlardan başqa B qrupu vitaminləri, karotin, qlükoza, fruktoza, saxaroza, aşı maddəsi, diqlükozid sianidin flavanoidi vardır. Qeyd etmək lazımdır ki, yabanı moruğun ətri və dadı mədəni sortlara nisbətən daha yaxşıdır.
Təzə meyvələr susuzluğu yaxşı söndürür, qidanın həzmini yaxşılaşdırır. Qədimdə Rusiyada səhərlər moruq və quşüzümündən hazırlanan xüsusi içki (взварец) içirdilər. Moruğu çox vaxt pəhriz qidasında, xüsusən uşaqların qidasında istifadə edirlər. Lakin podaqra və nefritlə xəstə olanlar moruqdan istifadə etməməlidirlər, çünki moruğun tərkibində purin əsaslı maddələr çoxdur.
Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Moruqdan, eyni zamanda elmi təbabətdə ödqovucu, sidikqovucu dərman kimi də dəmləmə və bişirmələr şəklində istifadə olunur. Təzə dərilmiş moruq meyvəsindən hazırlanan mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır. Xəstəliyin ilk dövründə 2-3 stəkan qaynar moruq çayı (2 xörək qaşığı quru moruq 1 stəkan qaynamayan suda dəmlənir) içmək məsləhət görülür.
Xalq təbabətində moruq qida həzmini yaxşılaşdıran vasitə kimi, sinqa, qanazlığı, mədə ağrıları əleyhinə istifadə olunur. Çiçəklərindən alınan tinktura və həlimdən dərinin müxtəlif iltihabi proseslərində və üzdəki sızanaqlara qarşı tətbiq olunur. Üzdəki sızanaqlara qarşı 1 hissə moruq yarpağı şirəsi ilə 4 hissə vazelin və ya kərə yağından hazırlanmış məlhəm (maz) də tətbiq olunur. 1:20 nisbətində yarpaqlardan hazırlanmış tinkturadan anginaya qarşı boğazı qarqara etmək məsləhət görülür. Belə tinktura ishala qarşı, bağırsaqlardakı iltihab proseslərinə, tənəffüs orqanlarının və dəri xəstəliklərinə (səpki, sızanaq, dermatit və s.) qarşı içilir. Bəzən bu tinkturadan qankəsici vasitə kimi (mədədən və digər orqanlardan qanaxmalara qarşı) istifadə edirlər. Ev kosmetikasında əvvəllər moruq yarpaqlarından alınmış həlimdən saçları qara rəngə boyamaq məqsədilə işlədirdilər.
Dostları ilə paylaş: |