Pomidor – Помидор, (томат) – Solanum licopersicum L. Quşüzümü (Solanaceae) fəsiləsindən olan birillik ot bitkisidir. Bir çox növ, yarımnövü və növmüxtəlifliyi vardır.
Üç növmüxtəlifliyi olan pomidor becərilir.
Yüksək boyatan pomidorlar: kolu ştamsız, zoğları nazik olur, meyvə verdikdə yerə yatır. Sortlarından Rıbka-52, Cənublu-1644 və s.
Ştamlı pomidorlar: zoğları qalın və bərk olur, meyvə verdikdə yerə yatmır. Sortlarından Karlik, Neva, Krasnodar, Volqoqrad və s.
Determinat və ya zəif budaqlı karlik (cırtdan) pomidorlar. Sortlarından Puşkin-1853, Pervenes, Kolxozçu-34 və s. göstərmək olar.
Pomidor isti sevən bitki olduğundan, əsasən orta və cənub rayonlarda becərilir. Pomidorun vətəni Amerikanın tropik rayonlarıdır. Avropaya pomidor haqqında ilk məlumat XVI əsrdə məlum olmuşdur. XIX əsrin ortalarında pomidor Krımda əkilmiş və sonra Rusiyanın bütün bölgələrində becərilməyə başlanmışdır. Əvvəllər pomidoru dekorativ bitki kimi əkirdilər və onun meyvələri zəhərli, yeməyə yararsız olduğu hesab edilirdi. Pomidorun hər yerdə qidaya sərf olunması 1811-ci ildən sonra başlanmışdır. Məlum olmuşdu ki, İtaliyada pomidoru istiot, sarımsaq və yağla yeyirlər. Hazırda qırmızı meyvəli və sarı meyvəli pomidor sortları becərilir. Pomidoru çiy, bişirilmiş, qızardılmış, duza və sirkəyə qoyulmuş halda yeyilir. Ondan salatlar, vineqred və tamlı qatma hazırlanır. Müasir dövrdə heç bir xalqın mətbəxi pomidorsuz keçinmir. Ondan tomat-pasta, tomat-püre, tomat şirəsi, tomat sousları hazırlanır.
Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kameralarından və toxumlardan ibarətdir. Daxili toxum kameraları çox olan pomidorlar ən yaxşı sort hesab edilir.
Pomidorun 600-ə qədər becərilən sortu məlumdur. Bunlar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə (qabırqalı), böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənir.
Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Pomidor oval, yastı yumru və konusvarı, üstü isə hamar, ya da qabırğalı olur. Yetişməsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. Irilərinin çəkisi 100 q-dan çox, orta irilərinki 60-100 q, xırdalarınkı isə 60 q-a qədər olur.
Kameraların sayından asılı olaraq azkameralı (2-5 kamera), ortakameralı (6-9 kamera) və çoxkameralı (10-dan çox kamera) qruplarına bölünür.
Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan ibarətdir. Pomidorun aşxana sortları ən çox aşpazlıqda salatların, 1-ci və 2-ci xörəklərin hazırlanmasında istifadə olunur. Bunlar şirəli və gözəl dadlıdır. Pomidorun konservlik sortları tomat-pasta, tomat-püre, tomat şirəsi almaq üçün işlədilir. Bu pomidorların tərkibində quru maddə çox olmalıdır. Sirkəyə və duza qoyulası pomidorların ətli hissəsi bərk olmalıdır.
Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4%-ə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza vardır.
Pomidorun tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg, Na, Ca, P, J və s. elementlər vardır.
Pomidorda 30 mq% C vitamini, 1,4 mq% karotin (A vitamini), B1, B2, B3, PP və P vitaminləri vardır. Pomidorda 0,4-0,6% üzvi turşu (alma, limon, az miqdarda kəhrəba və turşəng), 0,1-0,2% pektin maddəsi, kal pomidorda isə 0,3% nişasta vardır. Pomidorun acı dadı onun tərkibində olan solanin qlükozidinin miqdarından asılıdır. Kal pomidorda 4 mq%, yarımkalda 5 və yetişmişdə 8% solanin qlükozidi, boya maddələrindən karotin, likopin və ksantofil vardır. Pomidorun sortlarından Mayak, Biryuçekut, Bazar əcayibi, Qumbert və s.-ni qeyd etmək olar. Mayak – tezyetişən, məhsuldar sortdur. Meyvəsi orta ölçülü, forması yastı-dairəvi və ya dairəvi, səthi hamar, qırmızı rəngli, xoş dadlıdır. Bu sorta yaxın pomidor sortlarından Vosxod, Donski, Birinci, Volqa tezyetişəni, Zarya, Kolxozçu, tezyetişən Moldova və Tamenes göstərilə bilər.
Morfoloji və əmtəəlik göstəricilərinə görə məhsuldar Maykop sortuna aid olan pomidorlar bir qrupda birləşdirilir. Buraya Brekodey, Opolçenes, Odessa, Hədiyyə, Sovet, Cənublu və s. sortlar aiddir.
Orta zonada yetişdirilən pomidor sortlarından Planlı-904, Delikates, Erliana-2, Axtubin-85, Tezyetişən, Talalixin-186, Belorus-225, Şatilov-35 və s.-ni qeyd etmək olar.
Şimal vilayətlərində pomidorun Bizon-639, Qribov-1180, Puşkin-1853, Tezyetişən-1165, Karlik-1185, Alpatyeva-905a və çoxmeyvəli Ural sortları yetişdirilir.
Son illər ədəbiyyatlarda ən çox adı çəkilən pomidor sortlarından Krasnodar, Volqoqrad-5/95, Donetski-3/2-1, Bizon-639, Qribov və s. xarakterizə edilir. Bunlardan başqa İrimeyvəli, Ştamblı-152, Vosxod-119, Simferopol-765, Xırdameyvəli, Malyutka, Rıbka, Kuban, Gavalıyaoxşar, Qonets və s. sortlar da vardır.
Son illərdə yetişdirilib rayonlaşdırılmış xırdameyvəli sortlardan Pridnestrov Yenisey, Maşınlı-1, Marinadlı və s. göstərilə bilər.
Bolqarıstandan gətirilən pomidor, əsasən adi pomidorlardan 2-3 həftə tezyetişən № 10X Bizon sortudur.
Azərbaycanda, əsasən Mayak 12/20-4, Dnestrətrafı, Volqoqrad 5/95, Sevimli, Şəfəq-49 və s. pomidor sortları yetişdirilir. Bunlardan əlavə Bizon-637, Novoçerkassk-416, Krasnodarlı 87/23-9, Nubar-1, Peremoqa-165 və Savalan sortları da becərilir.
Pomidorun keyfiyyətinə aşağıdakı tələblər verilir. Meyvəsi təzə, təmiz, bütöv, sağlam, kənd təsərrüfatı zərərvericiləri ilə zədələnməmiş olmalı, forması eybəcər olmamalı, saplaqlı və ya saplaqsız, ölçüsü ən böyük diametrində 4 sm-dən az olmamalıdır. Gavalıyaoxşar və xırdameyvəli sortlarda meyvənin ölçüsü normalaşdırılmır. Yetişmə müddətindən asılı olaraq satışa qırmızı, çəhrayı və sarı (sarı meyvəli sortlar üçün) pomidor göndərilir. Daşımaq üçün çəhrayı, boz və süd rəngli pomidorlar götürülməlidir. Satış yerinə çatdıqda partiyada 10% miqdarında (çəkiyə görə) sütül yetişmiş və zəif əzilmiş pomidorlar ola bilər.
Üzərində çatları olan və ölçüsü 4 sm-dən az olan çəhrayı və qırmızı pomidorlar yalnız tədarük və istehsal rayonunun ərazisində realizə olunmalıdır.
Səthində quru ləkə əmələ gəlmiş pomidorların miqdarı çəkiyə görə 15%-dən, diametri 4 sm-dən az olan pomidorların miqdarı 5%-dən, müxtəlif yetişkənliyə malik olanlar isə (tədarük rayonlarında) 5%-dən çox olmamalıdır.
İyul-avqust aylarında, partiyada 10% miqdarında sütül yetişmiş pomidorların, lakin tamamilə formalaşmış meyvələrin olmasına icazə verilir. Payızda satışa bozumtul-qırmızı pomidorlar buraxıla bilər.
Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetişmiş, bütöv, təmiz və zədəsiz, emal üçün saplaqsız, gün vurmamış və ləkəsiz olmalı, çatlamışların miqdarı 2%-dən çox olmamalıdır.
Sütül və yaşıl rəngli pomidorlar duza və sirkəyə qoymaq üçün tədarük rayonlarında işlədilir.
Dostları ilə paylaş: |