Ravənd – Ревень огородный – Rheum rhaponticum L. Qarabaşaq (Faqopurumaceae) fəsiləsindən, hündürlüyü 1,5-2,5 m olan çoxillik ot bitkisidir. Kökü qısa, iri, ətli və kəsik hissədə sarı rəngdədir. Zoğları düzdür, qırmızımtıl ləkələrlə örtülmüşdür. Yarpaqları iri olub kök hissədə ətlikli çilikvarı başlıqlar əmələ gətirir. Çiçəkləri xırda olub süpürgəşəkilli hamaşçiçəkdə toplanmışdır.
Ravəndin vətəni Mərkəzi Çin hesab olunur. Oradan məşhur rus səyyahı N.M.Prijevalski onu Rusiyaya gətirmişdir. Avropaya isə orta əsrlərdə hind monax-səyyahları tərəfindən gətirilmişdir. Qərbi Avropa ölkələrində ravəndi XVIII əsrin ortalarından istifadə etməyə başlamışlar. Hazırda ravəndin müxtəlif sortları becərilir. Azərbaycanda bu bitki çox az istifadə olunur.
Qidaya, əsasən cavan yarpaqların 50-70 sm-dən çox olmayan zoğları (çiliklər) istifadə olunur. Bunun tərkibində 2,5%-ə qədər alma, turşəng və digər üzvi turşular, çox miqdarda kalium duzları, C və P vitaminləri və digər maddələr vardır. Yazbaşı orqanizm vitamin çatışmazlığı hiss etdikdə, bu zoğlar giləmeyvələri müvəffəqiyyətlə əvəz edir. Ravənd zoğlarından kisel, kompot, mürəbbə, sous və qənnadı məmulatı hazırlanır.
Uzun müddət saxlamaq üçün ravənddən püre hazırlanır. Bu məqsədlə zoğlardan sıx qabığı təmizlənir, yuyulur və xırda doğranır. Emallı qazana bir qədər su tökülüb qaynadılır, şəkər həll edilir və xırdalanmış ravənd tökülüb daim qarışdırmaq şərtilə zoğlar yumşalana qədər bişirilir və süzgəcdən keçirilib püre halına salınır. Hazır püre bankalara yığılıb ağzı bağlanılır. 1 litrlik bankaya 800 q təmizlənib doğranmış ravənd, 120 q şəkər və 100 q su götürülür. Püreni sərin yerdə saxlamaq lazımdır.
Dostları ilə paylaş: |