Şüyüdün müalicəvi xassələri. Xalq təbabətində şüyüd bağırsaqlardakı kəskin qıcqırmaya qarşı məsləhət görülür. Qida həzmini yaxşılaşdırmaq və qazqovucu vasitə kimi şüyüd toxumlarından hazırlanan tozvari məhsul və ya ondan hazırlanmış tinkturadan istifadə etmək məsləhət görülür. Tozvarı məhsula bir qədər şəkər əlavə edilir və yeməkdən yarım saat əvvəl 1/2-1 çay qaşığı qəbul edilir. Tinktura 1 xörək qaşığı xırdalanmış toxumla bir stəkan qaynanmış suda hazırlanır və yeməkdən qabaq 1/3-1/2 stəkan içilir. Belə tinktura sidikqovucu və bəlğəmgətirici vasitə kimi, eləcə də əmzikli qadınlarda süd əmələ gəlməsini artırmaq məqsədilə təyin olunur. Eyni zamanda, müxtəlif xəstəliklərdə ağrıkəsici və sakitləşdirici vasitə kimi, əsəb gərginliyi və səksəkəli yuxuya qarşı axşamlar 1 stəkan içilir.
Eksperimentlər nəticəsində şüyüd tinkturasını damar daxilinə yeritdikdə heyvanlarda arterial təzyiq aşağı düşür, damarlar genişlənir, ürəyin fəaliyyəti yaxşılaşır, bağırsaqlar boşalır, sidik ifrazı artır. Ətirli şüyüddən mülayim spazmatik təsirə malik anetin preparatı alınmışdır. Anetin ürəyin xroniki tac damarlarının çatışmazlığında, sinə astması ağrılarının profilaktikasında, həmçinin, qarın boşluğu orqanlarının spazmasına qarşı təyin olunur. Xəstəyə gündə 3-5 dəfə bir həb (0,1 q) həmin preparatdan qəbul etmək məsləhət görülür. Müalicə kursu 5-8 həftə davam edir.
Dostları ilə paylaş: |