Turşəngin müalicəvi xassələri. Turşəngdən qida məqsədilə yanaşı, müalicəvi vasitə kimi də istifadə edirdilər. Turşəngdən işlətmə dərmanı, qurda qarşı, qida həzminə kömək edən vasitə kimi istifadə qədim dövrdən məlumdur.
Turşəng yarpaqlarını xörəkləri vitaminləşdirmək üçün əlavə edirlər. Ən əhəmiyyətlisi yazbaşı tədarük edilən tezyetişən sortlardır. Bunların tərkibində olan C vitamini yazbaşı insanların vitaminə tələbatını ödəyir. Tərkibində turşəng turşusu çox olduğundan uzun müddət turşəng göyərtisi yemək olmaz. Çünki bir neçə həftə və ya ay turşəng yedikdə sidikdə şəkər və turşəng turşusunun kalsium duzu ola bilər. Ona görə də duz mübadiləsi pozulduqda və onunla əlaqədar xəstəliklərdə turşəng məsləhət deyil.
Qədimdən turşəng qida həzmini yaxşılaşdıran, çürüdücü qıcqırmanı azaldan və sinqa əleyhinə ən yaxşı vasitə hesab olunur. Qafqazda turşəng yarpaqları ishala qarşı, ödqovucu vasitə kimi turşəng qaraciyər və sarılıq xəstəliklərində tətbiq edilir. Belə hallarda gündə 2-3 dəfə 1-2 çay qaşığı turşəng yarpaqlarından sıxılmış şirəni 1/2-1 stəkan su ilə qarışdırıb içmək məsləhət görülür. Xalq təbabətində qanlı bəlğəm, qanlı babasil və digər qanaxmalarda qankəsici vasitə kimi yarpaqlardan (1:20) hazırlanmış həlimdən gündə 3-4 dəfə yeməkdən əvvəl 1/4-1/3 stəkan içmək məsləhət görülür.
Xalq təbabətində tərkibində turşəng və xrizofan turşusu, qatran, nişasta, sellüloza olan turşəngin köklərindən də istifadə olunur. Kökləri yazbaşı və yaxud payızda toplayır, təmizləyir, yuyur və qurudurlar. Turşəng kökündən hazırlanmış həlimdən orqanizmi möhkəmləndirən, qidanın həzmini və maddələr mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Həmin həlim həm də ishala qarşı büzüşdürücü vasitə hesab olunur. Həlimi 20 q turşəng kökündən 1 stəkan suda hazırlayır və gündə 3-4 dəfə yeməkdən əvvəl 2 xörək qəbul edilir. Turşəng kökündən hazırlanmış tinktura və həlimdən bəzi dəri xəstəliklərində yuyunmaq üçün istifadə edilir.
Dostları ilə paylaş: |