Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Sarımsağın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə276/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   272   273   274   275   276   277   278   279   ...   386
Sarımsağın müalicəvi xassələri. Sarımsaqdan dərman bitkisi kimi istifadə olunmasını ilk dəfə Dioskorid söyləmişdir. Qədim dövrdə sarımsağı iştahanın az olması, zəifləmə, öskürək, qarınağrısı, dəri və digər xəstəliklərdə təyin edirdilər. Sonralar sarım­saqla müalicə daha da geniş vüsət alır. Ibn-Sina (Avi­senna) sarımsağı «bütün xəstəliklər»-də tətbiq etməyi məsləhət görürdü. Müasir təbabətdə də sarımsaq çoxsahəli tətbiq olunur. Onu xüsusilə qida həzmini yaxşılaşdırmaq üçün həvəslə yeyirlər. Sarımsaq iştahanı artırır, qida həzmində iştirak edən fermentlərin və ödün ifrazını artırır, qidanın yaxşı həzminə kömək edir. Sarımsaq, həmçinin, bağırsaqlardakı ağrıları aradan qaldırır və onu sakitləşdirir. O, həm də sidik ifrazını artırır, cinsi vəzilərin ehtiras fəaliyyətini yaxşılaşdırır, periferik və ürəyin qan (tac) damarlarını genişləndirir, ürəyin yığılmasını artırır və ürək ritmini yavaşıdır. Sarımsağın araqdakı tinktu­ra­sından müalicəvi vasitə kimi böyrək və sidik kisəsində daş ol­duqda, yel xəstəliyində və podaqrada istifadə olunur. Sarım­saqdan tənəffüs orqanları və dəri xəstəliklərində, bağırsaq və digər infeksion xəstəliklərdə geniş istifadə olunur. Avropada və Kubada sarımsaq yağından sarılığa qarşı istifadə olunur.

Sarımsağı tez-tez hipertoniya xəstəliyində və aterosk­le­rozda istifadə edirlər. Sarımsaq bu xəstəliklərlə müşayiət olunan başağrısı, başgicəllənmə, yuxusuzluq, zehni fəaliyyətin zəifləməsi hallarının aradan qaldırılmasına kömək edir. Belə hallarda gündə 2-3 diş sarımsaq yemək, eləcə də həmin miqdar sarımsağı mədə-bağırsağın infeksion xəstəliklərində, kolitdə və bronxitdə qəbul etmək məsləhət görülür.

Sarımsağın xaricə tətbiqi də müxtəlifdir. Sətəlcəm, bronxial astma (təngnəfəslik) və göy öskürəkdə sinəni kərəyağı və ya donuz piyi ilə qarışdırılmış sarımsaq əzintisi ilə ovxa­layırlar. Bişirilmiş sarımsaq əzintisi ilə kərəyağı və ya süddə bişirilmiş sarımsaq irinli yaraların daha tez yetişməsi və ağrılı döyənəklərin (mozol) yumşaldılması üçün yaxşı vasitə hesab olunur. Ziyil, dəmirov, ekzema və digər dəri xəstə­liklərini təzə sarımsaq əzintisi və ya şirəsi ilə müalicə edirlər. Saçları möhkəmləndirmək üçün başın dərisi sarımsaq şirəsi ilə silinir.

Sarımsağın orqanizmin infeksion xəstəliklərə qarşı müqa­vimətini artırmaq üçün istifadəsi, hətta qanlı ishal, qarın­yatalağı, vəba kimi xəstəliklərin xalq təbabətində sarımsaqla müalicə üsulları hazırda öz elmi izahını tapmışdır. Sarımsaqda çox güclü təsirə malik və tərkibində uçucu maddələr olan fitonsidlər vardır. Sarımsaqdan allisin adlı antibiotik alınmışdır. Bu, çox zəif qatılıqda belə (1:25000) bakteriyalara öldürücü təsir göstərir. Allisin sarımsağın tərkibində alliindən əmələ gəlir və suda həll olan yağlıtəhər xüsusi iyə malik mayedir. Allisin saxlanılma zamanı asanlıqla parçalanır. Sarımsağın fitonsidləri streptokokkları, stafilakokkları, tif bakteriyalarını, vəba vibrionlarını (əyri çöpşəkilli mikrob), vərəm çöplərini və digər xəstəliktörədən mikrobları öldürür. Bununla da sarımsağın və ondan hazırlanan preparatların cürbəcür (müxtəlif) istifadə edilməsini şərtləndirir.

Bir dilim sarımsağı bir neçə dəqiqə ağızda çəynədikdə bütün ağız boşluğunda olan bakteriyaları öldürür. Sarımsaq fitonsidlərinin uçucu fraksiyasını bir neçə dəfə iyləməklə qrip və angina müalicə olunur. Qripə qarşı profilaktik vasitə kimi sarımsaq əzintisini pambıq piltə (tampon) ilə buruna qoyurlar. Kliniki müşahidə nəticəsində sarımsaq fitonsidlərinin yuxarı tənəffüs yollarının iltihabı, göy öskürək, ağciyərin iltihabi və irinli prosesləri, qulağın irinli və gözün selikli qişasının iltihabı, kolit (yoğun bağırsağın iltihabı) və bakterial qanlı ishalın müalicəsində sözsüz səmərə verməsi təsdiq olunmuşdur. Təzə sarımsaq əzintisini tənzifə büküb irinli yaraya və pis sağalan xoralara qoyurlar. Belə əzintini qinikoloji təcrübədə də istifadə edirlər.

Stomatoloqlar müəyyən etmişlər ki, sarımsaq fitonsidlə­rindən istifadə olunması çürümüş dişlərin çıxarılmasından sonra baş verən ağırlaşmaların sayı 10-15 dəfə azalmışdır.

Sarımsaqdan uşaqlarda qurda qarşı vasitə kimi istifadə olunması çox geniş yayılmışdır. Bu məqsədlə sarımsaq əzintisini və ya bütöv dilimləri düz bağırsağa yeridir və yaxud da 5-8 dilim sarımsaqdan hazırlanmış ilıq həlimlə imalə edirlər.

Əczaçılıq sənayesində sarımsaqdan bir neçə müalicəvi preparatlar hazırlanır. Sarımsaq tinkturası və allilsat (sarım­sağın spirtdə hazırlanan cövhəri) bağırsağın fəaliyyətinin zəifləməsi zamanı oradakı çürümə və qıcqırma proseslərini dəf etmək üçün, eləcə də hipertoniya xəstəliyində və aterosklerozda istifadə olunur.

Sarımsağın quru ekstraktı alloxol preparatının tərkibinə daxildir. Alloxolun tərkibinə, həmçinin, heyvanın quru ödü, gicitkən ekstraktı və aktivləşdirilmiş kömür daxildir. Alloxol preparatı qaraciyərin və öd kisəsinin kəskin və xroniki iltihabında, eləcə də vərdişi qəbizlikdə istifadə olunur.

Sarımsağın şişlərə qarşı xassələri də öyrənilir. Hələ 1936-cı ildə məlum olmuşdur ki, heyvanların laboratoriya şəraitində sarımsaqla yemlənməsi onlarda xərçəng xəstəliyinin ləngi­mə­sinə səbəb olmuşdur. Son illər yapon alimləri xərçəng hücey­rələrini sarımsaq ekstraktı ilə işləyib orqanizmin bədxasiyyətli şişlərə qarşı immunitetinin artırılması məqsədilə istifadə et­mə­yin mümkünlüyünü eksperiment yolla tədqiq etmişlər. Nəticədə məlum olmuşdur ki, heyvanlara sarımsaq ekstraktı ilə işlənmiş xərçəng hüceyrələri yeridildikdən sonra, həmin hey­vanlara çoxlu miqdarda həyat qabiliyyəti olan şiş hüceyrələri ilə peyvənd edildiyindən sonra belə onlar xəstəliyə tutul­mamışlar.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin