Kola fındığı – Кола заостренная – Cola acuminata Schott /Et Endi/ . Kola Sterkulilər fəsiləsinə aid olan həmişəyaşıl sivri yarpaqlı, hündürlüyü 15-20 m olan ağacın meyvəsidir. Yarpaqları qalın, ellips formalı, çiçəkləri süpürgəvarı hamaşçiçəkdə toplanır. Meyvələri tünd boz rəngdə 20 sm uzunluqda 8 sm enində odunlaşmış qozadır. Qozanın daxilində bir sırada 8-9 iri qırmızımtıl-boz rəngli qılafı olan yumurtayaoxşar toxumlar yerləşir. Kola bitkisinin vətəni Ekvatorial Afrikanın qərb sahilləri – Fil sümüyü sahilləridir. Mədəni halda kola Afrikanın bir çox bölgələrində və müxtəlif ölkələrdə yayılmışdır. Hazırda kola bitkisi Afrikanın və Mərkəzi Amerikanın tropik ölkələrində, Braziliyada, İndoneziyada, Malaziyada becərilir. Bunlardan əlavə Afrikanın tropik ölkələrində və digər bölgələrdə parıldayan kola (mədəni kola) mədəni halda becərilir və əsasən onda kola «fındığı» alınır. Bu kolanın iri ulduzabənzər çatlayan qozasının daxilində uzunluğu 5 sm, eni 3 sm olan 6-16 ədəd ağ və ya qırmızı toxumları olur.
Təzə kola fındığının dadı acıtəhər olur. Onun tərkibində 2,5% kofein, 0,01% teobromin və 0,5% kolatin alkaloidləri vardır. Kolanın tərkibində nişasta, sellüloza, aşı maddələri, yağ, kamed və antosian boya maddəsi də var. Koladakı kofein, teobromin və kolatin alkaloidləri insana oyandırıcı təsir göstərir. Nəticədə aclıq hissi və yorğunluq yox olur, insanın iş qabiliyyəti və hərəkəti yaxşılaşır. Kolanın bu xassələri onu Afrikada qiymətli ticarət mübadiləsi məhsuluna çevirmişdir.
Kolanın əzilmiş toxumlarından əqli və fiziki əməklə məşğul olan alpinistlər, geoloqlar, təyyarəçilər, idmançılar və digər sənətçilər üçün həblər və xüsusi şokolad hazırlanır. Kolanın həbləri və şokoladı oyandırıcı və stimullaşdırıcı vasitə kimi tibbi təcrübədə kofeinin əvəzedicisidir. Lakin kolanın təsiri kofeinə nisbətən bir qədər gec müşahidə olunur və uzun müddət davam edir. Kola fındığından xaricdə çox geniş yayılmış koka-kola və pepsi-kola kimi tonusqaldırıcı sərinləşdirici içki hazırlanır.
Dostları ilə paylaş: |