Daryarpaq iydə – Лох узколистый – Elaeganus angustifolius L. İydə (Elaeagnaceae) fəsiləsinin iydə cinsinə mənsubdur. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur.
İydə 3-7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir.
May-iyunda çiçəkləyir. Çiçəkləri ətirli olub, 1-3 ədəd yarpaq qoltuğunda açılır. Dördləçəklidir. Ləçəyin xarici hissəsi parlaq gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi vardır.
İydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyirdəyinin üzərini meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-oval şəklindədir, ətliyi şirin və azacıq turşməzədir. Yabanı iydələrin meyvələri dadsız və gər (büzüşdürücü) olur. Meyvəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə, unlu ətliyə yapışmır, yeyiləndə kənar edilir. Sortlarından Xurmayı, İnnabı və Didivar qədimdən becərilir.
İydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər, o cümlədən 20% fruktoza, 10% azotlu maddə, üzvi turşu, rəngləyici maddələr, kalium və fosfor duzları vardır. Yarpaqlarında 350 mq% C vitamini, oduncaq qabığında və çəyirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda yeyilir, ondan hazırlanmış unu çörəyə, şorbaya və başqa yeməklərə qatırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr spirt almaq olar.
İydənin tərkibində su az olduğundan uzun müddət saxlanıla bilər. Təzə halda yeyilir və ev şəraitində müxtəlif unlu məmulatların və qidaların hazırlanmasında istifadə olunur.
Dostları ilə paylaş: |