Alçanın müalicəvi xassələri. Xalq təbabətində lavaşanadan sinqa xəstəliyinə qarşı istifadə edirlər. Alça şirəsinin kamfora ilə qarışığından gec sağalan yaralara islatma qoyulur. Alça həlimindən və tinkturasından öskürəyə və boğaz ağrılarına qarşı istifadə olunur. Azərbaycanın bəzi bölgələrində alça ağacının qabığında toplanan kamedlər çeynənilərək öskürək tutmalarının yumşaldılmasında istifadə olunur.
Alma – Яблоня домашняя – Malus domestica Borkh. Alma Gülçiçəklilər (Rosaceae) fəsiləsindən olub, 30-dan çox növü vardır. Yabanı formalardan meşə, Şərq, Sibir, Çin və ya gavalıyarpaq alma növləri daha çox yayılmışdır. Azərbaycanda, əsasən Şərq alması bitir. Vətəni Kiçik Asiyadır.
Böyük və Kiçik Qafqaz sıra dağlarının, həmçinin, Talış dağlarının meşələrində alma ağacları çoxdur. Bunlar meşə ağacları içərisində ya qarışıq və ya da xalis almalıqlar şəklində bitir. El arasında «almalıq» adı ilə tanınmış bir neçə meşə sahələri vardır.
Yabanı alma aprelin axırı, mayın əvvəllərində çiçəkləyir. Eyni zamanda, yarpaqlar da əmələ gəlir. Meyvəsi sentyabrın sonu, oktyabrın əvvəllərində yetişir. Ağacı 5-10 yaşından meyvə verir. Alma çarpaz tozlandığından yabanı almaların müxtəlif formaları vardır. Əsasən yumru, yastı-yumru, yumurtavarı və başqa formalarda olur. Yabanı almanın diametrə görə ölçüsü orta hesabla 2 sm-dir (1-dən 2,5 sm-ə qədər). Iri ağaclar orta hesabla 30-50, bəzən isə 100 kq-a qədər məhsul verir. Meyvələri yaşıl, ağ-sarımtıl, qırmızı və ya qarışıq, əsasən də yaşıl-sarı rəngdə olur. Əsas rəngdən başqa, üzərlərində qırmızı yanaq və ya xətlər olur. Qabığının altında müxtəlif rəngli xallar, nöqtələr ola bilər. Dad və ətrinə görə müxtəlif formalar bir-birindən fərqlənir. Dadı turşa-şirin, ətirlidir. Ətliyi bərk, tam yetişdikdə isə yumşaq və pürevarı olur. Meyvə yuvacığında bir neçə arakəsmələr var. Onların hərəsində bozumtul-qəhvəyi rəngli bir toxum yerləşir.
Almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza, 2,5-5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə, 1,05-1,49% pektin maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9% sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% mineral maddə və 0,2-0,6% üzvi turşu, eyni zamanda 20-40 mq% C vitamini və az miqdarda B1, B2 və PP vitaminləri də olur.
Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlükoza, saxaroza), 2,4% üzvi turşu (alma, şərab, limon və s.), 3%-dən çox pektinli maddə, 30-80 mq% C, B1, B2 vitaminləri, karotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və kalsium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi turşuların çox olması yabanı almadan təzə halda istifadəni məhdudlaşdırır. Lakin uzun müddət saxladıqda biokimyəvi proseslər nəticəsində dadı yaxşılaşır.
Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəbbə, povidlo və həmçinin, meyvə-giləmeyvə şərabları (məsələn, sidr) hazırlanır. Tərkibində pektinli maddə çox olduğu üçün onu marmelad, pastila və jele istehsalında qiymətli xammal kimi istifadə edirlər. Yabanı alma qurusu çay və qəhvə içkilərində də işlədilir.
Almanın oduncağının rəngi və forması gözəl olduğundan böyük təsərrüfat əhəmiyyəti vardır. Alma, həmçinin, bahar fəslində bol nektar verən bal bitkisi də hesab edilir.
Dostları ilə paylaş: |