Küncütün müalicəvi xassələri. Tibbdə küncüt yağından inyeksiya məhlullarının və xaricə sürtmək üçün məlhəmlərın və plastırların hazırlanmasında istifadə olunur. Küncüt yağı trombositlərin sayını artırır və qanın laxtalanmasını sürətləndirir. Ona görə də küncüt yağından babasil diatezlərinin və Verlqof xəstəliyinin müalicəsində (1 xörək qaşığı gündə 3 dəfə) istifadə olunur. Xalq təbabətində küncüt yağı soyuqdəymədə, xroniki öskürəkdə və zökəmdə ən yaxşı vasitədir. Belə hallarda hər səhər 1 xörək qaşığı küncüt yağı içmək məsləhət görülür. Küncüt yağı mədə-bağırsaq xəstəliklərində, işlətmə dərmanı kimi, böyrək və böyrəkdaşı xəstəliklərində, daxili qanaxmalarda və eləcə də qurdqovucu vasitə kimi içilir. Küncüt yağı xaricə sürtmək üçün də istifadə olunur. O, dərini yumşaldır, qaşınma və ağrıları sakitləşdirir. Küncüt yağı ilə yanıqlar və dəri iltihabı müalicə olunur. Soyuqdəymədə sinənin dərisini, bağırsaq pozuntularında qarın nahiyəsinin dərisini, diş ağrılarında isə dişin dibini küncüt yağı ilə masaj edirlər.
Müalicəvi məqsədlə küncütün yarpaqlarından da istifadə olunur. Təzə yarpaqlar və ya yarpaqların əzintisindən alınan sıyıq dərinin iltihablı yerlərinə təpitmə kimi qoyulur. Yarpaqların əzintisi süddə bişirib yaraların üstünə qoyulur. Yarpaqdan alınmış və yaxşı isidilmiş kütlədən bağırsaq ağrılarında qarına, padaqrada isə oynaqlara təpitmə qoyulur. Yarpaqlarını sirkədə isladıb qoturluğu müalicə edirlər. Çin təbabətində küncüt toxumlarından tonuslandırıcı və soyuqdəyməyə qarşı vasitə kimi, eləcə də zəhərlənməyə qarşı istifadə edirlər.
Dostları ilə paylaş: |