Kətan, zəyərək – Лен – Linum usitatissimum (Tourm.) L. Bu kətan (Linaceae) fəsiləsindən olan birillik və çoxillik bitkidir. 200-dən çox növündən yalnız iki növü, kətan lifi və yağlı toxum almaq üçün becərilir. Kətan toxumlarından alınan piyli yağdan təbabətdə geniş istifadə olunur. MDB-də birillik bitki kimi becərilir.
Çiçəkləri göy rənglidir. Meyvəsi kürəvarı qutucuqdan ibarətdir. Onun içərisində 10 ədəd toxum yerləşir. Toxumları yumurta şəkilli olub, qonur-sarı rəngli-dir, üst qatı selikli maddə ilə zəngin olduğundan onların rəngi parlaqdır. Toxumların xoşagələn selikli dadı vardır.
Kətanın iki növü sənaye əhəmiyyətli bitki kimi geniş miqyasda becərilir. Bunlardan biri “dolqunes” kətanı (L. Elongata), digəri isə “kudryaş” kətanı (L. Hrevimul-ticaulia) adlanır.
Dolqunes kətan hündür boyludur, budaqları isə zəif inkişaf etmişdir. O, ancaq kətan tədarükü üçün becərilir. Kudryaş kətan isə alçaq boyludur, zəngin qol-budaqlıdır. Bu ancaq kətan toxumu tədarük etmək məqsədilə yetişdirilir. Kətan toxumundan alınan kətan yağı yeyinti sənayesində və texnikada geniş miqyasda tətbiq olunur. Kətan yağı quruyan bitki yağları qrupuna aiddir.
Kətan çox qədimdən becərilən bitkidir. O, hələ eramızdan 2400 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və toxumlarından kətan yağı, yerüstü hissəsindən isə kətan lifi hazırlanmışdır.
Toxumlarını toplamaq üçün əvvəlcə bitkini torpaqdan dartıb çıxarır, sonra dərz bağlayıb bir müddət açıq havada qurudub xırmanda və yaxud xüsusi maşınla toxumlarını ayırır, kənar qarışıqlardan təmizləyib kisələrə qablaşdıraraq tədarük məntəqələrinə göndərirlər.
Kətan toxumlarında 5-12% selikli maddə, 30-48%-ə qədər piyli yağ və 18-33% zülal maddələri vardır. Dərman məqsədilə kətanın toxumlarından istifadə olunur.
Dostları ilə paylaş: |