Qarabaşaq – Гречиха – Fagopyrum sagittatum Gilib. Qarabaşaqkimilər (Fagopyrumaceae) fəsiləsinə mənsub olan birillik qarabaşaq bitkisidir. 3 növündən biri – Fagopyrum sagittatum Gilib iki yarımnöv kimi becərilir. Kənd təsərrüfatında mədəni və tatar qarabaşaq növləri geniş yayılmışdır. Azərbaycanda, demək olar ki, becərilmir. Qarabaşağın tərkibində 52,9% nişasta, 10,8% zülal, 3,2% yağ, 1,5% şəkərlər, 10,8% sellüloza, 2,0% minerallı maddə vardır. Qarabaşaqda B1, B2, PP, P vitaminləri vardır. Qarabaşaqdan alınan P vitamini ürək-damar, hipertoniya, plevrit xəstəliklərinin müalicəsində istifadə olunur. Rutinin miqdarı qarabaşaq rüşeymində 25 mq% təşkil edir. Karbohidratlardan nişasta, saxaroza, sellüloza və pentazonlar; mineral maddələrdən Ca, P, K, Fe və digər mikroelementlər vardır. Qarabaşağın tərkibində zülallar, vitaminlər, makro- və mikroelementlər nisbətən çox olduğuna görə o pəhriz və uşaq qidasında əvəzsiz məhsul kimi istifadə edilir.
Qarabaşaqdan adi və tezbişən yarma, xırda yarma (prodel) və qarabaşaq unu hazırlanır.
Tarixdən məlumdur ki, monqollar və hunlar ət yeməkləri ilə yanaşı qarabaşaq sıyığı ilə də qidalanmışlar. Qarabaşaq sıyığı indi də pəhriz qidası kimi məşhurdur. Çünki onun tərkibində orqanizmdə yaxşı mənimsənilən dəmir, fosfor, kalsium, alma və limon turşuları, suda həll olan vitaminlər vardır. Qarabaşaq yarması digər yarmalara nisbətən daha çox kökəlməyə meyilli insanlara məsləhət görülür.
Dostları ilə paylaş: |