Qarğıdalı – Кукуруза, маис – Zea mays L. Taxıllar (Gramineae) fəsiləsinin Zea cinsinə aid birillik, birləpəli və saçaqlı kök sistemi olan Zea Mays bitkisidir. Dənindən qida məhsulları almaq üçün, gövdəsindən və yarpaqlarından silos və senaj kimi qiymətli yem alınmasında istifadə olunur. Vətəni Cənubi Amerikadır. Azərbaycana XVII əsrin sonunda gətirilib.
Dənlərinin pərdəliliyinə, xarici quruluşuna (formasına, səthinə), endospermdə olan nişastanın və zülali maddənin miqdarına görə Zea Mays növü 9 yarımnövə bölünür.
Bərkdənli qarğıdalı – Z.M.imdurata.
Dişşəkilli qarğıdalı – Z.M.indentata.
Yarımdişşəkilli qarğıdalı – Z.M.semidentata.
Nişastalı qarğıdalı – Z.M.amylacea.
Partlayan qarğıdalı – Z.M.everta.
Şəkərli qarğıdalı – Z.M.saccharata.
Pərdəli qarğıdalı – Z.M.tunicata.
Mumvarı qarğıdalı – Z.M.ceratina.
Şəkərli-nişastalı qarğıdalı – Z.M.amylacea-saccharata.
Qarğıdalı dəninin 5,2-9%-ni toxum qılafı, 6-8%-ni aleyron qatı, 8-15%-ni nüvə (rüşeym), 70-80%-ni isə endosperm təşkil edir. Qarğıdalının kimyəvi tərkibi onun botaniki qrupundan, becərildiyi şəraitdən və yetişmə dərəcəsindən asılıdır. Qarğıdalının tərkibində orta hesabla 70% nişasta, 12% zülali maddə, 5,4-6,2% yağ, 1,3-1,5% minerallı maddə, 1,7-1,8% sellüloza, 4,3%-ə qədər pentozanlar, 3,5-4,5% həll olan karbohidratlar vardır.
Qarğıdalının tərkibində karotin (provitamin A), B1, B2, B6, D, C vitaminləri, nikotin (PP) və pantoten (B3) turşuları vardır.
Qarğıdalı unundan bir çox ölkələrdə buğda unu ilə qarışıq çörək bişirilir. Qənnadı sənayesində istifadə olunur, ondan qarğıdalı nişastası və patka hazırlanıb yeyinti məhsulları istehsalında yarımfabrikat kimi istifadə olunur. Qarğıdalıdan yarma, qarğıdalı lopaları, qızardılmış qarğıdalı çöpləri, partlamış havalı qarğıdalı və digər məhsullar hazırlanır. Qeyd etmək lazımdır ki, qarğıdalı yarmasında digər yarmalardan fərqli olaraq D, E vitaminləri və karotin var, lakin qarğıdalı zülalı tam dəyərli olmadığından insan orqanizmində pis mənimsənilir.
Qarğıdalıdan sənayedə nişasta, qlükoza, spirt, sirkə turşusu, zülal (protein) və digər məhsullar alınır. Qarğıdalı gövdəsindən süni ipək, kağız, ağac spirti, süni kauçuk, rəng, lak, karton, plastik kütlə, sellüloza, izolyasiya materialları alınır. Qarğıdalının tullantılarından qiymətli məhsul olan qlütamin turşusu alınır ki, bu da əsəb, ruhi və digər xəstəliklərin müalicəsində istifadə olunur. Qlütamin turşusu maddələr mübadiləsində, xüsusən beynin və ürəyin fəaliyyətində mühüm rol oynayır. Eyni zamanda, qlütamin turşusu qan əmələgətirən fol turşusunun (Bc vitamini) tərkibinə daxildir.
Dostları ilə paylaş: |