Ardıcın müalicəvi xassələri. Xalq təbabətində ardıcın meyvələrindən dəmləmə və yığıntılar şəklində sidikqovucu və iştahaartırıcı dərman kimi, yeyinti sənayesində isə likör və arağın tərkibində ətirli və tamlı maddə kimi istifadə edilir. Meyvələrindən alınan efir yağından yarasağaldıcı dərman kimi «Vişnevski» məlhəminin tərkibində istifadə olunur. Bundan əlavə, efir yağından spirtdə hazırlanmış məhlul və məlhəm şəklində revmatizmdə ağrıkəsici maddə kimi də işlədilir. Ardıcın odun hissəsindən quru distillə yolu ilə alınmış qatrandan dəri xəstəliklərində dezinfeksiyaedici və yarasağaldıcı dərman kimi istifadə olunur.
Mədə-bağırsaq möhtəviyyatının xəstəliklərində sidikqovucu çay aşağıdakı kimi hazırlanır: 100 q quru ardıc meyvəsi 400 ml suda yumşalana qədər bişirilir, süzülür, şərbət halına gəlincə şəkər əlavə edilir və yeməkdən əvvəl gündə 3 dəfə 1 çay qaşığı içilir.
Podaqra və revmatizmdə 200 q quru meyvənin 2 litr suda qaynadılmasından alınan məhlulla vanna qəbul olunur.
Yazbaşı qanın tərkibini yaxşılaşdırmaq məqsədilə acqarına birinci gün 1 ədəd, ikinci gün 2 ədəd, beləliklə hər gün bir ədəd artırmaqla 15-ci gün 15 ədəd ardıc meyvəsi çeynəmək məsləhət görülür. Sonradan meyvələrin sayını gündə 1 ədəd (5 ədədə qədər) azaltmaqla 25 gün qəbul edilir.
Ardıc meyvələrindən az dozalarda dezinfeksiyaedici, damarları genişləndirən vasitə kimi, böyrəklərdə, öd kisəsində daş olduqda və qanazlığında istifadə olunur.
Dostları ilə paylaş: |