Aktinidianın müalicəvi xassələri. Aktinidia meyvələrindən sinqa xəstəliyində ən qiymətli və müalicə əhəmiyyətli xammal kimi istifadə edilir. Onun təzə dərilmiş və ya şəkər qatılmış (çiy mürəbbə) meyvələri avitaminozun ən gözəl dərmanı hesab olunur.
Aktinidiadan qanaxmaya, vərəmə, göyöskürəyə və dişlərdəki kariyesə qarşı həm profilaktiki və həm də müalicəvi vasitə kimi istifadə olunur.
Başınağacı – Калина обыкновенная – Viburnum opulus L. Maralçiçəklilər (Caprifoliaceae) fəsiləsindən ağac və ya iri kol halında bitki olub, kənarı mişar kimi diş-diş, yaşıl rəngli dairəvi yarpaqları vardır. Qalxan şəklində yerləşən ağ hamaşvarı çiçəkləri nəzəri cəlb edir. Beşləçəkli çiçək tacı sünbülə oxşayır. Yetişdikdə qırmızı rəngli, şar formalı birtumlu meyvələr olur. Bitki may-iyun aylarında çiçək açır, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Meyvəsi acıtəhər, ağızbüzüşdürücü dadlı olub, don vurduqda acı dadı yox olur.
Başınağacı yabanı halda keçmiş SSRI-nin cənub və Orta Avropa rayonlarında meşəlik və kolluqlarda geniş yayılmışdır. Azərbaycanın dağlıq-meşəlik rayonlarında başınağacın ehtiyatı çoxdur.
Başınağacın tərkibində şəkər, üzvi turşular, pektin, aşı maddəsi, karotin, C və P vitamini vardır. C vitamininin miqdarı (70%-ə qədər) sitrus meyvələrində olandan çoxdur. Toxumlarında 21%-ə qədər yağ vardır. Başınağacı meyvəsini təzə halda yemək olar. Lakin ondan kompot, kisel, jele və s. məhsullar hazırlanır. Başınağacı şirəsini vitaminli içki kimi içirlər. Meyvələrindən piroq üçün içlik, marmelad, pastila və nalivka hazırlanır. Başınağacının meyvə şirəsindən yeyinti sənayesində bəzi yeyinti məhsullarını rəngləmək üçün də istifadə olunur. Başınağacı salxımlarını topa şəklində bağlayıb sərin binalarda asılı halda uzun müddət saxlamaq olar. Meyvələrini şəkərlə konservləşdirmək və dondurmaq da olar.
Dostları ilə paylaş: |