Elektron hökumət: cəmiyyətdə tərəqqiyə təkan verən müasir xidmət
Elektron hökumət dövlət idarəetməsində keyfiyyətin və səmərəliliyin gücləndirilməsi və yaxşılaşdırılması məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi deməkdir. “E-hökumət” – vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsidir. Burada dövlət xidmətlərinin vətəndaşa ən asan və ən təsirli yolla, həm də keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılması əsasdır. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “E-hökumət” anlayışı ilə hər təşkilatın və fərdin məlumat və kommunikasiya texnologiyaları ilə dövlət təşkilatlarına, təşkilatlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla əli çatması nəzərdə tutulur. Ölkəmizdə “Elektron hökumət”in inkişaf etdirilməsi beynəlxalq təcrübəyə əsaslanır. Eyni zamanda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlar əsasında davamlı fəaliyyət üçün hüquqi baza yaradılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə işlər həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılaraq, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub və “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.
Üstünlükləri və faydaları
Elektron hökumət dövlət idarəetmə orqanları və cəmiyyət arasında əlaqələrin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) vasitəsilə qurulması anlamına gəlir. Məhz İKT sayəsində dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələr təmin edilir. Bunun sayəsində vətəndaşlar və biznes üçün rabitə imkanları asanlaşır, xərclər azalır, proseslər xeyli sürətlənir. Bütün cəmiyyətin xeyrinə olan ictimai xidmətlərin keyfiyyəti və şəffaflığı əhəmiyyətli dərəcədə artır. Hazırda e-hökumət ifadəsi müasir dövlət sözünə sinonim kimi başa düşülür. Elektron hökumət strategiyasının əsas prinsiplərindən biri cəmiyyətdə vətəndaş, dövlət, əyalət və yerli səviyyələrdə e-hökumətin bütün formalarından istifadə edilməsinə imkanlar yaratmaqdır.
Danılmaz faktdır ki, dövlət idarəetməsində elektron proseduraların davamlı genişlənməsi və vətəndaşlar arasında etimadın yüksəlməsi müntəzəm olaraq e-hökumət xidmətlərindən istifadənin artmasına gətirib çıxarır.
Çünki bu xidmət informasiya texnologiyalarından istifadə etməklə dövlət orqanları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə informasiya xidmətlərinin və e-xidmətlərin göstərilməsi kimi üstünlüklər qazandırır. Həmçinin vətəndaşın sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın minimuma endirilməsində bu xidmət böyük rol oynayır. İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, təqdim olunan elektron xidmətlərdən ölkənin bütün ərazisində istifadənin mümkünlüyü də e-hökumətin üstünlükləri sırasındadır.
Xüsusi imkanlar
E-hökumətin istifadəçilərinə təqdim etdiyi yeni imkanların əsas məqsədində – xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” minimuma endirmək, bu münasibətləri inkişafına nail olmaq və düzgün bir siyasi xətlə aparmaq, şəffaflaşdırmaq dayanır. Təbii ki, bütün bu məqsədlərin həyata keçməsi üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin tətbiqi, onların miqdar və keyfiyyətinin artırılması, vətəndaşların bu kimi xidmətlərdən mümkün dərəcədə daha çox istifadə etməsi və məmnunluğunun yüksəldilməsi vacibdir.
Vətəndaşlar üçün istifadəyə verilən xidmətlərə misal olaraq – gəlir vergisi, iş axtarışı (müəssisələrdə vakansiyalar), sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), avtomobillərin qeydiyyatı, onlayn ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), yaşayış yerində qeydiyyat, səhiyyə xidmətləri (e-məsləhət) və s. göstərmək olar.
“Elektron Hökumət” portalı
Bu xidmətlərin göstərilməsində “Elektron hökumət” portalının (www.e-gov.az) rolu xüsusi qeyd edilməlidir. Çünki vətəndaşların dövlət orqanları ilə əlaqələrinin daha rahat və uyğun şəkildə baş tutması üçün göstərilən elektron xidmətlər məhz bu portalda cəmlənib.
“Elektron hökumət” portalı vətəndaşların dövlət orqanları ilə təmaslarını daha münasib şəkildə qurulması üçün “bir pəncərə” prinsipi əsasında təşkil edilib. Portal dövlət orqanlarının göstərdikləri elektron xidmətləri kompeks şəkildə özündə cəmləşdirir. “E-gov.az” qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxil olma imkanının təqdim edilməsi, xidmətlərlə əlaqədar doğru və aktual məlumatlara çatma imkanının təmin olunmasıdır. “Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların portal üzərindən təhlükəsiz şəkildə aparılması da mümkündür.
E-hökumət və biznes sektoru
Layihənin biznes sektoru üçün də mühüm üstünlükləri var. İş adamlarının dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrinin qurulması və xərclərin azaldılması, iqtisadi səmərəliliyin, rəqabət və xarici bazarlara çıxış imkanlarının artması əldə olunan imkanlardan bəziləridir. Bu sektor üçün göstərilən xidmətlərə nümumə kimi sosial fondlara ödəmə, e-bəyannamə, e-vergi hesab-fakturası, e-imza, yeni şirkətlərin qeydiyyatı və gömrük bəyannamələri, e-lisenziya, e-satınalma, e-kotirovka, e-hərrac, arayışların verilməsi və sairəni göstərmək olar.
Bütün bunlar vətəndaşlara operativ və keyfiyyətli xidməti təmin etməklə cəmiyyətdə normallaşma, tərəqqi proseslərini sürətləndirir. Nəzərdən qaçırmaq olmaz ki, demokratiyanın gücləndirilməsi, ictimai-siyasi fəaliyyətdə vətəndaşların iştirakının artırılması üçün informasiya vasitələri, eləcə də informasiya-kommunikasiya texnologiyalarından istifadə vacibdir və bunlar elektron hökumətin mövcudluğunu şərtləndirən amillərdir. Elektron hökumətin xidmətləri sayəsində informasiya mühiti ilə bağlı qərarların qəbul edilməsinə və monitorinqinə bir növ elektron dəstək tətbiq olunur. Bu dəstək vətəndaşların dövlət orqanları ilə qarşılıqlı münasibətə cəlb olunmasından ibarətdir. Vətəndaşların bütün bu xidmətlərdən istifadəsi və üstünlüklərdən faydalanması üçün “Elektron hökumət” portalı öz işini hər gün xüsusi nəzarət və gücləndirilmiş rejimdə davam etdirir.
Asanlaşan təmas
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda elektron hökumətin formalaşdırılması sahəsində görülən işlərin KİV-də geniş işıqlandırılmasını müsbət məqam kimi dəyərləndirir. Onun sözlərinə görə, elektron hökuməti istifadəçilərin qiymətləndirməsi, müəyyən təkliflərin irəli sürülməsi, olan problemlərin qabardılması müsbət haldır. Elektron hökumətin hər bir vətəndaşın istifadə edə biləcəyi mənbəyə çevrilməli olduğunu deyən nazir müavini təklif edilən elektron xidmətlər vətəndaşların dövlət orqanları ilə təmasını daha da asanlaşdırdığını diqqətə çatdırıb: “Elektron hökumət portalı iki ildir vətəndaşların ixtiyarına verilib. Hazırda elektron portalına qoşulmuş e-xidmətlərin sayı 374 ədəddir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq xidmətlərin sayı 291 ədəddir. Qarşıda duran məqsəd ondan ibarətdir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə müəyyənləşdirilmiş bütün elektron xidmətlər portallarımıza inteqrasiya olunsun və vətəndaşlarmızın ixtiyarına verilsin. Sevindirici hal bir də ondan ibarətdir ki, ölkəmizin hər bir nöqtəsində internet vasitəsilə elektron hökumət portalları ilə müraciət etmək mümkündür. Hazırda qanunvericilik imkan verir ki, vətəndaş özü haqqında dövlət qurumlarından informasiya sistemlərində olan məlumat əldə etsin. Arayışın elektron şəkildə verilməsi kredit alınma prosesində müsbət bir addımdır. Bu, vətəndaşların demək olar ki, heç bir quruma bilavasitə müraciət etmədən arayış ala bilməsinə köməklik göstərir”.
Qeyd edək ki, Məlumat Hesablama Mərkəzindən (MHM) verilən rəqəmlərə görə, bu günə qədər Bakı üzrə 53851 vətəndaş kod-parol əldə edib ki, onlardan 49554-ü onlayn qeydiyyatdan keçib, 4297-i qeydiyyat mərkəzlərindən kod-parol alıb. Sumqayıt şəhəri üzrə ümumilikdə 7185 vətəndaş qeydiyyatdan keçib, onlardan 6796-sı onlayn qeydiyyatdan keçərək, qalan 389-u qeydiyyat mərkəzlərindən kod-parol əldə edib. Gəncə şəhəri üzrə isə 6671 nəfər onlayn qeydiyyatdan keçib, 274 nəfər qeydiyyat mərkəzlərindən kod-parol alıb. İndiyə qədər ümumilikdə, 122701 istifadəçi qeydiyyatdan keçib, onların 114211 nəfəri onlayn qeydiyyatdan keçib, 8490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol əldə edib. Bugünəcən elektron xidmətlərə 5,5 milyon dəfədən çox müraciət olunub. E-xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin göndərilməsi üçün “Əks əlaqə” adlı xüsusi bölmə hazırlanıb.
Əldə olunan irəliləyişlər
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, Azərbaycanda e-hökumət quruculuğu sahəsində xeyli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, vətəndaşların böyük əksəriyyəti elektron hökumətdən bəhrələnir, xidmətləri elektron formada əldə edir, hökumətlə münasibətlərini elektron müstəvidə qurur, dövlət qurumları ilə yazışmaları elektron müstəvidə aparırlar: “Azərbaycanda bir sıra dövlət qurumlarında bu sahədə vəziyyət çox yaxşıdır. 10 ildir ki, bu dövlət qurumlarında sözügedən istiqamətdə sistemli formada addımlar atılır. Bu sırada Vergilər Nazirliyini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını, Dövlət Sosial Müdafiə Fondunu, o cümlədən son illər fəallaşan Əmlak Məsələləri Dövlət Komitəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı da qeyd etmək olar”.
İsgəndər HƏSƏNOV
Yazı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Məlumat Hesablama Mərkəzinin birgə keçirdiyi müsabiqəyə təqdim olunu
Dostları ilə paylaş: |