YOVŞANLIQ ŞƏRQİLƏRİ
(roman – xatirə)
sözləri yazılmışdı.
Kişi yazını bir qədər vərəqləyib gözucu baxa-baxa soruşdu:
Siz yazmısız?
Bacım yazıb.
Bacınız kimdi?
Budu, yanımda dayanan. Birlikdə gəlmişik.
Abuzər müəllimin indi yadına düşdü ki, qızlara oturmaq təklif etməyib.
Əyləşin,- dedi, - niyə ayaq üstə dayanmısız?
Və üzrxahlıq etməyi də unutmadı:
Hərdən başım yazı-pozuya o qədər qarışır ki, özümün də harada olduğum yadımdan çıxır.
Qızlar dodaqaltı gülümsünüb əyləşdilər.
Bağışlayin, bəlkə də yersiz sual verirəm, siz əkiz bacılarsız?
Bəli! – Bu dəfə qızların ikisi də birdən səsləndi.
Deyirəm axı, çox oxşayırsınız! – Abuzər müəllim yeni bədii ifadə tapmış şairlər kimi qürrələnib dərindən nəfəs aldı.
Hə, indi danışın. Kim yazıb? Kim redaktə eliyib? Gəlməkdə məqsədiniz yəqin bunu çap etdirməkdi, eləmi? – Abuzər bir neçə sualı birdən üyüdüb tökdü.
Mən yazmışam – Aytac Bayatlı. Redaktoru da anamızdı – Səbinə Məmmədli. Titul vərəqində yazılıb, siz yaxşı baxmadınız. Atamın xatirəsinə ithaf etmişəm.
Bağışlayın, atanız sağ deyilmi?
Xeyr, sağ deyil. Birinci Qarabağ müharibəsində həlak olub. Biz demək olar ki, onun üzünü görməmişik. O, həlak olanda biz yaş yarımlıq olmuşuq. İndi o vaxtdan iyirmi ildən çox keçib. O zaman qəzetlər onun haqqında yazıblar. Anam həmin qəzetlərdən bir çoxunu saxlayıb. Kəşfiyyatçı Nazər Məmmədov. Ləqəbi də varmış - Gürzə.
Allah rəhmət eləsin, qızım. Müharibə neçə-neçə mərd igidlərimizi apardı. Neynəmək olar? Bu da bir tarixdi.- Abuzər müəllim köks ötürüb davam etdi:
Tələbəsiniz?
Mən filoloqam, – yazının müəllifi cavab verdi, - məktəbdə müəllim işləyirəm. Bacım Gültac isə Tibb Universitetinin sonunsu kursundadı.
Çox yaxşı. Yazı qalsın, bir mən də nəzərdən keçirim, həm də çap xərcini hesablatdırım. Əlaqə saxlayaq, çap eliyərik, olarmı, qızım?
Necə məsləhət bilirsiniz. – Aytac cavab verdi və qızlar sağollaşıb çıxdılar.
Abuzər müəllim kreslodan qalxıb kabinetin pəncərəsini açdı. O, siqaret çəkməzdən əvvəl həmişə belə edirdi. Bu dəfə siqareti yandırmağa tələsmədi. Sanki, ilıq yaz havasının otağı doldurub qurtarmasını gözləyirdi.
Bəlkə də birdən-birə yadına düşmüş 20 il əvvəlki cavanlığının hansısa bir şirin xatiratından qopa bilmirdi...
Dostları ilə paylaş: |