Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 207.54 Kb.
səhifə3/3
tarix20.01.2017
ölçüsü207.54 Kb.
1   2   3

Baxıram canlı bir intizar kimi.

Yağar gözlərimə o göz yaşların

Bəzən yağış kimi, bəzən qar kimi18.
Bu – Əli Kərimin yağışıdır, kəsmək bilmir...

Bu görüntü şeirdə sözsüz ifadə edilmişdir, metaforanın dünyanı əl içinə yığıb-yığışdıran gücüylə metonimiyanın məkan keçidləri, bu ikisinin kəsişmə məqamında sözə gəlməyən, sözü yaddan çıxaran, məkanın və zamanın iç-içə geydirilmiş qatlarını bir-bir açıb göstərən, bu ardıcıl hərəkətlərlə sözün içindən çıxıb hər şeyi sükutun, dinməzliyin diliylə ifadə edən laylar, rənglər, rəng qatışıqları – bitib-tükənməyən duyğular... Qədim poeziya aləmində sözlə oynamaq, sözün min bir rəngini göstərmək təzə şey deyil, ən çətini bu şəkildə sözsüz yazmaqdır, sözü «dəf edərək» predmetə çatmaq, onunla oynamaqdır.

Sözsüz şeir yazmaq auditoriyasız, çölləmə oxumağa bənzəyir. Hansı mənbədən oxuduğumu unutsam da, böyük bir əsərin mahiyyəti yadımda bu şəkildə qalıb və mən elə bilərəm ki, indi oxuyacağınız cümlələr Əli Kərimin şeirlərinin fəlsəfəsini yaxşı ifadə edir: onlar oxuyurdular, nə üçün oxuduqlarını bilmədən oxuyur, zümzümə edirdilər, ancaq hərdən bu səsin içindən oxumağın və oxuyaraq xoşbəxt olmağın mənbəyi görsənirdi...

Bu mənada, Əli Kərimin şeirdəki «nitqi» onun yaşını müəyyənləşdirməyə qəti imkan vermir, bu nitq gah sadəlövh uşağın dünya haqqında kamil təsəvvürlərinə, gah da ixtiyar və müdrik bir qocanın uşaq sadəlövhlüyünü andıran sözlərinə bənzəyirdi. (Psixoanaliz hansı böyük nailiyyəti əldə edir-etsin, onun bir mühiti var: pasientin nitqi. (Jak Lakan). Bəlkə bu ona görə belədir ki, Əli Kərimin nitqi həmişə pıçıltı şəkilində, özü də kadr arxasından gəlir. Nəyisə nişan verir, getdikcə «süzülür», şərtiləşir, ən alçaq tonla eşidilməyi kifayət edir ki, Kürə yağan yağışın min bir rəngi görünsün, bu mənada Əli Kərim həmişə «dərində» - sözün, nitqin – öz nitqinin, sintaksisin dərin qatlarında gizlənmiş şair təsəvvürü oyadır. Bu nitq həm də «görüntü aparatıdır», bir predmeti, nəsnəni, hadisəni görükdürmək üçün bu nitq hadisəsi həmin əşyaları hökmən əşyaların sərhədi üzərinə gətirir, o yerə, o məkana ki, burada bilinənlə bildirənin yeri apaydın görünmür, güc həmişə kadr arxasında dayanan nitqin üstünə düşür, bu qədər şeylər «qaralandan» sonra mətləb bütün parlaqlığı ilə görünür, canlanan mənzərə insanı sarsıdır:


Heç kim məni başa düşməz,

Bəlkə də aydınlığımdandırr,

Qafiyə düz olmasa da,

Bəlkə də yandığımdandır.

Məni dəhşət

alıbdır çox,

Zülməti korlar da görür.

Qoy hünərin varsa sənin

Günün qızıl gözlərinin

içinə düz bax!19
Əsl poeziya belə demək olarmı ki, içində olduğumuz gerçəklik, necə deyərlər «yaşanıb qurtardıqdan» sonra başlanır? Bəlkə də elə belədir, axı hər bir gözəl mətn parçasında dünya, yaşayıb yaddan çıxardığımız gerçəklik bir daha geri fırladılır, kino lenti kimi. Lentin aşkarlanması həmişə gözləmədiyimiz nəsnələrin peyda olması ilə yadda qalır. Əli Kərimdən çox sevdiyim şerlərin birində belə bir məqam var ki, gəzdiyim şəhərdə qəfil «itirəm», burda hər şeyə ilk dəfə gördüyüm kimi baxıram: Gəzirəm, seyr edirəm elə daşı, torpağı// İllərlə dəyməmişdir ora insan ayağı// Gəzirəm elə məyus, dərdli xərabələri // ora heç kim getməmiş düşmən qaçandan bəri... Mən də hərdən bir insan kimi, tənhalıqdan, nədən, daha nələrdən bezib və darıxıb da illərlə ayaq dəyməyən «xam torpaqlarda» azmaq istəyirəm. Heç bir tanış adam görməyim, şəhərdə gördüyüm yad adamların bir yerə yığışıb nə etmək istədikləri heç assosiativ şəkildə də mənə bəlli olmasın. Toporov bu söhbətimizə dəxli olmayan bir yazısında20 (...Aptekarskiy ostrov kak qorodskoe uroçihe) doğru buyurur ki, bəzən ... fizika metafizika ilə toqquşur, baş-başa gəlir və bu zaman irreal aləmə vəhşi meyllə torpağa, yerə məhəbbət arasında uçurum yaranır. Ayrılıq şırımı getdikcə artır, dərinləşir. Toporovun sözlərinə görə, bəzən təbiətin mədəniyyət üçün qida mənbəyi olduğu məqamlar da tükənir. Ruhumuza tanış olan bütün duyum və deyimlər duman içindən çıxırmış kimi yeni rəng və çalar kəsb edir. Bu məqam – ruhda gedən təbəddülatlar içində, bu son dərəcə qızğın və amansız qovğanın ağuşundaca ... sözün, qəribə gəlməsin, öz libasını dəyişməsi hadisəsi baş verir. Ruhumuza çilənən hava dəyişən kimi sözlər də yenidən doğulurmuş kimi, insanı dərindən dərinə sarsıdır, yerindən oynadır. Toporovun adını çəkdiyimiz məqaləsində Blokun bir neçə şairlə söhbətlərindən fraqmentlər verilmişdir. Söhbətdə iştirak edən şəxslərdən biri bu məqamları izləyir və yazır. Onun mətndə işlətdiyi «qlubokiy» sözünü qəribə deyil ki, elə həmin münasibətlə Blokun özünün gündəliyində həmin görüşlə əlaqədar işlətdiyinin şahidi oluruq. Ancaq birinci mətnin müəllifi bu sözlə vurğunluğu, insanın insana birdən bağlanmasını ifadə etsə də, Blok qəribədir ki, bu sözlə daha çox yorğunluğu, dünyadan bezməyi və s. göstərmişdir. Sözün öz içindəki «məna, semantika uçurumları», burada doğma və yad sahillərin olması... ruhumuzun bizdən aralı düşüb, bizimlə kosmik əlaqədə olan ərazisidir. Bu şerdə (Əli Kərimin şeirlərində) sözlərin və əşyaların eyni andaca bayaq təsvir etmək istədiyim dumanın (səhər çağı) içindən süzərək birdən aydınlığa çıxması, xüsusi bir varlıq kimi görünməsi hər bir misrada obrazın qətrə-qətrə yaranma prosesini nümayiş etdirir. Bu şer görüntüdür, irreal nəsnələrin vizuallığın dilinə köçürülməsi (daşınması-!), nəticədə isə dürlü-dürlü bənzətmələrə varmayıb hərəkətin özünün canlandırılmasıdır. Şeirdə obrazın «hərəkəti» çox şeydir, böyük mətləbdir, bizə bəlli olmayan nəsnələrin əhəmiyyətli bir hissəsinin aşkarlanmasıdır.
Vaxtilə böyük şair Rəsul Rza o zaman gənc olan Vahid Əziz haqqında yazısında sözün yaxşı mənasında qəribə ifadələr işlətmişdi. Məqalə qarşısıalınmaz bir heyranlıqdan ibarətdi. Gənc şairin doğrudan da dipdiri obrazlarını, könül yaralayan misralarını (şeir həmişə yaralayır və yara üstünə gəlir, yaranın qaysağını qoparır...- Jak Derrida) misal çəkir və gözlənilmədən deyir: bu mənim yurdumun övladıdır! Əli Kərimin şeirlərini oxuduqdan sonra da insanda belə bir təəssürat yaranır. Əli Kərim fərdi üslubu, belə demək olarsa, maqnit sahəsi kimi yaratdı – hər şeyi mistik dərinliyin əngilliyinə çəkdi, poeziyada, ədəbiyyatda uzandıqca uzanan imitasiyalara son qoyuldu, qafiyəpərdazlığın, əl havasına şeir yazmağın yolunun üstünə şlaqbaum qoyuldu, çağdaş Azərbaycan poeziyasının müasir dünya prosesinə inteqrasiyasında Əli Kərimin böyük rolu oldu – nəzərəçarpacaq dərəcədə. Müşfiqdən, Səməd Vurğundan və Rəsul Rzadan sonra (həm də Rəsul Rza ilə bərabər) milli poeziyanın öz kontekstinə qayıtması həm də Əli Kərimin hünəri sayəsində baş tutdu. Təsəvvür edin: Babək, Nəsimi, Füzuli, Xətai... haqqında nə qədər qiymətli əsərlər, az qala dünyanın ən ağıllı, ən işıqlı nəsnələrini içinə yığan əsərlər yaranmışdı. Obrazlar, müqayisələr, təşbehlər... uzandıqca uzanırdı, bu şəkildə, bu qaydada ədəbiyyatın özü sanki yadda qalmaq üçün deyilən parlaq sözlərə çevrilirdi. Bu hal ən parlaq şəkildə Ə.Məmmədxanlının «Babək» romanında hiss olunur. Hər şey axıb-axıb bir ibrətli kəlamın içinə yüyürmək istəyir, qarşısıalınmaz şəkildə – bu tendensiyalar nə qədər gözəl olsa da, üslub hərc-mərcliyi yaradır. Əli Kərim, yuxarıda dediyimiz kimi, üslubu maqnit sahəsi kimi yaratdı, hər şeyi dərinə çəkdi, sözlə usandırıcı oyuna son qoydu. Üslub mistikası – hamını cazibə sahəsində saxlayıb, var gücü ilə hamını onun kimi yazmaqdan uzaqlaşdıran üslub, ədəbi prosesə kənardan təsir göstərmək modeli ilk dəfə Əli Kərim poeziyası ilə doğuldu və faktlaşdı.

Əli Kərim ən hikmətli, görk olacaq nəsnələri də şerin diliylə elə söyləyirdi ki, heç bir təsadüfdə didaktika təsiri bağışlamırdı, didaktikaya çəkmirdi, insanı düşüncələrə daldıran hikmətli söyləmələrin apardığı mənzildən də uzaqlara çatdırırdı, belə olduğu üçündür ki, uyğun hikmətli söyləmələr də can atıb bu şerin nüvəsinə, görünməyən materiyasına qovuşmaq arzusuyla çırpınırdı. Ancaq bu şerin dayanıb, ayaq saxlayıb gözləyəsi bir şey yoxdu – onun bağrının başında göynəyən arzusu üfüqlərdən o yana yetişməkdir. Bu mənada Əli Kərim gələcəyin şairidir.

Əli Kərim üslubunun ən mühüm xüsusiyyəti polifoniyadır, çoxsəslilikdir, insanın tanıdığı dünyanın sınırlarını onun gözündə böyütmək, genişləndirməkdir. Adətən hər bir istedadlı şair obrazıyla tanınır, intonasiyası ilə seçilir - bax, bu ifadəni bu biçimdə məhz o işlədə bilərdi və sair və ilaxır. Seçilmədən, tanınmadan sonra qəlibləşmə gəlir, - bu, o deməkdir ki, məhz bu obrazı, bu intonasiya modelləri ilə tanınan şair gec-tez bu obrazlara uyğun dairənin içinə düşür. O anlamda ki, başqalarından seçilsin, başqalarının yaratdığı dairəni “kəssin”, dünya ilə münasibətlərin bu şəkildə qurulması dairəni alınmaz qalaya çevirir, qələm anidən hərəkət nöqtəsinə qayıdır, illər keçəndən sonra məlum olur ki, o, əslində yüz illərdir bir əşyanın konturlarını cızırmış. Ən istedadlı qələm sahibləri də bu dairənin içinə düşən kimi primitivləşir, yazan adamın özünün özündən fərqi qalmır. Bunun, bu vəziyyətin özü üslubi keyfiyyətdir, insan xarakterinin yazını, yazı tərzini idarə etməsidir.

Əli Kərim yaradıcılığında yazı tərzini diktə edən xarakter yoxdur, çoxsəslilik var, bu üslub məkanı təkcə dairələrdən yox, düz, əyri və bir-birini kəsən xətlərdən ibarətdir, həm də bu formada: üfüqi xətt varsa, onu şaquli istiqamətdə kəsən mətləblər, nüanslar, adi gözlə sezilməyən cizgilər var, həm də: heç bir manifest, poetik qayə açıqlamadan yeni poetik sistemi açıqlayan komponentlər sırası var və bütün bunlar zaman keçdikcə açılır, şaxələnir, yeni mənalar qazanır.



Biz artıq bir dəfə digər Azərbaycan sənətkarlarında olduğu kimi, Əli Kərim yaradıcılığında da barokko üslubunun ifadəsindən bəhs etmişdik. XVII əsr ispan ədəbiyyatında yaranan Barokko üslubunun fəlsəfi əsasını sonsuz dəyişiklik və dünyanın daimi dəyişməsi ideyası təşkil edir. Adi nəzərlə baxdıqda bu ideya hər hansı poetik sistemi izah etməyə heç bir açar vermir. Bu ideya nəzəri baxımdan Blez Paskal, Benedikt Spinoza və digər mütəfəkkirlərin yaradıcılığında formalaşıb. Doğrudan da yer üzündə daimi heç nə mövcud deyildirsə, hər şey hərəkət girdabındadırsa, demək gözəllik də nisbidir. Yəni, gözəllik haqqında anlayış da dəyişkəndir, hətta: gözəllə gözəl olmayan arasındakı fərq çox adi bir detalda ehtiva edilib. Paskal yazırdı ki, Kleopatranın burnu bir balaca nazik olsaydı, bütün yer kürəsi başqa formada olardı. Doğrudan da, “bu kimi xırda, diqqət cəlb etməyən şeylər belə mövqeyə malikdirsə, demək, onlara diqqət qanunauyğun şəkildə artacaq, onlar bədii obrazın içini dolduracaqlar – barokko üslubu da elə belə yaranır. Bu üslub əvvəlcə XVII əsr rəngkarlığı, heykəltəraşlığı və memarlığında yarandı. Ədəbiyyatda barokko xarakterli üslubi hadisəyə emosionallığı, dinamizmi, ziddiyyətliliyi, metaforikliyi, baxış plüralizmini, əşyaların qarışdırılmasını aid etmək olar, yəni intibahın asan və aydın üslubundan fərqli olaraq barokko “çətinliyi və mübhəmliyi” ilə seçilir”21 (P.F. Podkovırkin. “XVII əsr İspan ədəbiyyatında mübhəm və çətin üslub”). Müəllif daha sonra fikrinə davam edərək yazır ki, dünyanın dəyişkənliyi ideyası müxtəlif şəkildə ifadə edilə bilər. Əgər dünya belə daimi deyildirsə, insan baş verənlərin mahiyyətini qaçılmaz şəkildə anlamayacaq, əli həqiqətə çatmayacaq, insan yalnız pərakəndə halda dağılan hadisə, əşya, səs və rənglərin sonsuz məcmusunu görür, Başqa sözlə, bu baxışla dünya dərk edilən olmur. ədəbiyyatda belə bir dünya duyumu mürəkkəb metaforalarda, ziddiyyətli məntiqdə, paradokslarda, perifrazlarda əks edilir. Ancaq dəyişikliklə bağlı bu ideyanı başqa formada da ifadə etmək olar: həyatın sürətlə axması pessimist şəkildə dərk edilməməlidir, həqiqəti dərk etmək mümkündür, ancaq bu qədər kiçik, əhəmiyyətsiz və təsadüfi hadisələrin içiylə onu tapmaq son dərəcə çətindir. Dünyanın mahiyyətinə bu baxış ədəbiyyatda mürəkkəb obrazların, iti müşahidəyə əsaslanan müqayisələrin, tapmaca, dərin mənalı paradoksların yaranmasına rəvac verir.
*** Bir anlığa Əli Kərimin poemalarını, balladalarını, xüsusən «Şəhidliyin zirvəsi» və «Üçüncü atlı» poemalarını yada salın. Əli Kərimdə metafora hərəkətin ötürülməsinin, tamlıq, prosessuallıq effektinin yaradılmasının vasitəsinə çevrilir. Şübhəsiz ki, Əli Kərimlə Ramiz Rövşənin bədii dünyagörüşləri və poetik təfəkkürləri arasında obraz strukturu və metafora quruluşu, metaforanın hərəkəti təcəssüm etdirmə mexanizmi baxımından prinsipial fərqlər mövcuddur. Əli Kərimin obrazlarında metaforik düşüncənin açılması sona qədər, bir düz xətt boyunca davam edir, o məqama qədər ki, təsvir obyekti son hüceyrəsinə kimi işıqlansın, işıq düşən yerdə görünməyən, vizual təsir bağışlamayan bir nöqtə qalmasın. Əli Kərimdə məkan görüntüsü çox aydın vizuallıqla şərtlənir, Əli Kərim bütün poetik əməliyyatları, necə deyərlər, vizual görüntüsü olan məkan üzərində aparır, Ramiz Rövşəndə isə yuxarıda gördüyümüz kimi obrazın görünmə, vizuallaşma sxemi tam fərqlidir, bu fərqi uyğun şəkildə aşkarlamaq üçün bu poetik sistemdə ritm-metafora münasibətlərinin anatomiyasını öyrənmək vacibdir.
Meşələrdən üzü bəri

Nə yürüyür bu yalquzaq?

Görən kimi deyib gəlir?

Səndən uzaq!

Məndən uzaq!
...Onu kim saxlar yolundan?

Yerin-göyün yiyəsidi.

Dəstəyi Allah əlində

Bir bıçağın tiyəsidi.


Nə yarı var, nə yoldaşı,

Görən-görən uzaq qaçır.

Dünyanın bəyi-bayquşu

Bir tənha yalquzaq qaçır22.


Əli Kərimlə Ramiz Rövşən arasında poetik dünyagörüşü fərqləri poemaların kompozisiya tiplərində də üzə çıxır: Əli Kərimdə «müəllif obrazı» Ramizdə olduğu qədər «oyaq», istənilən məqamda hadisə axarında olmaq, daim nəbz kimi çırpınma (...döyünmə-!) xüsusiyyətinə malik deyildir, Əli Kərimdə bu obraz, belə demək olarsa, məqamında, çox nadir hallarda qalxıb-enən civə sütununa bənzəyir, Əli Kərimdə məkan – metonimik ayrıntılar hər şeyi özünə çəkir, Ramiz Rövşəndə metaforanın açılması və müəyyən takt daxilində, bu taktlar bitdikdən sonra içinə yığılması hər şeyi üzə çıxarır, səthdə, müstəvinin üzərində görsətmək istəyir. Diqqət yetirin:
Hara qaçır?

Kimdən qaçır?

Ayaq açan gündən qaçır.

Nə dini var, nə məzhəbi,

Hər məzhəbdən, dindən qaçır.
Sürü-sürü canavarlar

Dolaşır dərəni-dağı.

Onun da qisməti budu:

Azadlığın tənhalığı.

Bu cəhətlər o qədər üzdə, ən çox görünən səthdə cərəyan edir ki, adama elə gəlir ki, məzmun da ritmin, metafora şərtiliyini qazanmış ritmin içindən çıxır. Bu məqamda Alfons Dodenin «Ağrı» hekayəsində belə bir misalı çəkmək yerinə düşərdi: həyat və ölüm içimizdə əbədi qovğadadır, onların gücü təqribən eynidir. Alfons Dodenin hekayəsi ilə «Canavar ovu» arasında süjet eyniliyi, semantik çalarların uyğunluğu olmasa da, janrları fərqlənsə də, içimizdə əbədi qovğada olan həyat eşqi və ölümün gücünün təqribən eyni olması fikri hər iki əsərin bətnindən çıxan mahiyyəti açıqlayır; belə ki «Canavar ovu»nda bütün obraz və metaforalar – bütövlükdə metaforik düşüncə qatı hər şeyin əvvəl-axır bir bətnə yığışması, bir canda olması perspektivini qabarıqlaşdırır; dağda-dərədə sürü-sürü gəzən canavarlardan ayrılan YALQUZAQ quyruq bulayan itlərin igid sürüsünün qabağından qaçmaqdansa, özünü qızıl qırmızı güllənin üstünə atır. Şübhəsiz ki, indi verilən semantik təhlil əsərdə ehtiva olunan qatlardan yalnız biridir, mətn polifoniyasında çoxdillilik və çoxfunksiyalılıq bütün gerçəkliyi içinə alıb əritməyə, həll etməyə, ondan tamam başqa biçimli gerçəklik, başqa düzümlü işarələr sistemi yaratmağa iddialıdır. Əslində, mətnin bütün hüceyrələri göyə baxıb ulayan yalquzağın bütün səslərin içindən qılınc kimi sıyrılan tək səsinə tanrıdan gələn cavablarla, daha doğrusu cavabsız ulartının özünün mətnin içinə qoyulan müəllif obrazı ilə mükamiləsinin doğurduğu sərt, bütün işıqları söndürən, dünyada hökm sürən yalanı dünyanın zil qaranlığında açıq göstərən həqiqətlə dolur – amma dünyada nə yalan var, nə həqiqət! Dünya deyilən özü yozulması çətin bir yuxudur – gözlərimizi yumsaq, bəlkə bir-birimizi görmərik, - bu, Qurdun, canavarlar içində tək YALQUZAĞIN məntiqidir.
Bir gündə göz açdıq dünyaya bəlkə,

Göz açıb dünyanı nə gündə gördük.

Düşdü üstümüzə bir sirli kölgə,

Allahı başımız üstündə gördük.

... Bir tale, bir bəxt var hərədən ötrü,

Bəxtin də oyanan, yatan vaxtı var.

Yoxsa ayrı vaxt var hərədən ötrü;

Canavar vaxtı var,

Adam vaxtı var?!
Göydən damla-damla yağan yağışmı?

Buluddan vaxt damır –

Yaxşı bax göyə.

Niyə quşun vaxtı quş kimi uçmur,

Qarğalar üç yüz il yaşayır –

niyə?!
Burada «vaxt bölgüsü» ayrıntısı, onun içini dolduran semantik sahə mətnin bütün ağırlıq mərkəzini təşkil edir, yəni – canavar vaxtı, adam vaxtı, reallığın yuxu olması və bu yuxunun heç zaman bitməməsi...ritorika deyildir, sürüynən gəzmək istəməyən məxluqun sürüdən FƏRQİDİR. Canında bu FƏRQİ yaşadan məxluq üçün ölümdən əziz şey yoxdur. Bu mətləb Məhəmməd Hadiyə həsr edilmiş şeirdə də ifadə olunmuşdur: ...daha mənə bu dünyada, nə qaldı ölümdən əziz?


Bu çay da haçandı axır beləcə,

Ayları, illəri axıdır, axır.

Bu tayı gündüzdü, o tayı gecə,

Ortada bir uzun yuxudu, yuxu.


Biz də yuxudayıq bəlkə, ay uşaq,

Ayılsaq, görmərik bir-birimizi.

Mən ki, sənə dəyib-toxunmamışam,

Görən hardan gəlir

Bu qan iyisi!
Bu mətn parçasında «çay» və «yuxu» metaforaları, onların obraz və ideya strukturu şairin digər mətnlərinin, bütövlükdə yaradıcı təfəkkürünün bətnində yuvalanan sirri açıqlamağa yardımçı ola bilər. Belə bir fərziyyəni nəzərə alsaq ki, gözümüzün görmədiyi şeylər əslində öz içimizdə, qəlbimizin çox gizlində olan hücrəsində əbədi yatıb qalan nəsnələrdir və əslində işıq da qaranlığın görünən, rəng çalarında təqdim olunan bir formasıdır, bədii mətni görünən və görünməyən şeylərin təmas nöqtəsi, qaranlığın “rənglərə ayrılması”, hər bir əşyanın və nəsnənin öz rəngində və hamısının birlikdə tanrı rəngində görünməsi kimi almaq olar. Təsadüfi deyil ki, insan tapındığı məzhəbdə də Tanrını (Yeri və Göyləri yaradan...) «görünən və görünməyən şeylərin yaradıcısı» adlandırır. Ancaq bu iki dünya – görünən və görünməyən dünya qarşılıqlı təmasdadır. «Onların qarşılıqlı fərqi o qədər böyükdür ki, onların təmas sərhəddi ilə bağlı sual meydana çıxmaya bilməz. Bu sərhədd onları ayırır, ancaq həm də birləşdirir. Bunu necə başa düşməli?» (P. Florenski). Florenski daha sonra yazır ki, metafizikanın digər suallarında olduğu kimi bu sualda da əsas məqam odur ki, biz artıq özümüz haqda nələrisə bilirik. Bəli, qəlbimizin tarixçəsi iki dünyanın təmas sərhədi barədə fikir yürütmək üçün imkan yaradır, çünki bizim şəxsi təcrübəmizdə də həyat görünənin görünməyənlə əvəzlənməsidir, bu zaman hər iki dünya təmas tapır və biz bu təması hiss edirik. Bu zaman görünən şeylərin qatı bir an içində soyulur və bunun içindən görünməyən varlığın küləyi vurur üzümüzə. Hər iki dünya bir-birinin içində əriyir, həyat baş alıb gedən axına çevrilir. Şeirdəki «...biz də yuxudayıq bəlkə, ay uşaq, ayılsaq, görmərik bir-birimizi» qənaəti sonsuz zaman içində ayrılan, öz sapına düzülən rənglərin qaranlığa – bulud arxasına girməsinə bənzəyir. Buna görə də əslində şair nə qədər müxtəlif mətləblərdən bəhs etsə də, nəticə etibarı ilə öz içində dəhşətli həsrətlə görməyə susadığı nəsnələri, «qaranlıq məqamları» anlamağa çalışır, Andrey Belıy elə belə də yazırdı: yaradıcılıqda sənətkarın «həyat sirri» ehtiva olunur. Onun «Simvolizm» məqaləsində qeyd edilir ki, «görünmə (...görüntü) bu sirri göy qübbəsinin əlçatmaz ucalığına itələyir; orada buludların üzərində «ağlla dərk edilməyən bir məmləkətin sərhədləri» açılır; bu ona görə baş verir ki, həqiqi şeyin seyr edilməsi onu məndən kənarda mövcud olan təbiət obrazı kimi görükdürür, göy qübbəsi isə mənim təsəvvürümlə fəzadakı həqiqi «mən» arasında sərhəddir; səmanın sərhədindən o yanda qəlbimin yaşantılarını ötən musiqi səslənir: səma da məndən uçub gedib, orada qəlbimin torpağı yaranıb, bu torpaq isə mənim görünən obrazımdır. Görünən təbiət mənim yuxumdur; bu, buludların mavi səmada qaçışıdır». A.Belıy bu qənaəti şeirində də ifadə edirdi:
Проносится над тайной жизни

Пространств и роковых времен

В небесно-голубой отчизне

Легкотекущий, дымный сон.

Проносятся над небесами,

Летят над высотами дни,

Воскуренными облаками

Воскуренными искони.


Beləliklə, insanları, əşyaları...bir-birlərinə yaxınlaşdıran, ürcah edən şey görünənlə görünməyənin qəribə kombinasiyalarda meydana çıxan təmasıdır. Yuxu bu təsadüflərdən biridir, çay – tanrıyla insanın eyni rəngdə görünməsidir, çay – yuxunun aşkarlığıdır.
**

*

Bu şeirlə Əli Kərimin aşağıdakı şeiri arasında yeganə oxşarlıq hər iki sənətkarın “həyat sirrindədir”. Əli Kərimin poetik sistemində əsas cəhətlərdən başlıcası - ənənənin, klassik poetik mətnin “məchul”, işarə edilməyən, ancaq nəzərdə tutulan məqamdan başlamaqdır. Bu məqam hələ tapılmayıb, ən azı ona görə ki, yerin bu qatında arxeoloji qazıntı aparmaq heç kəsin ağlına gəlməyib. Həmin məchul məqam tapılan kimi, gerçəkliyə ayrıca münasibət tipi formalaşır, “qarşılanmamış gecə”, “nəfəs dəyməmiş gecə” tipli deyimlər Əli Kərimdə bütöv bir mətn təşkil edir. “Xatirəsinə” şeirində də hər şey “yoxluqdan”, həmin o “həyat sirrindən”, yəni məchul məqamdan başlayır. O, dünyada yox imiş // gördüyün şəxs yuxuymuş // oturmazmış burada // bu divarın yanında // görünməzmiş dərdimiz onun həyəcanında// nə siqaret çəkətmiş // hey sümürə-sümürə // nə də baş qaldırarmış // xırda bir səs-səmirə // özü olmadığından olmamış bir arzusu // nə biz olmuşuq, nə o // ağ bir yalan imişl bu // ağlama, könlüm, kiri // gözümdə yaş qalmamış // bu adda, bu nişanda // o gözəl gənc cahanda // olmamış, olmamış, olmamış...Aşağıdakı şeirdə inadla hər şey, bütün həyat sirri keçmişdə axtarılır (saçlarımda dünənin ayaq tozları qalmış), gələcəyin özü də...



...Arxeoloji qazıntılar zamanı tapılan əşyaların üzərinə xəttatların yaxud adi insanların həkk etdiyi misralar, deyimlər fikrimizcə, dünəni, dünən fəal olan informasiyanı bildirsə də, daha çox bu gündən keçmişə baxışdır, həmin informasiyanın öz mənbəyini tapmasıdır, Əli Kərimin şeirində olduğu kimi:


  • Başının üstünə bax!

  • Durna qatarıdımı?

  • Yoxsa heç nə görmədin?

  • Uçdumu, qurtardımı?

Gözlə görünmür onlar;

Keçir başımız üstdən

Günlər...

Saatlar...

Aylar...


Qarşılanmamış səhər

Nəfəs dəyməmiş gecə

Necəsən, başın üstdən

Sözsüz, xəbərsiz keçə...


Saçlarımda dünənin

Ayaq tozları qalmış.

Görən deyir, gənc deyil,

Yaşa dolub qocalmış.

Nə oldu, nə tutuldun

Tərlədin puçur-puçur?



Başının üstünə bax,

  • Köçəri günlər uçur!

Köçəri günlər uçur!


1 Əhməd Cəfəroğlu. Seçilmiş Əsərləri. Bakı Slavyan Universiteti, Filoloqun kitabxanası-100, Mütərcim - 2008, səh. 154-155.

2 Yenə orada, səh. 155.

3 Yenə orada, səh. 166.

4 Əli Kərim. Qaytar ana borcunu. Bakı....

5 Əli Kərim....

7 İmadəddin Nəsimi....

8 http://qayidish.azeriblog.com/2009/03/28/xorxe-luis-borxes-paskalin-kuresi

9 Əli Kərim....

10 Əli Kərim...

11 İmaməddin Nəsimi...

12 Əli Kərim...

13 Nəsimi....

14 Svetlana Şeina. “Ceyms Coys: söz və musiqi” –“Ceyms Coysun poeziyası”.

15 Əli Kərim

16 Əli Kərim....

17 Əli Kərim

18 Əli Kərim

19 Əli Kərim

20 Toporov...

21 P.F. Podkovırkin. “XVII əsr İspan ədəbiyyatında mübhəm və çətin üslub”

22 R.Rövşən. Kitablar kitabı


Dostları ilə paylaş:
1   2   3
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə