Qum - İslamın düşüncə və elm paytaxtı
Qum şəhəri yetmiş ildir İslam dünyasının düşüncə və elm paytaxtıdır. Mərhum Ayətullah Hairinin hicri tarixi ilə 1340-cı ildə Quma gəlişindən etibarən bu şəhər İslam və Şiə dünyasının əsas elm mərkəzinə çevrildi və mərhum Ayətullah Bürucerdinin dövründə öz zirvəsinə çatdı. O dövrlərin məhsulu Böyük İmam kimi möhtəşəm və misilsiz şəxsiyyətin meydana çıxması idi. Qumun bu parlaq keçmişi var və həmişə dövrün ehtiyacına cavab vermişdir.435
Müasir dövrdə hövzənin təbii geriliyi
Elm hövzələri müasir dövrdə təbii olaraq dövrdən bir qədər geri qaldılar. Buna görə də heç kəsi günahlandırmaq olmaz. Çünki iniqilabın baş verməsi və cəmiyyətdə bu güclü şimşəyin çaxmasından qaynaqlanan yeniliklərin sürəti hər şeyi geridə qoydu. Bizim cəmiyyətimizin ziyalıları da, universitetlərimiz də lazım olduğundan geridədir, elm hövzəsi də. Yəni bu möhtəşəm yenilik bütün ətrafına, müxtəlif səviyyələrə və çox dərinliklərə qədər təsir buraxdı. Biz bu yenilikdən geriyik. Hövzə bir qədər geridədir, lakin lazımi sürətlə və ciddiliklə bunu düzəltmək olar.436
Elm hövzəsi - canlı varlıq
Hövzə müxtəlif hissələrə malik bir tam olaraq canlı bir varlıqdır; inkişafı və xəstəliyi, hərəkəti və fəaliyyəti, dayanması və durğunluğu, həyatı və ölümü var. Canlı bir varlıqdır. Dəlili də elm hövzələrinin tarixidir. Misal üçün, altıncı əsrin sonlarından səkkizinci əsrin əvvəllərinə qədər Hillə Elm Hövzəsi rövnəqli bir hövzə idi. Xacə Nəsirəddin Tusi Hilləyə gedəndə orada böyük alimlər toplaşmışdı. Mənim yadımda olan qədərincə, orada təxminən iyirmi-iyrimi beş böyük alim vardı. Onların biri Mühəqqiq Hilli idi, biri əllamənin atası, biri “Cami əş-şəraye” kitabının müəllifi olan Yəhya ibn Səid Hilli idi və ilaxir. Bu, Hillə hövzəsi idi. Lakin Hillə hövzəsi bu gün yoxdur. Nəcəf hövzəzi bir zaman ilkin rövnəqindən sonra hərəkətsiz qaldı. Nəcəf hövzəsində məşhur alim və görkəmli şəxsiyyət yox idi. Sonra Vəhid Bəhbəhaninin şagirdləri, o cümlədən Bəhrülülum və Kaşif əl-ğita onu elə rövnəqləndirdilər ki, mənim fikrimcə, iki yüz ildir onların zəhməti Nəcəf hövzəsini inkişaf etdirir. Onların fiqhdə məharəti və işlərinin dərinliyi hövzəni aktivləşdirdi, canlandırdı və beləcə, Allaha şükür olsun ki, son dövrlərə qədər canlı qaldı.
Qum hövzəsi yox idi. Qədimdə ilkin canlanmadan sonra rövnəqsiz və zəif bir hövzə vardı. Hacı Şeyx Əbdülkərim Hairi gəldi və hövzə canlandı. Elm hövzəsi belədir.437
Dostları ilə paylaş: |