Bədii əsərin oxunması prosesində məntiqi fasilənin gözlənilməsi oxunun ifadəliliyinə, məzmunun şüurlu mənimsənilməsinə güclü təsir göstərir. Məntiqi fasilə mətindəki ayrı – ayrı sözlərin və cümlənin hissələrinin mənasından asılıdır. Cümlədəki ən mühüm sözlər məntiqi fasilə ilə ayrılır.
M.Dilbazinin “Böyüklərə hörmət et” şerindən götürülmüş bu parçada nənənə və babana sözlərindən sonra fasilə etməkdə məqsəd şagirdlərin diqqətini ailədə nənə və babanın böyük olmalarına, onlar hörmət etməyin vacib olmasına yönəltməkdir.
Şagirdlərin fasiləyə düzgün riayət etməyə alışdırmaq üçün cümlənin mənaca sıx bağlı olan sözlər qruplarına (sintaqmlara) ayırmaq lazımdır. Oxu prosesində həmin sözlər qrupunun hər biri, bir söz kimi tələffüz olunur və asanlıqla bir – birindən ayrılır. Ə.Məmmədxanlının “Buz heykəl” hekayəsində götürülmüş bir cümlənin sözlərini belə qruplaşdırmaq olar: “İndi onun yarıçılpaq vücuduna // amansız qış gecəsi // başqa bir don biçir//, şaxtanın buz barmaqları // ona ulduzlu naxışlardan // zərif bir libas toxuyur... ”
Fasilə cümlədəki söz birləşməsinin, bütövlükdə cümlənin mənasını başa düşməyə kömək edir. S.Vəliyevin “Bir səhəng su” hekayəsində şagirdlər oxuyurlar. “Azacıq uzaqlaşmışdı ki, arxadan // güllə açıldı”. Arxadan sonrakı fasilə şagirdlərin diqqətini nə isə gözlənilməz hadisənin baş verəcəyinə yönəldir.